Banklar vətəndaşları niyə aldadır?

Keçən ilin sonunda Beynəlxalq Bank maliyyə vəziyyətinin pisləşməsi səbəbindən vətəndaşların xarici valyutadakı əmanətləri üzrə faiz dərəcəsini qanunsuz olaraq birtərəfli qaydada 2 faizə endirdi. Buna görə də əmanətçilərin xeyli hissəsi əmanətlərini həmin bankdan geri götürdü. Lakin əmanətçilərin bir qismi  isə məhkəməyə üz tutdu. Bankla problemini məhkəmə instansiyası yolu ilə həll etməyə çalışan əmanətçilərdən birinə vəkillik edən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, Bankın tamamilə əsassız vəsatətilə iclaslar qapalı keçirilib.. Guya bankın kommersiya sirrinə dair məlumatlar açıqlanmalı idi, amma açıqlanmadı: "Əslində, sadəcə iclasın açıq olmasından qorxdular. Bank ümumiyyətlə heç yazılı etiraz da təqdim etmədi. Bankın nümayəndəsi elə tutuquşu kimi təkrarlayırdı ki, ölkədə devalvasiya baş verdiyi üçün bankın vəziyyəti pisləşib, buna görə də əmanətlər üzrə yüksək faiz ödəməyə qadir deyil.
Nəticədə məhkəmə də iddiamızı təmin etmədi və bankın tərəfini tutdu". Əkrəm Həsənov deyir ki. məhkəmənin bankın tərəfini tutması dollarda borcu olanların vəziyyətini yaxşılaşdıracaq: "Belə ki, qətnamədə deyilir ki, ölkədə devalvasiyanın baş verməsi və manatın ABŞ dolları qarşısında dəyərini xeyli itirməsi halını əksəriyyət ağlabatan mühakimə şəraitində əvvəlcədən görə bilməzdi. Çünki artıq uzun illər Azərbaycan manatı ABŞ dollarına münasibətdə möhkəmləməkdə davam edirdi. Ona görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsini məhkəmə qəbul edir. Deməli, eyni ilə dollarda borcu olanlar da bundan sonra bu qətnaməyə istinadən deyə bilər ki, "mən də devalvasiyanı gözləmirdim. Ölkənin ən iri bankı gözləmirdisə, mən necə gözləyə bilərdim axı?. Nəticədə bu məzənnə ilə borcumu ödəyə bilmirəm, odur ki, müqaviləni birtərəfli qaydada dəyişirəm. Başqa sözlə, Beynəlxalq Bankın qanunsuzluğuna haqq qazandıran məhkəmə əslində dollar borclularına kömək etmiş oldu.
Bununla belə, əlbəttə ki, Beynəlxalq Bankın sözügedən qanunsuz hərəkəti nəinki onun cari rəhbərliyinin qeyri-peşəkarlığının kuliminasiyası, həmçinin birbaşa ölkə başçısına qarşı atılmış addım oldu. Belə ki, bank əmanətçilərə məktubunda hərəkətini əsaslandırarkən yazır: "Müqavilə bağlandıqdan ötən dövr ərzində ölkə iqtisadiyyatında, o cümlədən bank-maliyyə sektorunda baş vermiş əhəmiyyətli dəyişikliklər nəticəsində 2016-cı il ərzində Bankın maliyyə vəziyyəti ciddi dərəcədə pisləşib. Sonra da Prezidentin "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" 15 iyul 2015-ci il tarixli Fərmanına istinad edir. Halbuki, həmin Fərmanda nəinki əmanətlərdən söhbət getmir. Yalnız problemli kreditlərdən bəhs edilir və "bankın yerli və xarici kreditorlar üçün etibarlı tərəfdaş" olmasının vacibliyi vurğulanır. Üstəlik deyilir: "son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub. Yəni dövlət başçısının bankın vəziyyətinin pisləşməsinin səbəbi kimi onun daxili problemlərini vurğulayır, bankın rəhbərliyi isə xarici səbəbləri qabardır və eyham vurur ki, ölkədə iqtisadi vəziyyət yaxşı deyil. Baxmayaraq ki, dövlət başçısı dəfələrlə bunun tam əksini söyləyib". Əkrəm Həsənovun sözlərinə görə, maraqlısı həm də odur ki, ötən ilin yayında bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı onun müşahidə şurasının sədri, maliyyə naziri Samir Şərifov və idarə heyətinin sədri Xalid Əhədov bəyanat vermişdilər ki, şərtlərin dəyişdirilməsinin əmanətçilərə aidiyyəti yoxdur. Nəticədə isə belə çıxdı ki, aidiyyəti oldu, bizi yenə aldatdılar. Ən vacibi isə budur ki, məhkəməyə bankın saytından götürdüyüm maliyyə hesabatlarını təqdim etdim. Həmin hesabatlara görə bank ötən ili 806 mln. manat xalis mənfəətlə və 202 mln. manat xalis faiz gəliri ilə bitirib. Bəs onda niyə deyir ki, vəziyyəti pisləşib və faizləri ödəyə bilmir? Bu boyda da yalan olar? Bankın nümayəndəsi təbii ki, bu suallara cavab verə bilmədi. Bunun əvəzinə daha çox mənim fəaliyyətimdən danışırdı. O cümlədən sonda dedi ki, Əkrəm Həsənovun banklardan nə istəməsi məlum deyil". İqtisadçı deyib ki, o, yalnız Azərbaycanda qanunçuluğun hökm sürməsini istəyir: "İkili standartlar yolverilməzdir. Axı niyə banka borcu olanın başına oyun açılır, amma müflis bankda xeyli şəxsin pulu batdığı halda heç kəs cəzalandırılmır? Axı niyə devalvasiya nəticəsində borcunu ödəyə bilməyənlərə güzəşt edilmir, amma eyni səbəblə bank güzəştə nail olur? Buna son qoyulmalıdır.
Odur ki, gəlin buna son qoyaq".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR