Uğurla qurulan səmərəli əməkdaşlıq və düşünülmüş siyasətin məntiqi nəticəsi

Azərbaycan regional və qlobal əhəmiyyətli enerji layihələri ilə bir daha Cənubi Qafqazın lider ölkəsi olduğunu sübuta yetirir. Bir müddət əvvəl Cənubi Qaz Dəhlizi layihəsinin, ötən gün isə TANAP-ın açılış mərasimləri ilə Azərbaycanın həm regionda lider ölkə, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı bir daha təsdiqini tapdı. Cənubi Qaz Dəhlizi layihəsi ilə Avropanın enerji xəritəsini dəyişən Azərbaycan TANAP layihəsi ilə isə qoca qitənin təbii qazla təminatında əsas faktor olduğunu sübuta yetirdi. Təsadüfi deyil ki, TANAP-ın Türkiyənin Əskişehir bölgəsində keçirilən rəsmi açılış mərasimində çıxışı zamanı ayrı-ayrı ölkələrin dövlət başçıları da bunu açıq şəkildə ifadə etdi. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də çıxışında bu məqama toxunaraq bildirib ki, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.

İstər bir müddət əvvəl rəsmi açılışı olan Cənubi Qaz Dəhlizi layihəsi, istərsə də TANAP layihəsi ilk növbədə uğurla qurulan səmərəli əməkdaşlıq və düşünülmüş siyasətin məntiqi nəticəsidir. Burada səmərəli əməkdaşlıq dedikdə əsasən Azərbaycanla Türkiyənin qarşılıqlı faydalı əməkdaşlığı xüsusi vurğulanmalıdır. Məhz Bakı və Ankaranın birgə, səmərəli əməkdaşlığının nəticəsində ötən illərdə iki ölkənin iştirakı ilə regionda bir sıra layihələr həyata keçirilib ki, bunların sırasında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft. Bakı-Tbilisi-Ərzurun qaz kəməri layihələri, eləcə də Bakı Tbilisi-Qars dəmir yolu layihələrini göstərmək olar. İndiki mərhələdə isə Cənubi Qaz Dəhlizi layihəsi, TANAP, yaxın gələcəkdə reallaşacaq TAP layihələrini bu əməkdaşlığa bariz nümunə kimi göstərə bilərik. Elə Azərbaycan Prezidenti Cənab İlham Əliyev də TANAP layihəsinin rəsmi açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi diqqət çəkərək bildirib ki, TANAP Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, bu kimi layihələr Azərbaycanla Türkiyənin qarşılıqlı faydalı əməkdaşlığını, dostluq-qardaşlığını bir daha sübuta yetirməklə yanaşı, həm də Azərbaycan belə layihələrlə Avropanın enerji şaxələndirilməsində əsas ölkə olaraq regionda geosiyasi əhəmiyyət kəsb edən enerji layihələrinə imza atır: "Birləşmiş Ştatlar və Avropanın siyasi dəstəyi ilə gerçəkləşən enerji və nəqliyyat layihələri Avropanı Rusiyanın enerji şantajından xilas etmək, Rusiyadan yan keçməklə Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarını qitəyə daşımağı planlayır. Bir neçə müddət bundan əvvəl "Cənub Qaz Dəhlizinin" Bakıda açılışı göstərdi ki, xəyal kimi görsənən bu enerji layihəsi, artıq qaz ixracına hazır vəziyyətdədir. Dəyəri 40 milyard dollar həcmində olan bu boru kəməri "Cənubi Qaz Dəhlizi" olmaqla üç hissədən ibarətdir. Azərbaycandan başlayan "Cənubi Qaz Dəhlizi" boru kəməri, əsas seqmentləri "TANAP" və "TAP" -dan ibarətdir. 4-cü hissə isə Türkmənistan qazının nəqlini nəzərdə tutan "Tranxəzər" qaz kəməridi. Hələ ki, müəyyən problemlərə görə dənizin dibi ilə kəmərin çəkilməsi ləngiyir. Amma, yaxın perspektivdə inşa işlərinin reallaşması gözlənilir".

Politoloq deyir ki, Azərbaycandan "ŞAHDƏNİZ" konsedant yatağının ikinci mərhələsindən başalayaraq ixrac edilən qaz Avroapanın enerji təhlükəsizliyini təmin edəcək: "Ötən gün Türkiyədə "Cənubi Qaz Dəhlizinin " əsas seqmenti olan TANAP-ın açılış mərəsasmi oldu. TANAP vasitəsi ilə 16 milyard kubmetr qaz ixrac ediləcək. Bunun 6 milyardı Türkiyə üçün, 10 milyard kubu isə Avropaya ixrac ediləcək. TANAP-ın Yunanıstan dan başlayaraq əsas seqmenti isə TAP boru kəməridi. Bu kəmərə isə qazın bir müddətdən sonra vurulacağı gözlənilir. Qeyd edim ki, TAP boru kömərinin 70 faiz işləri yekunlaşıb".

Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan bu boru kəməri vasitəsilə Mərkəzi Asiya qazını Avropaya gələcək perspektivdə çıxara bilər: "Tanzit ölkə olaraq buradan da ölkəmizə valyuta axını gerçəkləşəcək. Artıq təkcə, neftdən deyil, qazın və kondensatın Avropaya çıxarılması ölkəmizin valyuta ehtiyatlarını artıracaq". Politoloq onu da deyib ki,   regionun ümumi təhlükəsizliyinə töhfə verən bu layihə, Ermənistanın blokadasını daha da dərinləşdirir və Qarabağ konfliktinin həlli ilə bağlı Azərbaycana dəstəyin artmasına səbəb olacaq.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR