Nazir müavini: "“Cənub Qaz Dəhlizi” bütün Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyət daşıyacaq"

"Cənub Qaz Dəhlizi" bütün Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyət daşıyacaq.

Bunu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev deyib.

O bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi böyük töhfə və nailiyyətdir:

"Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi üzrə bu qlobal layihə artıq reallığa çevrilib. Mayın 29-u Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin açılışı və dünən Əskişəhərdə TANAP-ın ın açılışı ən yüksək səviyyədə keçirilib. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan bu layihə ölkənin nüfuzunu nümayiş etdirir".

Cənub Qaz Dəhlizinin hissələri "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələridir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçən boru xətti Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşir.

TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Transanadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın "Şahdəniz", eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR