Ölkə üzrə neft və qaz hasilatı artıb

2018-ci ilin yanvar-mart aylarında ölkə üzrə neft hasilatı 2,4%, qaz hasilatı isə 5,2% artıb. "OLAYLAR" SOCAR-a istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında SOCAR neft və qaz hasilatının sabit saxlanılması üzrə kompleks tədbirlərin icrasını davam etdirib. SOCAR üzrə aparılan qazma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% (planda nəzərdə tutulan hədəf göstərici ilə müqayisədə 13%) artıb. Nəticədə SOCAR tərəfindən qazılan 15 quyu üzrə qazmanın həcmi təqribən 40,5 min metr təşkil edib. Bundan əlavə SOCAR-ın birgə müəssisələri tərəfindən 13 quyu qazılıb. İstismar edilən quyularda geoloji - texniki tədbirlər aparılmış, 66 fəaliyyətsiz quyu istismara qaytarılıb. Bu tədbirlərin nəticəsində, 2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 milyon ton təşkil etmişdir. SOCAR-ın qaz hasilatı isə I rüb üzrə təqribən 1,6 milyard m3 təşkil etmiş və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% artıb.

Yanvar-mart aylarında ölkə üzrə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq, 9,7 milyon ton, qaz hasilatı isə ötən ilin analoji dövrünə nisbətən 5,2% artaraq, 7,3 milyard m3 təşkil edib. Qeyd edək ki, hasilat artan xətt üzrə inkişaf etmiş, artımının böyük hissəsi mart ayına təsadüf etmişdir. Belə ki, mart ayında respublikada neft hasilatı üzrə 5,8%, qaz hasilatı üzrə isə 12% artım qeydə alınıb.
Bu ilin I rübündə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilib. Ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır. "Şahdəniz-1" layihəsi üzrə qazma işləri davam edir və bu il ərzində 2 hasilat quyusunun tamamlanması nəzərdə tutulur. "Şahdəniz-2" layihəsi üzrə bir quyuda qazma işləri artıq tamamlanıb və il ərzində cəmi 5 hasilat quyusunun tamamlanması planaşdırılır.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR