SOCAR metanolun ixrac marşrutlarını şaxələndirmək niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi "SOCAR Methanol" MMC istehsal etdiyi məhsulların ixrac marşrutlarını şaxələndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu "SOCAR Methanol" MMC-nin baş direktoru Elnur Mustafayev Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən "Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası-layihələrin həyata keçirilməsi və texniki həllər" adlı konfransda bildirib.

Onun sözlərinə görə, ixrac marşrutunun şaxələndirilməsi üçün metanolun Xəzər dənizi ilə Qara dənizə nəqlinin artırılması planlaşdırılır: "Hazırda metanolun ixracını SOCAR-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi əsasən SOCAR-ın Kulevi neft terminalından (Qara dəniz, Gürcüstan) həyata keçirir. Xəzər dənizi istiqamətində Volqa-Don kanalı ilə Qara dənizə ixracın həcmini artırmaq niyyətindəyik.Hazırda bu marşrutdan istifadə olunur, amma ixrac həcmləri azdır. Bu həcmləri artırmaq niyyətindəyik. Bu istiqamət daha ucuz olduğundan daşıma xərclərinə də qənaət olunmasına imkan yaradacaq. Amma ixrac marşrutlarının şaxələndirilməsi üçün saxlama həcmini də artırmaq lazımdır". 

MMC-nin baş direktoru həmçinin qeyd edib ki, zavodun metanolu saxlama gücü hazırda 41 min ton təşkil edirvə bu həcmin 1,5-2 dəfə artırılması planlaşdırılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR