Türkiyə-Azərbaycan birliyi Avrasiya üçün önəmli amildir

 İlham Əliyev: "Həyata keçirilən layihələrin arxasında düşünülmüş siyasət və güclü iradə dayanır"

İqtisadi ekspertlər  növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq. Belə bir şəraitdə TANAP Avropa və region ölkələr üçün hansı rolu oynaya bilər?  Əvvala qeyd edək ki, istifadəyə verilmiş Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə həm müsbət təsir göstərəcək, həm də onun Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 20 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, "Abşeron" yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan daxili şəbəkə ilə Azərbaycan mavi qazını idxal edəcək. Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Lakin Azərbaycan üçün əsas faktorlardan biri ondan ibarətdir ki, qardaş Türkiyə sözügedən layihədən nə dərəcədə faydalanacaq. Prezident İlham Əliyev TANAP layihəsinin Türkiyədə təşkil olunan açılış mərasimində qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir: "Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin qardaş Azərbaycandan daha çox neft və qaz almaq istədiyini açıqlayıb. Bildirib ki, yenicə istifadəyə verilmiş TANAP buna əlverişli imkan yaradır. Türkiyə və Azərbaycanın bir sıra ortaq layihələr həyata keçirdiyini qeyd edən nazir TANAP-ın belə mühüm layihələrdən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, ötən ilin sonunda Bakı-Tbilisi-Qars layihəsinin açılışı oldu. Bu da böyük ortaq layihəmizdir. Bizim nəqliyyat layihələrində güclü iş birliyimiz var. Tarixi İpək yolunu dəmir yolu vasitəsilə yenidən həyata keçiririk. Mövlud Çavuşoğlu vurğulayıb ki, Azərbaycanda hər sahədə inkişaf gedir: "Ölkələrimiz qarşılıqlı şəkildə investisiyalar yatırırlar. Bizim bütün sahələrdə yaxın əməkdaşlığımız var. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim birimizin sabitliyi və əmin-amanlığı, digərimizin sabitliyi və əmin-amanlığıdır. Qarabağ məsələsi təkcə Azərbaycanın məsələsi deyil. Azərbaycanın torpaqlarının işğalı bizim də problemimizdir".

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, adı TANAP Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək. Bununla da Azərbaycan artıq öz qazını birbaşa Rusiyadan kənar Avropa bazarına çıxara biləcək: "Cənub Qaz Dəhlizin reallaşmasından qazanan tərəflər həmçinin qonşu Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla, TAP-a da "ev sahibliyi" edəcək, ölkənin bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı yaranacaq. Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 40 milyard dollar sərmayənin yarıdan çoxu Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldilib. İlkin qiymətləndirmələrə əsasən, ölkəmizin "Şahdəniz" yatağının birinci və ikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 100 milyard dollardan çox olacaq".

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü  Məlahət İbrahimqızı deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır.  Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir. M.İbrahimqızı bildirib ki,  gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şübhəsizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək: "TANAP layihəsinin açılış mərasimi keçirildi. Bu, Cənub Qaz Dəhlizinin bir hissəsidir.  Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Mübaliğəsiz demək mümkündür ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə, regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfə olacaq. Eyni zamanda, mənbələrin və marşrutların şaxələndirilməsi Avropanın istehlakçı ölkələri üçün də strateji önəm daşıyır. Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə  imkan yaradacaq. Bütün bunlar Azərbaycan beynəlxalq müstəvidə önəmini daha da artırır".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR