Regional proqramlar Ucarda kənd təsərrüfatının inkişafına zəmin yaradıb

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində uğurla icra edilir. Məhz bu proqramlar çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində regionlar üzrə spesifik sahələr inkişaf etdirilir.

Aran iqtisadi zonasına daxil olan Ucar rayonu əsasən kənd təsərrüfatı rayonu kimi tanındığından qeyd edilən proqramlar çərçivəsində görülən işlər, atılan addımların nəticəsi olaraq Ucarda kənd təsərrüfatının inkişafına müsbət dinamika qeydə alınıb.

Qeyd etdiyimiz kimi Ucar rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, tərəvəzçilik aparıcı rol oynayır. Bununla yanaşı təsərrüfatlarda kartof və bostan məhsulları da istehsal olunur. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi ümumi ərazinin 45,0 faizini təşkil edir.

Məhz regional dövlət proqramlarının uğurlu icrası nəticəsində ötən illərdə Ucarda kənd təsərrüfatının ayrı-ayrı istiqamətləri üzrə artım, inkişaf qeydə alınıb. Belə ki, rayonda 2015-ci ildə tərəvəz və üzüm istehsalı istisna olmaqla, digər növ kənd təsərrüfatı məhsulları istehsalı sahəsində artıma nail olunub. Təkcə 2016-cı ildə diri çəkidə 5029 ton ət, 38788 ton süd, 20020 min ədəd yumurta, 72,4 ton yun, 0,762  kq  bal istehsal olunub. 2015-ci illə müqayisədə ət istehsalı 0,1 faiz, süd istehsalı 0,02 faiz, yumurta istehsalı 0,04 faiz, yun istehsalı 0,4 faiz artıb. Rayonunun təsərrüfatlarında 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 59072 baş iri buynuzlu mal-qara, o cümlədən 33182 baş inək və camış, 55015 baş qoyun və keçi mövcud olub.

"Azərbaycan Respublikası Regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər)" üzrə nəzərdə tutulmuş tədbirlərin ardıcıl surətdə uğurla həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının bazarlara sərbəst çıxarılmasını təmin etmək məqsədilə satış yarmarkalarının təşkil edilməsi, sahibkarlığın inkişafına Dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi təsərrüfatlarda əkinə marağı daha da artırıb.

Ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişi ilə pambıq əkininə geniş yer verilib və rayonda 510 hektar sahədə pambıq əkilib. Ötən illərdə pambıq əkininə optimal əkin müddətindən gec başlanması, aqrotexniki tədbirlərin aparılmasında texnika və mexanizimlərin çatışmaması, yığım zamanı havaların yağmurlu keçməsi, oktyabr, noyabr aylarında yağıntının normadan bir neçə dəfə artıq olması səbəbindən məhsuldarlıq az olub, istənilən nəticə əldə olunmayıb. Əvvəlki mənfi təcrübə ilə üzləşməmək üçün pambıqçılığın genişləndirilməsinə diqqət daha da artırılıb, 2500 ha sahədə pambıq əkilməsi üçün 117 nəfər  torpaq mülkiyyətçisi və  fermer tərəfindən  pambıqtəmizləmə zavodları ilə müqavilə bağlanıb. Artıq  2000 hektardan yuxarı sahədə şum aparılıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin təhvil verilmiş pambığın hər tonuna görə 100,0 manat subsidiyanın verilməsi barədə Sərəncamı bu sahəyə  xüsusi diqqət göstərməklə kənd təsərrüfatı sahəsində irəliyə doğru bir addım olub.

Ötən il Respublika Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq baramaçılığın inkişafına Ucar rayonunda da diqqət artırılıb, rayon üzrə 1490 kq barama tədarük olunub. Bu sahənin inkişaf etdirilməsi üçün  rayonun kəndlərində 70 min ədəd tut tingi əkilib ki,  bununda 55 min ədədi  xaricdən gətirilmiş tinglər olub.

Ölkə Prezidentinin  "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq il ərzində əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi çərçivəsində rayon üzrə 7 min 29 nəfərə  14 min 918 hektar əkin sahəsi üçün  880 min 74 manat vəsaitin plastik kart vasitəsi ilə ödənilməsi təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişi ilə kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən bağışlanması və satılmış texnika ilə bağlı yaranmış borcların eyni hissəsinin dövlət hesabına silinməsinə, habelə güzəştli şərtlərlə satılan mineral gübrələrin həcminin 50 manatdan 80 manata qədər artırılmasına və mineral gübrənin satış qiymətinə tətbiq edilən güzəştin həcminin 50 faizdən 70 faizə qədər yüksəldilməsinə qərar verilməsi kənd təsərrüfatı ilə məşğul olan aqrar sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu güzəştlər rayonda lizinq yolu ilə sahibkara satılmış kombayn, traktor, maşın və mexanizmlər, kənd təsərrüfatı alətlərinin alınmasına tətbiq edilib. 

Qeyd etmək lazımdır ki,  rayon üzrə lizinq yolu ilə texnika və aqreqat almış 210 sahibkardan 81 nəfərinin 251 texnika və aqreqatına 40 faiz güzəşt olunub,  37 nəfərin 79 texnika və aqreqatı onların mülkiyyətinə verilib. Satılmış 256 ton gübrə üçün 122 min 152 manat vəsait dövlət tərəfindən bağışlanılıb.

Rayonda iri və xırda buynuzlu heyvanlara baytarlıq xidmətinin yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülüb, xəstəliklərə qarşı mübarizə gücləndirilib, rayonda heyvanlar arasında heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlər davam etdirilib, il ərzində 493 baş iri buynuzlu heyvan süni yolla mayalandırılıb, 262 baş cins bala alınıb. İl ərzində mal-qaranın baş sayı  artaraq 114 min 87   başa çatdırılıb. Ümumilikdə  rayonun təsərrüfatlarında 5 min  29 ton ət, 38 min 788 ton süd, 20 milyon 20 min ədəd yumurta istehsal olunub ki, buda əvvəlki ildəkindən çoxdur. Bundan başqa 11 min 701 hektar taxıl sahəsindən  29 min    414 ton məhsul toplanıb ki, bu da əvvəlki illə müqayisədə 238 ton çox olmaqla hər hektardan məhsuldarlıq 25,0 sentner olub.

Məlum olduğu kimi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" üzrə nəzərdə tutulmuş tədbirlərdən biri də sənaye üsulu ilə quş əti və yumurta istehsalının artırılması, respublika əhalisinin quşçuluq məhsullarına olan tələbatının bütövlükdə yerli istehsal hesabına ödənilməsi məqsədi ilə quşçuluğun kompleks inkişafının təmin edilməsidir.

Dövlət Proqramlarının icrası çərçivəsində rayon ərazisində istifadəyə  verilmiş "Garant Aqro" MMC-yə məxsus Quşçuluq Sənaye Kompleksinin quş əti emalı müəssisəsi və  quş yetişdirmə fabriki öz fəaliyyətini  davam etdirib. Dünyada gedən proseslərə uyğun yaranmış böhran respublikamızda olduğu kimi rayonun iqtisadiyyatına da öz təsirini göstərib, ümumi məhsul buraxılışında geriləmə müşahidə olunub, bununla belə rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 11,1 faiz artıb. Uzun müddət fəaliyyətsizlikdən sonra "Ucar-Pambıq" ASC-nin fəaliyyəti bərpa olunub, əvvəlki illə müqayisədə 146 yeni iş yeri açılıb.

Sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə il  ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 7 sahibkara 37,0 min manat dövlətin güzəştli krediti verilib və bu güzəştli kredit hesabına 34 yeni iş yeri yaradılıb və verilən kreditlər kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası müddətində Ucar rayonu ərazisində layihələr əsasında Aqroparkların tikintisinə başlanıb, "Qarant-Aqro" MMC-nin 4 min hektar torpaq sahəsi olmaqla həmin ərazidə inzibati bina, yer anbarı, texnika üçün talvarlar, 500 başlıq 4 ədəd tövlə, 1000 tonluq anbar tikilib, 1000 baş xırdabuynuzlu, 120 baş iribuynuzlu mal alınıb, əraziyə 2 km-dən işıq xətti çəkilib, 100 kv-luq transformator quraşdırılıb, 5,0 km-dən su kanalı və 17,0 km sahədaxili suvarma kanalları çəkilib. Ötən İlin payızında 907,0 ha sahədə buğda, 310,0 ha sahədə arpa əkilib.

Fiziki şəxsə məxsus digər Aqroparkın 2100,0 hektar sahəsi olmaqla 400 başlıq tövlənin, inzibati binanın, buzovxananın ,yem anbarının,1000  tonluq su anbarının, 3 ədəd 150 tonluq  silos quyularının  tikintilərinin bəziləri başa çatıb, digərlərində son tamamlama işləri gedir. Aqroparka 23 ədəd texnika alınıb, damazlıq camışların və avadanlıqların lizinq yolu ilə gətirilməsinə sifariş verilib. Ərazidə 1450,0 hektar sahədə taxıl əkilib. 2017-ci ildə çəltik istehsalı sahəsində yüksək məhsuldarlığa nail olduğuna görə rayonun Şahlıq kənd sakini Əzizov Ağahüseyn Həsənalı oğlu Ölkə Prezidentinin Sərəncamı ilə II dərəcəli "Əmək" ordeni ilə təltif olunub və həmin orden ona təqdim edilib.

Mühüm strateji məhsul olan taxılçılıqda da uğurlu nəticələr qazanılıb. Belə ki, 11 min 986 hektar sahədən 26 min 966 ton məhsul götürülüb.

Rayonda aqrar sektorun əsas sahələrindən olan heyvandarlıqda da nəticələr diqqətə layiqdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, möhkəm yem bazasının yaradılması, xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılması diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR