Baş verən hadisənin bir tərəfində məmur peşəkarlığının aşağı olması dayanırsa...

Digər tərəfində ona göstərilmiş etimadın qarşılığındakı xəyanət durur

Mingəçevirdə İstilik Elektrik Stansiyasının bloklarının birində baş veriən qəza ölkənin enerji sistemini çökdürdü. Mövzu artıq qəza baş verən saatlardan bütün ölkə mediasının və sosial şəbəkələrin bir saylı müzakirə predmetinə çevrilib. Hər kəs bu hadisəyə qiymət verməyə çalışır. Bu da təbidir, çünki bu gün insanın az qala su içməsindən tutmuş, nəfəs almasına qədər hər şey enerjidən asılı bir durumdadır. Elektrik enerjisi olmayanda demək olar ki, həyat dayanır. Bəs ölkənin enerji sistemində birdən-birə belə ciddi qəzanın baş verməsinin səbəbləri nədir?

Sabiq maliyyə naziri, "Ekonomiks" İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov deyir ki, son 15 ildə dövlət bu sahəyə bütün başqa sahələrə göstəriləndən birbaş artıq diqqət edib desək yanılmarıq. Onun sözlərinə görə, ölkə Prezidenti bu illər ərzində enerji sisteminin inkişafını bilavasitə öz nəzarəti altında saxlayıb: "Nəticələr isə konkret danılmaz faktlarla ölçülür. Əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavat gücündə olan 9 elektrik stansiyası olubsa, 2004-2017-ci illər ərzində yeni və müasir, generasiya gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib istifadəyə verilibdir. Bu, Sovetlər dönəmi də daxil olmaqla 2004-cü ilə qədərki 84 il ərzində mövcud olmuş elektrik stansiyalarının generasiya gücünün 64 faiz artırılması deməkdir və cari ildə hökumət həmin artımın 74 faizə çatdırılmasını hədəfləyir. Biz indi nəinki ölkəmizin elektrik enerjisinə olan tələbatını tam ödəyirik, hətta bu enerjinin təlabatımızdan artıq ola bilən hissəsini ixrac da edirik.  Bəs enerji sisteminin bu qədər uğurla inkişaf etdiyi bir dönəmdə belə bir fəlakət necə baş verə bildi? Kimdir bunu edənlər? Kimdir günahkarlar? Təbi ki, bütün günahkarlar aşkar ediləcəkdir və heç şübhəsiz onlar ciddi cəzalandırılacaqlar. Ancaq iqtisadiyyata dəymiş milyonlarla manat zərəri kim qaytaracaq? İnsanların keçirdiyi mənəvi sarsıntını kim bərpa edəcək?"  Fikrət Yusifovun sözlərinə görə, baş verən hadisənin bir tərəfində məmur peşəkarlığının aşağı olması dayanırsa, digər tərəfində ona göstərilmiş etimadın qarşılığındakı xəyanət durur: "Bu xəyanətin kökündə isə tamahkarlığın bic övladı olan rüşvət və koorrupsiya dayanır. Son illər ərzində Azərenerji ASC fəaliyyəti ən çox tənqid olunan təşkilatlar sırasındadır. Sahəyə hər il yüz milyonlarla vəsait ayrılmasına və dövlət zəmanəti ilə xaricdən kreditlər alınmasına, enerji qiymətlərinin artırılmasına baxmayaraq, Azərenerji ASC 2017-ci illik fəaliyyətini 2016-cı ildəkindən daha böyük ziyanla başa vurub. Bu necə ola bilər? Burada ciddi araşdırmaya ehtiyac var. Belə araşdırma aparılarsa, bu halda Mingəçevirdə ölkənin enerji sistemini çökdürən qəzanın əsil səbəbləri də ortaya çıxacaq. Hesab edirəm ki, Azərenerji ASC-nin bir neçə illik maliyyə-təsərrüfat fəaliyyəti dərindən təftiş edilməlidir. Bu təftişin başlıca vəzifələrindən biri isə istehsal olunan elektrik enerjisinin maya dəyərinin detallarla araşdırılması olmalıdır. Bax, onda sahənin hansı səbəblərdən ziyanla işləməsi aşkara çıxarılacaqdır. Heç şübhə etmirəm ki, ASC-nin ziyanla işləməsinin kökündə istehsal olunan elektrik enerjisinin maya dəyərinə kifayət qədər böyük məbləğlərlə ölçülən lüzumsuz xərclərin daxil edilməsi dayanır. Bu xərclərin elektrik enerjisinin maya dəyərinə daxil edilməsi fəaliyyətini mənfəətlə başa vurmalı olan Azərenerji ASC-də yüz milyonlarla manat zərər əmələ gətirir". Sabiq nazir deyib ki, ölkənin enerji sisteminin bu vəziyyətə düşməsinin bilavasitə günahkarı məhz sahəyə başçılıq edən admdır: "Bunun alternativi yoxdur. Bir sahənin başında oturan məmur əməllərinə görə özünə hesabat verməyi bacarmırsa, rüşvətxorluq və koorrupsiya kimi murdarlıqlara qol qoyursa, deməli o xəyanət edir. Hesab edirəm ki, belə xəyanətkarlar vəzifədən azad edilməklə canlarını qurtarmamalıdırlar. Yoxlama və araşdırmalarla onların öğurladığı milyonlar dövlətə qaytarılmalı, özləri isə əməllərinə görə qanun qarşısında cavab verməlidirlər, əks halda xəyanət etmək bacarığında olan bu pullu adamcıqların oğurladıqları pulların səsi bir müddətdən sonra Avropadan hakimiyyəti təhqir edən orduxanların, turalların və nə bilim daha kimlərin yanından gələcəkdir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR