"Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru"

Müasir dövrdə  enerji ehtiyatları və xüsusilə də elektroenergetika bütün dünya ölkələrinin diqqətində olan məsələlərindəndir. Çünki müasir dövrdə elektroenergetika hasilatı və təminatı hər bir ölkənin  təhlkükəsizliyinin təminatında əvəzsiz rola malikdir. Azərbaycan da bu gün regionda enerji resurslarının beynəlxalq aləmə ixracı ilə yanaşı, həm də öz ölkəsinin elektroenergetika hasilatında öncül mövqedədir.

SSRİ-nin süquta uğramasından sonra  Azərbaycanın müstəqilliyinin ilk  illərində hər sahədə olduğu kimi, elektrik enerjisinin təminatında da problemlər var idi, yenicə müstəqilliyini elan etmiş ölkəmizin energetika sisteminin yenidən qurulması və elektrik enerjisinin hasilatının təmin edilməsinə zərurət var idi.

100 illik dövr

Tarixə nəzər yetirdikdə, məlum olur ki, elektrik enerjisinin hasilatı dünyada ən aktual məsələlərdən biridir, çünki enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyi qədər  vacib sahədir. Ölkəmizdə elektik energetikasının yüz ildən artıq yaşı var.  Çətin, keşməkeşli, lakin qürurverici illəri əhatə edən bu yüz il özündə  görülmüş  bir sıra vacib işləri əhatə edir. Təkcə onu demək lazımdır ki,  sözügedən 100 illik dövrün yarısı- yəni 50 ili ulu öndər Heydər Əliyevin fəaliyyət dövrünə təsadüf edir.

Ulu  öndərin republikaya rəhbərlik etdiyi sovet dövründə  Azərbaycanın elektroenergetika sisteminin inkişafına böyük diqqət ayrıldı, bir sıra önəmli işlər görüldü ki, tezliklə öz bəhrəsini verdi, bir sıra elektrik stansiyaları istifadəyə verildi.  1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində gücü 22 MVt olan "Araz" SES-inin fəaliyyətə başlaması,  1972-ci ildə  2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücünün 220 MVt-a çatdırması,  1976-1977-ci illərdə isə Sərsəng su anbarı və gücü 50 MVt olan eyniadlı su elektrik stansiyasının,  Şəmkir Su Elektrik, olan "Azərbaycan" İstilik Elektrik stansiyalarının  tikilib istifadəyə verilməsi o dövr üçün böyük əhəmiyyətli layihələr idi. SSRİ dövründə  bu sahənin inkişafına qısqanclıqla yanaşılır, hətta  belə layihələrin maliyyələşdirilməsinə çox çətinliklə vəsait ayrılırdı. Lakin ulu öndərin uzaqgörən strateji addımları Azərbaycanın hələ o dövrdən elektrik enerjisindən asılılığını azaltmağa yönəlmiş, ölkədə elektrik enerji hasilatına şərait yaratmışdı. O dövrdə söhbət düşəndə ulu öndər demişdi: "Hər bir yeni elektrik stansiyasını yaratmaq üçün Sovetlər İttifaqının dövlət büdcəsindən böyük vəsait ayırmaq, almaq lazım idi. Bunu da hər dəfə vermirdilər. Bəyan edirdilər ki, nə üçün siz yeni elektrik stansiyaları yaradırsınız, Sovetlər İttifaqının vahid elektrik enerjisi sistemi var, nə qədər istəyirsiniz, oradan elektrik enerjisi ala bilərsiniz. Ancaq biz irəliyə baxırdıq. Biz hesab edirdik, bu elə bir sahədir ki, gərək Azərbaycan burada öz müstəqilliyini, yəni asılı olmadığını təmin edə bilsin. Biz bunu təmin etdik".

1993-cü il ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbə ilə  yenidən hakimiyyətə gəlməsi ilə elektroenergetika sahəsinin inkişafında yeni mərhələ başladı. Həmin dövrdən başlayaraq, görülən işlər tezliklə bu sahədə yaranmış enerji qıtlığını  qaldırdı, ölkənin əsas sütunlarından olan elektroenergetika dirçəlməyə başladı.  Yenikənd  SES-in, Yaponiya hökumətinin uzunmüddətli güzəştli krediti hesabına "Şimal" Elektrik Stansiyasında 400 MVt gücündə buxar-qaz qurğusunun , Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankından ayrılan kredit hesabına 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli elektrik verilişi xəttinin inşası  ulu öndər Heydər Əliyevin müstəqillik dövrünün nailiyyətidir.

30-dan çox elektrik stansiya

Ümummilli liderin əsasını qoyduğu enerji müstəqilliyi siyasəti 2003-cü ildən etibarən Prezident ­İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının apardığı ardıcıl siyasi xətt və qəti addımlar nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, energetika sahəsində də böyük nailiyyətlər əldə edilib, ölkənin elektrik enerjisi sistemi yüksək inkişaf pilləsinə qədəm qoyub. Son illərdə qarşıya qoyulan əsas vəzifələr sırasında milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılması mühüm yer tutur. Bu gün Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu kifayət qədər genişlənib. Bütün bu əməkdaşlıq ölkəmizi elektrik enerjisi üzrə nəinki Qafqazın, eləcə də Yaxın və Orta Şərqin müstəqil enerji ölkəsinə çevirib.

Son illərdə ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, böyük infrastruktur layihələri icra olunub, 30-dan çox elektrik stansiyası tikilib, xeyli sayda yarımstansiya inşa edilib və yenidən qurulub, ümumi uzunluğu 10 min kilometrdən artıq elektrik verilişi xətləri çəkilib. Ölkənin hazırkı təqribən 6,5 min meqavat ümumi generasiya gücünün 3,9 min meqavatı məhz son 15 il ərzində ərsəyə gətirilib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2017-ci il ərzində Cənubi Qafqazın ən böyük enerji istehsalçısı olan "Azərenerji" ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq, etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib, elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib.

"Bu sadəcə rəqəmlər deyil"

"Azərenerji" ASC-nin sədri Etibar Piriyev bildirib ki, statistik hesablamalara əsasən  Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə 3min 500 MVt-a yaxın generasiya gücünün işə salınması ilə elektrik enerjisi istehsalı təxminən 1,8 dəfədən çox, yəni 12 milyard kilovat-saatdan 22 milyard kilovat-saatadək artırılıb: "Bu sadəcə rəqəmlər deyil, Azərbaycan iqtisadiyyatının sürətli inkişafına geniş imkanlar açan göstəricilərdir. Azərbaycan elektrik enerjisi sisteminin qonşu ölkələrin enerji sistemləri ilə əlaqəsi tam təmin olunub. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına müsbət təsir göstərib."

Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı  bildirib ki,  təmsil etdiyi qurum var gücü ilə ölkəmizin elektroenergetikası təminatında fəaliyyət göstərir: "Azərbaycan elektroenergetika sisteminin inkişaf konsepsiyası nəzərə alınmaqla uzunmüddətli və perspektiv planların hazırlanması daim diqqət mərkəzindədir. Son 15 ildə ölkə üçün strateji olan enerji bloklarını, yarımstansiyaları, Naxçıvan MR də daxil olmaqla, 11 istilik, 7 su, 5 kiçik su stansiyalarının təchiz etdiyi elektrik enerjisi ilə xalqımızın daim xidmətindədir".

Tikiləcək yeni stansiyalar

Onun sözlərinə görə,  Dövlət Proqramı çərçivəsində bütün stansiyalarda  mütəmadi olaraq, qrafik üzrə təmir-bərpa və yenidənqurma işləri aparılır və onlar yenidən istismara buraxılır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının elektriklə təminatı ilə bağlı işlər görülür.  Naxçıvan ES - 87 MVt, Naxçıvan qaz-turbin ES - 64 MVt, Araz SES - 22 MVt, Biləv SES - 22 MVt,  Vayxır KSES - 5 MVt, Arpaçay-1 SES - 20.5 MVt,  Arpaçay-2 SES 1.4 MVt,  Ordubad SES - 36 MVt  elektrik stansiyaları bu işdə mühüm rol oynayır.

Yüksək gərginlikli ötürmə şəbəkəsinə 110, 220, 330 və 500 kV gərginlikli yarımstansiyalar və ötürmə xətləri aiddir. Yüksək gərginlikli ötürmə xətlərinin ümumi uzunluğu isə 7600 km-dən artıqdır.

Enerji sisteminin operativ idarə olunması Sistemin Operatoru - Mərkəzi Dispetçer İdarəsi (MDİ) tərəfindən həyata keçirilir. 

Yəhya Babanlı  Mərkəzi Dispetçer İdarəsinin fəaliyyətindən də danışıb: "Bu idarənin  əsas məqsədi - elektrik enerjisinin istehsalının və ötürülməsinin fasiləsiz və operativ idarə olunması ilə texniki reqlamentlərin və digər normativ aktların tələblərinə uyğun respublikanın dayanıqlı və etibarlı elektrik enerjisi təchizatının, o cümlədən elektrik enerjisinin keyfiyyət göstəricilərinin təmin edilməsidir. Bundan başqa obyektlərinin texniki vəziyyətinə nəzarətin həyata keçirilməsinə, bütün təsərrüfat subyektlərinə sistem xidmətlərinin (tezliyin və gərginliyin tənzim olunması, ehtiyat gücün saxlanılması və güc balansına nəzarət, qəzanın ləğvi və s.) göstərilməsi və s.Azərbaycan enerji sisteminin dispetçer idarəetmə sistemi  -SCADA/EMS/Telekommunikasiya/Enerjinin uçotu sistemi "Elektrik enerjisinin ötürülməsi sisteminin inkişafı" layihəsi çərçivəsində 2007-2011-ci illər ərzində yerinə yetirilmişdir və MDİ-nin fəaliyyəti müasir texnoloji platforma əsasında həyata keçirilir. Uzun və şərəfli yol keçmiş "Azərenerji" ASC-nin əməkdaşları, energetiklər öz peşələrin əsadiq qalaraq, ölkəmizin bütün strateji obyektləri başda olmaqla, hər bir müəssisəni fasiləsiz elektrik enerjisi ilə təmin edirlər. Sevindirici haldır ki,  demək olar ki, Tədbirlər Planına uyğun olaraq qrafik üzrə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib. Mühüm beynəlxalq enerji və nəqliyyat layihələrinə imza atmış Azərbaycanın  elektrik enerjisi sahəsində də regionda üstün mövqeyi var. Belə ki, ölkəmiz hazırda həm də İran, Gürcüstan, Türkiyə və Rusiyaya elektrik enerjisi ixrac edir".

Yəhya Babanlı qeyd edib ki, "Azərenerji" ASC-ni ölkədə elektrik enerjisi tələbatını daha keyfiyyətli ödəmək məqsədilə elektrik stansiyalarının tikintisi davam etdirilir: Yeni stansiyalar - "Şimal ES, Lerik ES, Astara KSES, Oğuz KSES tikilməkdədir və onların da gələcəkdə istismara verilməsi fəaliyyətimizi daha da gücləndirəcək".

Ölkəyə milyonlar gətirəcək ixrac

İqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, Azərbaycan elektrik enerjisinə olan tələbatını təmin edir: "Eyni zamanda, bu məhsulu - elektrik enerjisini qonşu ölkələrə ixrac edir. Hər hansı məhsulun ixracı sayəsində iqtisadi dividentlər qazanılır. Digər ölkələrə elektrik enerjisinin ixracı iqtisadi gəlirlərlə bərabər, siyasi mənada da əhəmiyyətli hadisəyə çevirildi. Çünki elektrik enerjisini bizdən alan ölkəlr bir növ Azərbaycandan şərti asılı oldular. Müsbət mənada bu asılılıq qarşılıqlı münasibətlərin inkişafına təkar verdi".

Ekspert bildirib ki, 90-cı illərdə işğalçı Ermənistan öz ərazisindən Naxçıvan Muxtar Respublikasına gedən ən elektrik xətlərini kəsib: "Həmin vaxt Türkiyə və İrandan Naxçıvana elektrik verilişi təmin edtdi və MR-a çətin vəziyyətdən azad oldu. İndi isə Naxçıvan özü ilə bərabər, Türkiyə və İrana elektrik enerjisi ixrac edir. Fikrimcə, Azərbaycanın enerji potensialı yaxın gələcəkdə daha da artırılacaq. Bu sahənin inkişafı ölkəyə yaxşı valyuta gətirir".

Bu gün inkişaf etmiş dövlətlərin qarşısında duran ən vacib məslələrdən biri ölkələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. "Azərenerji" ASC də bu istiqamətdə dövlətin elektrik enerji ilə təmin etmək məqsədi ilə daha böyük strateji hədəflərə doğru inamla addımlayır.

Yazı "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

İlhamə Xankişiyeva

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR