Avropanın enerji təminatında Azərbaycanın xüsusi çəkisi artır

Yunus Oğuz: "TANAP həm də enerji təhlükəsiliyi layihəsidir"

"Avropanın enerji təminatında Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə artmaqdadır. Çünki Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, bunları hasil edən dövlətdir". Bunu deyən "Olaylar" İnformasiya Agentliyi və "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzun sözlərinə görə, TANAP layihəsinin reallaşması bu faktı bir daha təsdiq etmiş oldu: " Məlum olduğu kimi TANAP layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqlini nəzərdə tutur: "Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən enerji layihələri nəticəsində neft və qaz hasilatının artımı nəzərdə tutulur. Bu isə regionun və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunun daha da artacağını göstərir. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda Azərbaycanın təbii qazının bu bazarlara nəqli xüsusilə böyük əhəmiyyət kəsb edir". Onun sözlərinə görə, TANAP layihəsinin reallaşması Azərbaycanla qardaş Türkiyə arasında strateji əməkdaşlığı daha da genişləndirəcək: "Şahdəniz-2"dən əldə olunan qazın ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropa ölkələrinə satılacaq. Azərbaycan qazını Avropaya aparan yollar da məhz Türkiyədən keçəcək. Azərbaycanla Avropa arasında körpü yaratmaq rolu məhz TANAP-ın  və Trans-Anadolu Qaz Boru Kəmərinin üzərinə düşür". Y.Oğuz əlavə edib ki, TANAP eyni zamanda, Türkiyə-Azərbaycan birliyini Avrasiya üçün önəmli amilə çevirib: "Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Bu baxımdan demək olar ki, TANAP həm də enerji təhlükəsiliyi layihəsidir. Məlum olduğu kimi mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malik olmaqla bərabər, həm də Asiya ilə Avropa arasında təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir vaxtda nəqliyyat, təhlükəsiz enerji dəhlizləri çox mühüm əhəmiyyət daşıyır. Buna görə də Azərbaycanın regionun ən mühüm dövlətinə çevrilməsi təbiidir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR