Ağac kölgəsinə görə turistdən pul alınıbmı? - RƏY

Dövlət Turizm Agentliyi Azərbaycanda ağacın kölgəsində əyləşən ərəbdən pul alınması ilə bağlı məsələyə münasibət bildirib.

Agentliyinin nümayəndəsi Kənan Quluzadə açıqlamasında bildirib ki, görüntülərə baxan zaman məlum olur ki, həmin insan ağacın altında oturmaq üçün ərəbdən pul tələb etməyib:

"Müəyyən xidmətə görə pul tələb edib. Videodan görünür ki, turistlər masa arxasında oturduğu üçün bu, hansısa sahibkarın xidməti deməkdir. Həmin kadrda əks olunan görüntülər xidmət haqqının tələb olunmasını əks etdirir.

Bu sahədə əsas problem ondan ibarətdir ki, xidmət göstərilən yerlərdə, xüsusən regionlarda qiymətlər göstərilmir. Bu da narazılıq yaradır".

Agentlik nümayəndəsi bildirib ki, turist bir yerdə nəyisə əldə edəndə onun qiymətini əvvəlcədən bilməlidir:

"Sahibkarlar xidmətlərin qiymətini göstərməlidir. İnsan məlumatı olmadan hansısa bir xidmətdən yararlandıqdan sonra fantastik qiymət demək, fürsətcil olmaq düzgün deyil. Belə bir hal yaranan zaman irad bildirilməlidir. Onlar dövlət qurumlarına müraciət edib, hüquqlarını tələb etməlidir".

Kənan Quluzadə qeyd edib ki, agentlik tərəfindən bütün turizm obyektlərində qiymətlər göstərilməsi barədə dövlətə təklif veriləcək.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bildirib ki, insanların turistlərə qarşı bu cür hərəkət etməsinin səbəbi normal is tapa bilməməsidir:

"Təəssüflər olsun ki, insanlar normal iş tapıb, halal maaş almağın yerinə, bu cür asan yollarla pul qazanmağa çalışırlar. Bunların qarşısını almaq mümkün deyil. Vətəndaşlarımızın bu cür davranışı xoşagəlməz deyil. Bu cür hərəkət etmək ölkəmizin imicinə mənfi təsir göstərir".

Nahid Bağırov qeyd edib ki, turistlərə qarşı bu cür hərəkətlərə görə dövlət tərəfindən maarifləndirici təbliğat aparılmalıdır:

"Bəzi şeylərin qarşısını almaq çətin olur. Amma düzgün təbliğat aparılmalıdır".

www.oxu.az

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR