“Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq və işbirliyi formatı yaratdı”

İlham Əliyev: "Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun"

Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimin keçirilməsi, kəmərin işə çalınması böyük tarixi hadisədir. Bu, Azərbaycanın iştirakı və dəstəyi ilə reallaşdırılan növbəti nəhəng layihədir. Bununla Azərbaycan daha bir tarixi, iqtisadi, siyasi uğuruna imza atdı, nəinki regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinə özünün növbəti töhfəsini vermiş oldu. Xatırladaq ki, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan qlobal layihələrdən - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP-ın da istifadəyə verilməsi bölgənin taleyini dəyişdirəcək əhəmiyyətli hadisə adlandırılır. Cənub Qaz Dəhlizinin önəmli bir hissəsini təşkil edən TANAP-ın çəkilməsi ilə bağlı müqavilə 2012-ci ildə imzalanıb. Qaz boru kəmərinin təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə qoyulub. Hələ təməlqoyma mərasimində TANAP-ın əhəmiyyəti barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdi:"Bizim bu günə qədər Türkiyə və Gürcüstanla bərabər təşəbbüs kimi irəli sürdüyümüz bütün layihələr uğurla nəticələndi - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars da uğurla nəticələnir. Ona görə də məndə heç bir şübhə yoxdur ki, "Cənub Qaz Dəhlizi" və onun önəmli hissəsi olan TANAP da uğurla nəticələnəcək. Bu, şaxələndirmə layihəsidir. Avropaya və Türkiyəyə yeni mənbədən böyük həcmdə əlavə qaz nəql ediləcəkdir. Hazırda Avropa üçün yeganə mövcud olan yeni qaz mənbəyi "Şahdəniz" qazıdır, Azərbaycan qazıdır". Qeyd edək ki, ilkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Azərbaycan prezidenti TANAP layihəsinin açılış mərasimində qeyd edib ki, Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir: "Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun".

Millt vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov TANAP-ın təntənəli açılış mərasimi, bütövlükdə bu layihəni yüksək qiymətləndirdiyini qeyd edərək, bildirib ki, bu, Azərbaycan üçün, həmçinin Avropa dövlətləri üçün də çox önəmli layihədir. V. Əhmədov deyib ki, TANAP 2020-ci ildə tam istifadəyə veriləndə bu kəmər vasitəsilə 31 milyard kubmetrə yaxın qaz ixrac olunacaq: "Ölkə prezidentinin də açılış mərasimində bildirdiyi kimi, TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq çox sevindiricidir ki, Azərbaycanla Türkiyə birlikdə bu işi çox böyük müvəffəqiyyətlə icra etdilər. Bütövlükdə TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. Qeyd edim ki, TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Bir sözlə, Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir".

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, TANAP-ın açılışı Azərbaycanın növbəti dəfə Avropaya və dünyaya açılışıdır: "Azərbaycan bu günə qədər bir çox tarixi açılışlar edib və bununla da Avropaya, dünyaya açılıb, inteqarasiya edib, TANAP-la da bir daha dünyaya açıldı, səmimi və əməli inteqrasiya, əməkdaşlıq, tərəfdaşlıq niyyətlərini, addımlarını ortaya qoydu. Azərbaycan bir daha nümayiş etdirmiş və sübut etmiş oldu ki, nəinki yerləşdiyi coğrafi məkanda-Cənubi Qafqazda, bütövlükdə Avropada və dünyada lider, söz və nüfuz sahibi olan qüdrətli dövlətlərdən biridir. Azərbaycanın iştirakı və rizası olmadan burada heç bir layihə reallaşdırıla və icra edilə bilməz. Azərbaycanın iştirakı olmadan Avropanın və dünyanın enerji təhlükəsizliyini də tam təmin etmək mümkün deyil. Odur ki, Avropa, eləcə də, dünya Azərbaycanın bir daha lazımlılığını və gərəkliliyini anladı, dərk etdi. Bunlar hər birisi isə bizim fəxr, iftixar mənbəyimizdir. Fəxr və qürür hissi keçiririk ki, Azərbaycanın belə günlərinə, tarixi zəfərlərinə canlı şahidlik edirik. Eyni zamanda, çox xoşbəxt xalq və dövlətik ki, Azərbaycanı gündən-günə belə tarixi zəfərlərə, nailiyyətlərə qovuşduran Lidermiz - ölkə rəhbərimiz  İlham Əliyev var. Onun rəhbərliyi ilə hələ çox nailiyyətlərə, uğurlara imza atacağıq".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR