FED-in uçot dərəcəsini artırması manata necə təsir edəcək?

Elman Rüstəmov: "Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur"

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclasında  FED uçot dərəcəsini qaldırıb. Belə ki, gözlənildiyi kimi uçot dərəcəsi 0,25 faiz artırılaraq 1,75 - 2 səviyyəsinə yüksəldilib. Bu, cari il ərzində ikinci faiz artımı olub. Bundan əvvəl martın 21-də uçot dərəcəsi 1,5 - 1,75 səviyyəsinə qaldırılmışdı. 2 mayda isə bu göstərici sabit saxlanılmışdı. İyunun 14-də isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 11 faizdən 10 faizə, faiz dəhlizinin aşağ-yuxarı həddinin +-2 faiz səviyyəsində olması barədə qərar qəbul edib. FED-in uçot dərəcəsini artırması Azərbaycan manatına necə təsir edəcək? Azərbaycanda dolların bahalaşması müşahidə oluna bilərmi? Manat dəyərini stabil saxlaya biləcəkmi?

Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, 2018-ci ilin sonuna Azərbaycanda  inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır:"Ötən beş ayda orta inflyasiya 3,2 faiz olub. Tədiyyə balansının yaxşılaşması davam edib. ÜDM-in 15,4 faiz səviyyəsinə profisit formalaşıb. Beş ayda ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. Əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin artmasına səbəb olub. İlin sonuna da ticarət balansının əlverişli olacağı gözlənilir. İqtisadi aktivlikdə başlamış müsbət dinamika da davam edib. Monetar şəraitin yüksəldilməsi tarazlı makroiqtisadi sabitlikdə balansın yaranmasına xidmət edib. Ötən müddətdə pul bazasına artmasına təsir göstərən monetar siyasət yürüdülüb. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz olub". Baş bankir həmçinin deyib ki,  Azərbaycanda kredit faizləri ilə bağlı vəziyyət mürəkkəbdir: "Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır. Kreditlərə olan tələb və təklif nisbətini müəyyən edlməlidir. Mən burada sağlam tələb və təklifi nəzərdə tuturam. Bilirsiniz ki, bank sektoru kredit verəndə risklərini qiymətləndirmək istəyir. Makroiqtisadi sabitlik siyasəti, monetar şəraitin normallaşdırılması tədbirləri davam etdiriləcək. Müvafiq qurumlarla birlikdə kreditlərin eko sistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq. Bundan sonra yaxın gələcəkdə biz kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması, xüsusilə bazarın təklif etdiyi ipoteka kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə düşməsindən daşına bilərik. Bunun üçün çox işlər görməliyik".

Baş bankir bəyan edib ki, Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur. .Bu il neftin orta qiymətinin 70 dollar təşkil etdiyini deyən E.Rüstəmov bildirib ki, bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30% yüksəkdir: "Neftin qiymətinin yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına səbəb oldu. Nəticədə strateji valyuta ehtiyatları 2,1 milyard dollar artdı. Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli valyuta təklifi tələbdən yüksəkdir. Həmişə bu balansa diqqət yetirmək lazımdır. Milli valyutanın məzənnəsi heç də həmişə Azərbaycan Mərkəzi Bankının hədəfi olmur. Bizim əsas hədəfimiz inflyasiyadır. Düzdür, məzənnədə hədəflərdəndir. Amma məzənnənin inflyasiyaya təsiri əsas hədəflərdəndir".

Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədovun sözlərinə görə, FED uçot dərəcəsini qaldıran kimi dərhal ajiotaj yaranır: "Hamımız fikirləşirik ki, manat öz dəyərini itirəcək. Manatın dəyərini itirib-itirməməsinə  təsir edən başqa amillər var. Birinci hal  neftin qiyməti ilə bağlıdır. Hazırda neftin qiymətində ciddi azalmalar müşahidə olunmur. Yaxın vaxtlar üçün azalma gözlənilsə də, hələlik elə bir hal hiss etmirik. Düzdü, dünən Amerika prezidenti Donald Tramp  neftin qiymətinin çox yüksək olması ilə bağlı bəyanat verib.  Səudiyyə Ərəbistanına təsir etmə imkanları var. Ola bilsin ki, təsir etsin. Bugünkü reallıqda isə neftin qiyməti təxminən 70 dollardan yuxarıdır. İkinci hal idxal-ixrac əməliyyatları ilə bağlıdır. Azərbaycanda 4 ayın yekununa görə,  idxal-ixrac əməliyyatları təxminən 2,7 milyard müsbət saldo olub. Bu, çox müsbət haldır. Üçüncü hal isə odur ki,  Mərkəzi Bank pul kütləsinə  nəzarət mexanizmini daha da genişləndirib. Ciddi nəzarətə götürüb. Ehtiyatımız təxminən 43-44 milyard dollara yaxındır". Deputat əlavə edib ki, FED-in uçot dərəcəsini artırmasına baxmayaraq, milli valyutamızı təhlükə gözləmir: "Gözlətilərim odur ki, bu il milli valyutamız ətrafında ciddi nəsə baş verməyəcək.  Milli valyutamız hələlik sabit saxlanılacaq".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR