Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq

Martın 13-də "Təmiz Şəhər" ASC KİV nümayəndələrinin iştirakı ilə məlumat turu və mətbuat konfransı keçirib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, KİV nümayəndələri Olimpiya stadionunun yaxınlığında salınmış Böyükşor bulvarı və Böyükşor gölündə görülən işlərlə tanış olublar. "Təmiz Şəhər" ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov Böyükşor gölünün sağlamlaşdırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş dib çöküntüləri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib. Mətbuat nümayəndələri həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olublar. Məlumat verilib ki, poliqon bütün sanitar normalara uyğundur. Poliqona tullantı daşıyan nəqliyyat vasitələri tullantıları boşaltdıqdan sonra ərazini tərk etməzdən öncə mütləq yuma məntəqəsində yuyulub dezinfeksiya edilir. 4 yuma kabinəsindən ibarət olan bu məntəqə beynəlxalq standartlara cavab verir və 400-dən çox maşına xidmət göstərmək gücünə malikdir. Poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən ağacın suvarılmasında istifadə olunur (İndiyədək 11 min ağac əkilib). Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və bu enerji poliqonun ehtiyacları üçün istifadə olunur. Məlumat turu çərçivəsində KİV nümayəndələri Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda da olublar. Məlumat verilib ki, Zavod 2012-ci ildə Alman texnologiyası ilə inşa edilib və ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR