TANAP - Türkiyə ilə Azərbaycanın növbəti zəfəri

İlham Əliyev: "Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq"

Məlum olduğu kimi Cənub Qaz Dəhlizinin reallaşmasında TANAP önəmli əhəmiyyətə malikdir.  Heç şübhəsiz ki, TANAP-Azərbaycanın beynəlxalq arenadakı nüfuzuna öz töhfəsini verəcək. Bir çox mütəxəssis bu layihəni Azərbaycanın ən mühüm enerji layihəsi hesab edir.  Lahihə həmçinin qardaş Türkiyə dövləti ilə əlaqələrin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Uğurla reallaşdırılan Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri layihələrindən sonra iki qonşu dövlət - Türkiyə və Azərbaycan enerji sektorunda birgə inkişafı gücləndirdilər. TANAP layihəsinin köməyi ilə Türkiyə illik 5% istehlak həcminə malik olan zəif qaz ehtiyatı problemini həll etməyə bir addım da yaxınlaşacaq, bu göstərici Avropa ölkələrində 20-30%-ə bərabərdir.Tədricən qaz təchizatçılarının diversifikasiyası və TANAP layihəsi vasitəsilə təzhizatın təhlükəsizliyinin gücləndirilməsi Türkiyənin iqtisadi artımına müsbət təsir göstərəcək. Bundan əlavə, layihə Avropa dövlətləri ilə yeni ticarət əlaqələri yaradacaq və heç şübhəsiz ki, hər iki regional gücün dünyanın enerji bazarlarındakı nüfuzunu gücləndirəcək. Təsadüfi deyil ki, prezident İlham Əliyev layihənin açılış mərasimində qeyd edib ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimin keçirilməsi, kəmərin işə çalınması böyük tarixi hadisədir. Bu, Azərbaycanın iştirakı və dəstəyi ilə reallaşdırılan növbəti nəhəhg layihədir. Bununla Azərbaycan daha bir tarixi, iqtisadi, siyasi uğuruna imza atdı, nəinki regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinə özünün növbəti töhfəsini vermiş oldu. Komitə sədri əlavə edib ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur.  Cənub Qaz Dəhlizinin (CDQ) əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Bu layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu hələ 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib: "TANAP layihəsi təbii qazın "Şahdəniz", eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən, Ukrayna dövlət başçısı Petro Poroşenkonun, Şimali Kipr xalqının lideri Mustafa Akıncının, Serbiya Prezidenti Aleksandr Vuçicin, BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin iştitrakı yüksək qiymətləndirilməlidir. Mərasimin əvvəlində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak çıxış etdilər. Eyni zamanda, qardaş və dost Türkiyənin prezideti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic və Ukrayna Prezidenti Petro Poroşenko çıxış etdilər. Hər bir çıxış da tarixi, yüksək əhəmiyyət daşıyan, gələcək əlaqələrin möhkəmləndirilməsinə təkan, töhfə verən çıxışları idi. Xüsusilə, cənab Ərdoğanın çıxışına toxunaraq qeyd etmək istəyirəm ki, bu çıxış bir daha Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun, muttəfiqliyin əyani göstəricisi oldu. Onun "Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub" sözləri bir daha Türkiyə-Azərbaycan münasibətlərinin, əlaqələrinin sarsılmazlığına böyük töhfə oldu".

Komitə sədri əlavə edib ki, Azərbaycan prezidentinin açılış  mərasimdəki çıxışı xüsusi əhəmiyyət daşıyır: "Ölkə Prezidenti qeyd etdi ki,TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür, TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. Türkiyəylə Azərbaycanın birlikdə XXI əsrin enerji tarixini birlikdə yazdığını vurğulayan cənab İlham Əliyev onu da bəyan etdi ki, "bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub. Hesab edirəm ki, bu, TANAP-a, eləcə də, Türkiyə-Azərbaycan müttəfiqliyinə verilən ən böyük dəyərdən, qiymətdən biridir. Eyni zamanda, qeyd etmək yerinə düşər, elə Azərbaycan prezidentinin də çıxışında vurğulandığı kimi, bu, birgə həyata keçirilən birinci layihə deyil. Belə ki, bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin birlikdə açılışı həyata keçirilib.Həmçinin, keçən il birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı reallaşdırılıb.Yəni, bunlar onu göstərir ki, Azərbaycanın təşəbbüsü irəli sürülən (Türkiyənin də iştirakı ilə-red) istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında ölkə prezidentinin də qeyd etdiyi kimi, düşünülmüş siyasət, güclü iradə və qardaşlıq dayanır. Yəni, bunların mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində oldu. Əgər Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Amma çox sevindirici və əlamətdar haldır ki, bu birlik, bu qardaşlıq sayəsində 21-ci əsrin müqaviləsi kimi xarakterizə olan TANAP-ın açılışına da nail olundu. Bundan təkcə bizlər-Azərbaycanla Türkiyə deyil, bütövlükdə Avropa və dünya da yaralanacaq, öz enerji təminatlarını, enerji təhlükəsizliklərini təmin edəcəklər".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR