TANAP Avropanın enerji xəritəsini dəyişdirəcək

İlham Əliyev: "TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir"

Müasir dünyada enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Danılmaz faktdır ki, hətta yüksək inkişaf etmiş ölkələrin də enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Məsələn, Yaponiya, Cənubi Koreya, Tayvan, bəzi Avropa ölkələrinin ümumiyyətlə karbohidrogen resursları yoxdur, Böyük Britaniya, Norveç, Niderland kimi ölkələrin isə malik olduqları köhnə yataqlar  tükənmək üzrədir.  ABŞ isə dünya neft hasilatında 8 faizlik paya malik olmasına baxmayaraq, istehlakda payı 24 faizdən artıqdır. Belə bir məqamda Avropanın enerji təminatında Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə artır. Çox mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malik olmaqla bərabər, həm də Asiya ilə Avropa arasında təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir vaxtda nəqliyyat, təhlükəsiz enerji dəhlizləri çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, həm də bunları hasil edən dövlətdir. Buna görə də Azərbaycanın regionun ən mühüm dövlətinə çevrilməsi təbiidir. Xatırladaq ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyətə başlaması ilə respublikamız Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. "Şahdəniz" yatağında qazın istismarının genişlənməsi isə ölkənin daxili tələbatını tam ödəməklə yanaşı, beynəlxalq bazarlara da daşınmasını təmin etdi. Hazırda respublikada hasil olunan təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" strukturundan əldə edilir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı sayılan "Şahdəniz" 1999-cu ildə kəşf olunmuşdur. Xarici tərəfdaşlarla birlikdə işlənilən "Şahdəniz" yatağı dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab edilir. Onun ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaz "Cənub qaz dəhlizi" layihəsi üçün əsas mənbə kimi qəbul edilir.

Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən enerji layihələri nəticəsində neft və qaz hasilatının artımı nəzərdə tutulur. Bu isə regionun və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunun daha da artacağını göstərir. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda Azərbaycanın təbii qazının bu bazarlara nəqli xüsusilə böyük əhəmiyyət kəsb edir. "Şahdəniz-2"dən əldə olunan qazın ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropa ölkələrinə satılacaq. Azərbaycan qazını Avropaya aparan yollar da məhz Türkiyədən keçəcək. Azərbaycanla Avropa arasında körpü yaratmaq rolu məhz TANAP-ın  - Trans Anadolu Qaz Boru Kəmərinin üzərinə düşür. Yeri gəlmişkən xatırladaq ki, Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi baş tutdu. Bu münasibətlə Türkiyənin Əskişəhər bölgəsində təntənəli mərasim təşkil edilib. TANAP Layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqlini nəzərdə tutur. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyənin Gürcüstan sərhədində, Ərdəhanın Posof bölgəsindəki Türkgözü kəndindən başlayaraq, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə də daxil olmaqla 20 vilayətdən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsində başa çatır. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev deyib ki, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir: " Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq - TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir".

Qeyd edək ki, TANAP haqlı olaraq BTC-dən sonra regionda ən böyük layihə statusunu alıb. Qeyd etmək yerinə düşərdi ki, sözügedən kəmər eyni zamanda qardaş Türkiyə dövlətini önəmli enerji dəhlizinə çevirəcəkdir. Nəzərə almaq lazımdır ki, TANAP layihəsində iştirak payının 53 faizi ARDNŞ-ə, 12 faizi BP-yə, 30 faizi Türkiyənin BOTAŞ və TPAO şirkətlərinə məxsusdur. TANAP həm də Azərbaycanla Avropa ölkələri arasında bir körpü rolunu oynayacaq. Yəni Avropaya daşınacaq  yanacaq məhz TAP-a (Trans Adriatik Qaz Boru Kəməri) TANAP vasitəsilə ötürüləcək. Qazın Avropaya nəqli üçün TAP bir neçə kəmərin sırasından seçilmişdir. Bu kəmər başlanğıcını Türkiyə -Yunanıstan sərhədindən götürəcək və Albaniyanın ərazisindən, Adriatik dənizindən keçərək İtaliyaya çatdırılacaq. İtaliyada və Yunanıstanda kəmər həmin yerlərdə mövcud olan qaz infrastrukturu ilə birləşəcək. Mütəxəssislərin qənaətinə görə, "Şahdəniz-2", TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək. Onu da qeyd edək ki, TANAP enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli rol oynadığı kimi iqtisadi təhlükəsizlik sahəsinə də öz töhvəsini verəcək. Belə ki, həm də sözügedən layihə Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək. Ən vacibi isə Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcək. Layihənin icrası nəticəsində Azərbaycan bundan sonra ən azı bir əsr ərzində qaz ixracatından böyük fayda götürəcəyik, üstəlik ölkəmizin  dünyadakı rolu daha da artacaq.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR