Ölkədə alternativ enerji sistemi yaradılmalıdır

Deputat: "Hesab edirəm ki, prezident İlham Əliyevin verdiyi tapşırıqlar tezliklə həyata keçiriləcək"

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.Mingəçevir İES-də baş verən hadisə ilə bağlı  Energetika Nazirliyi və "Azərenerji" ASC-nin  birgə rəsmi məlumatında bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib. Prezident baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyası yaradıb. Ardınca prezident İlham Əliyevin yanında  ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirilib. Dövlət başçısı yaradılan komissiyanın üzvləri ciddi işləməlidirlər: "Bəziləri qəzanı isti hava ilə bağlayırlar. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir və baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi yumşaq desək, böyük səhvdir". Dövlət başçısı qeyd edib ki, indi bizim kifayət qədər enerji gücümüz var: "Mən bunu giriş sözümdə qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisini ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb və siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin burada deyilən ziyanını hesablasaq, məlum olur ki, ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsait ayrılıb. İndi yeni elektrik stansiyaları tikilir. Şimal-2 elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Siz bunun izahatını verməlisiniz. İndi havaların isti keçməsi, istehlakın artması barədə verilən məlumat məni qətiyyən qane edə bilməz".

Millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, həqiqətən də Mingəçevirdə baş vermiş hadisədə müəyyən çatışmazlıqlar, nöqsanlar olub. Hazırda hadisənin başvermə səbəbləri ölkə başçısının sərəncamı ilə yaradılan  Dövlət Komissiyası tərəfindən araşdırılır. Bu hadisəyə görə kimlər nöqsanlara yol veriblərsə, cəzalarını da alacaqlar. Komitə sədri bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza nəticəsində insanlara çoxlu mənəvi zərər dəyib: "İnsanlar metroda, liftdə qalıblar. Belə çıxır ki, hadisə baş verəndən sonra xəstəxanalarda alternativ enerji sistemi olmayıb. Biz xaricə enerji ixrac edirik. Amma özümüzdə belə hallar baş verir. Əlbəttə, bu hadisədir, ola bilər. Heç bir ölkə təbii fəlakətdən, qəzadan sığortalanmayıb. Ancaq qəza baş verən zaman alternativ vasitələr qoşulmalıydı. İşığın verilməsində fasilə olmamalıydı. Lakin təəssüflər olsun ki, bizdə belə bir hal yaşandı. Cənab prezident də dərhal hadisəyə reaksiya verdi. Müşavirədə öz tapşırıqlarını verdi və kəskin çıxış etdi". Deputat deyib ki, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar ölkədə böyük zavodlara xeyli ziyan dəyib: "Bütün bunların qarşısını almaq üçün bu sahədə çalışan şəxslərin məsuliyyəti artmalıdıdr. Bilməlidrlər ki, çalışdıqları vəzifədə onlardan məsuliyyətli olmaq tələb edilir. Bir vaxtlar deyirdilər ki, su yoxdursa, həyat da yoxdur. Ancaq bu gün işıq yoxdursa, su da, həyat da yoxdur. Ona görə də bu sahəyə diqqət olmalıdır. Əsaslı surətdə alternativ enerji sistemi olmalıdır. Hesab edirəm ki, tezliklə prezident İlham Əliyevin verdiyi tapşırıqlar həyata keçiriləcək. Beləliklə də  bu sahədə nöqsanlara bir daha yol verilməyəcək". E.İbrahimov qeyd edib ki, Prezident İlham Əliyev müşavirədə çox doğru buyurdu ki, "bəziləri qəzanın baş vermə səbəbini isti hava ilə bağlayırlar. Ancaq bu, qəzanın səbəbi ola bilməz. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür": "Həqiqətən də belədir. Çünki bizdən də isti ölkələr var. Onda Dubayda, ərəb ölkələrində işıq keçməlidir? Bu duğrudan da Mingəçevirdə baş vermiş hadisənin səbəbi deyil. Demək bizim dayanıqlı enerji təsərrüfatımız yoxdu da. Ay istidən oldu, filandan oldu... İstinin bura nə dəxli var? Sabah da qış soyuq keçəndə deyəcəklər ki, soyuqdan oldu? Bunlar inandırıcı fikirlər deyil. Prezident də çox düzgün olaraq bunu bildirdi. Bu adamlar ölkə başçısının iradlarından çox ciddi nəticə çıxarmalıdırlar. Əsas məsələ odur ki, hazırda komissiya hadisə ilə bağlı araşıdrma aparır. Araşdırmadan sonra məlum olacaq ki, bu məsələdə kimin nə dərəcə günahı var. Həmin araşdırmadan sonra da müəyyən tədbirlər həyata keçiriləcək". Digər millət vəkili Tahir Rzayev isə bildirib ki, ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirə çox vacib və tarixi bir müşavirə idi: "Ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi belə bir müşavirənin keçirilməsi Azərbaycan xalqının, hər birimizin ürəyindən oldu. Çünki burada ölkəni, insanları narahat edən məsələlər müzakirə olundu, dövlət başçısı tərəfindən vacib mesajlar səsləndirildi, ciddi iradlar bildirildi, aidiyyatı qurumlara və məsul şəxslərə həyata keçirilməsi tez bir zamanda tələb olunan ciddi tapşırıqlar verildi". Millət vəkili  qeyd edib, ölkənin enerji sistemində yaranmış vəziyyət, yəni, iyulun 2-dən 3-nə keçən baş verənlər və ondan sonra iki gün ərzində yaşananlar bütövlükdə hərtərəfli araşdırma tələb edirdi. Artıq dövlət başçsısın sərıncamı ilə yaradılmış Dövlət Komisiyası, son müşavirədə səslənənlər bu istiqamətdə araşdırma aparılmasını daha da sürətləndirəcək, qısa zaman ərzində də təqsirkarlar müəyyənləşdiriləcək və cəzalandırılacaq: "Yəni, dövlət başçısı bir daha öz iradəsini və sərt mövqeyini ortaya qoyaraq, bəhanələrə yol verilməyəcəyini, öz işinə məsuliyyətsiz yanaşanlara güzəştsiz mövqe sərgilənəcəyini nümayiş etdirdi. Cənab prezident bir daha onu əyani şəkildə göstərmiş oldu ki, fəaliyyətinin baş xətti, baş istiqaməti Azərbaycan xalqının bütün məsələlərdə təhlükəsizliyinin, rifahının təmin olunmasıdır. Bu məsələdə də məsuliyyətsiz, səhlənkar davrananlara artıq güzəşt, daha doğrusu, onlara bu komanda da yer olmayacaq. İnanıram ki, artıq hər kəs, xüsusilə, ünvanına irad səslənən məsul şəxslər cənab prezidentin bu açıq-aşkar mesajlarından nəticə çıxaracaq, dərs alacaq və öz işlərində məsuliyyətli olacaqlar".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR