Manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur

Birləşmiş Ştatların Yaxın Şərqdə maraqlarına toxunan Rusiya və Türkiyəyə qarşı Vaşniqton bütün mümkün vasitələrdən istifadə edir ki, Ankara və Moskvanı çökdürsün.  Hazırda Birləşmiş Ştatlar bu iki müttəfiq ölkəyə qarşı iki istiqamətdən, hərbi və iqtisadi sahədən təsir göstərməyə çalışır. Vaşinqtonun Suriyada müttəfiqləri ilə bağladığı müharibə, eyni zamanda rus rublu və türk lirəsinin çökdürmək üçün iqtisadi sferada etdiyi gedişlər məhz adlarını çəkdiyimiz bu iki ölkə üçün hesablıanıb. Hər iki cəbhədə hələlik Vaşinqtonun üstün durumda olduğu görünməkdədir. Suriyaya ciddi raket zərbələrinin endirilməsi və rus rublu ilə türk lirəsinin dəyərini itirməsi fonunda bunu aydın görürük. Elə iqtisadçı ekspertlər də bu qənaətdədirlər. Sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov da deyir ki, rus rublu və Türk lirəsi son günlər ABŞ dolları qarşısında dəyər itirərək, bir qədər öncə nümayiş etdirdikləri sabitliyi pozublar.  Onun sözlərinə görə, Türk lirəsi daha çox dəyər itirərək rekord həddə qədər ucuzlaşıb: "Bu prosseslər son vaxtlar hər iki ölkənin dünya nəhəngi - ABŞ ilə münasibətlərinin kifayət qədər gərginləşdiyi bir vaxtda baş verir. Son aylarda nə Rusiyanın, nə də Türkiyənin iqtisadi durumunda elə bir ciddi dönüş baş verməyib ki, milli valyutaların bir neçə gün ərzində belə kəskin ucuzlaşmasını bununla əlaqələndirmək mümkün olsun. Nefin qiymətlərində də son aylar ərzində elə bir azalma baş verməyib ki, neft ölkəsi olan Rusiyanın milli valyutasının ucuzlaşmasını bununla ələqaləndirilsin. Hər iki qonşu ölkənin milli valyutaların birdən-birə kəskin ucuzlaşmasının motivləri yalnız siyasidir". Fikrət Yusifov qeyd edib ki,  Türk lirəsinin ucuzlaşmasının səbəbləri Türkiyənin Afrin əməliyyatı və bundan sonra bölgənin başqa yerlərində də belə əməliyyatların davam etdiriləcəyinə dair Türkiyə Prezidentinin verdiyi bəyanatlardır: "Rusiyaya gəldikdə isə bura vəziyyəti gərginləşdirən əsas səbəblərdən biri Yaxın Şərqdə baş verən münaqişələrdə Rusiyanın dominantlıq etmək cəhdləri və Rusiya-Ukrayna münasibətlərindəki gərginlikdir. Bu fonda Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq edilən iqtisadi, maliyyə sanksiyalarının getdikcə daha da artması rus rublu ətrafında gərginliyi də artırır. Hər iki ölkənin milli valyutalarının siyasi motivlər əsasında Birləşmiş Ştatların istəyinə uyğun bir ssenari ilə ucuzlaşa bilməsinin köklərini bir qədər də əyani şəkildə açmağa cəhd edək. Bu günlərdə Rusiya, İran və Türkiyə ABŞ dollarından imtina edərək öz aralarındakı hesablaşmaları milli valyutaları ilə aprmağı təklif etdilər. Bu nə qədər realdır? Əvvəla onu deyək ki, bu yeni təşəbbüs deyil, bundan öncə hətta BRİKS-ə daxil olan ölkələrdə birlikdə bu təklifi reallaşdırmağa cəhd etmişdilər. Lakin, ABŞ dollarının bir saylı valyuta kimi on illər boyu dünyanın maliyyə bazarlarındakı bütün hesablaşmalarda, dövlətlərin valyuta ehtiyatlarının formalaşmasında və başqa sahələrdə qazandığı hegomonluq buna imkan vermədi. Təbii ki, nə vaxtsa ABŞ dollarından imtina etmək mümkün olacaqdır, bunun mümkün olmadığını demək düzgün deyil. Lakin, bu gün heç bir dövlət və ya müxtəlif formatlarda bir araya gəlmiş ölkələr tərəfindən bunun edilməsi mümkün deyil. Sadə misal dediklərimizi tam təsdiq edə bilər. Bu gün Birləşmiş Ştatlarn hərbi büdcəsi 700 milyard dolları ötürsə və bu zaman Rusiyanın hərbi büdcəsi cəmisi 40 milyard dollar ətrafındadırsa Rusiya ABŞ-a qarşı hansı gücü nümayiş etdirə bilər?". İqtisadçı hesab edir ki,  bizə gəldikdə isə manatla bağlı hər hansı bir ciddi dəyişikliyə əsas verəcək heç nə yoxdur: "Manatın məzənnəsinə təsir edə bilən əsas amillərdən biri neftin dünya bazarlarındakı qiymətidir. Neftin qiymətlərində isə yaxın zamanlarda hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Eyni zamanda son üç ay içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən illin birinci rübü ilə müqayisədə 37 faiz artıb. Yəni, real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu, hələlik böyük həcmlərdə deyil. Ancaq hər halda 37 faiz artım bizə deməyə əsas verir ki, qeyri-neft sektorundan da irəliləyişlər edə bilirik. Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin Azərbaycan üzərindən keçən, beynəlxalq nəqliyyat xətləri də artıq fəaliyyətə başlayıb. Buradan əldə edilən valyuta gəlirləri də manatın məzənnəsinə dəstəkdir. Ona görə də hesab edirəm ki, bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur. Son vaxtlarda insanlarımızın manata güvəni xeyli artıb. Bu güvənin artdığını nümayiş etdirən əsas göstəricisi bankalarda əhalinin manatla olan əmanətlərinin dinamikasıdır. Bu dinamika isə son aylar ərzində müsbətdir. Yəni Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımları artır. Bu, artıq manatın sabitliyinin və vətəndaşlarımızın bu sabitliyə inamının göstəricisidir. Bununla yanaşı, manat sabitdirsə, deməli, istənilən investor buna güvənib, öz yatırımlarını edə bilir. Bu isə iqtisadiyyatın inkişafı deməkdir. Milli valyuta sabit olmayan zaman daxili və ya xarici investor yatırım etməyə qorxur. Manatın sabit olması bu baxımdan da iqtisadiyyata, real sektorun inkişafına təkan verəcək amillərdən birinə çevrilir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR