Vüqar Rəhimzadə: "Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır"

"İyunun 12-də Azərbaycan dünya enerji tarixində daha bir möhtəşəm uğura imza atdı. Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin rəsmi açılış mərasimi keçirildi. Bu tarixi hadisə həm Azərbaycan-Türkiyə dostluq və qardaşlığının ən yüksək səviyyəyə çatdığını, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaşa çevrildiyini nümayiş etdirir. TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı ölkələrimiz, bölgəmiz və Avrasiya üçün önəmlidir. "Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir" deyən dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, iki qardaş ölkə XXI əsrin enerji tarixini birlikdə yazır". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bizim təşəbbüsümüzlə həyata keçirilən regional və qlobal layihələr uzaqgörən və düşünülmüş siyasətin, güclü siyasi iradənin nəticəsində mümkün olub: "Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" çoxlarına əfsanə kimi görünsə də, uğurla reallaşdırıldı. Bu tarixi sənədin bəhrəsi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri açıldı. Təbii ki, bu uzaqgörən siyasət davam etdirildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi iradəsi nəticəsində 2014-cü ildə XXI əsrin layihəsi adlandırılan "Cənub Qaz Dəhlizi"nin təməli qoyuldu, bu günlərdə isə bu meqalayihənin təntənəli sürətdə açılış mərasimi keçirildi. "Cənub Qaz Dəhlizi"nin əsas seqmenti olan TANAP-ın istifadəyə verilməsi isə bu möhtəşəm uğurların davamıdır".

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, bu gün Azərbaycan və Türkiyənin birgə səyləri regionda inkişafa, sülh və təhlükəsizliyə mühüm töhfələr verir: "TANAP-ın istifadəyə verilməsi Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti zəfəridir. TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirib ki, bu gün bu tarixi gündə də biz birlikdəyik. "Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır" deyən dövlətimizin başçısı dünyaya mühüm mesajlar verib. Sözsüz ki, bu bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə dost, qardaş ölkə olmaqla yanaşı, strateji müttəfiqdirlər və bütün məsələlərdə, bütün sferalarda bir-birilərini dəstəkləyirlər. Bu mənada Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR