Tehranda Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçirilib

Martın 13-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib. "Olaylar" xəbəbr verir ki, iclasda çıxış edən iqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-İran əlaqələri ortaq dinə, tarixə və adət-ənənələrə əsaslanır və xalqlarımızı sıx əlaqələr birləşdirir. Dövlət başçılarının siyasi iradəsi nəticəsində son 4 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Bu müddətdə 10 yüksək səviyyəli görüş,100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək 150-yə yaxın sənəd imzalanıb. Şahin Mustafayev komissiyanın ötən iclasından keçən dövrdə görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, ötən müddət ərzində İrandan Azərbaycana gələn turistlərin sayı xeyli artıb. 2016-cı ildə bu göstərici 247 min olduğu halda, ötən il 363 min olub. Azərbaycana gələn turistlərin sayına görə iranlılar 3-cü, "ASAN viza" vasitəsilə viza alan əcnəbilər arasında isə İran vətəndaşları 1-ci yerdədir. Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, Şahin Mustafayev diqqətə çatdırıb ki, kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm, səhiyyə, bankçılıq və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var. Azərbaycanda İranla birgə avtobuslar, kənd təsərrüfatı texnikası istehsal edilə bilər. İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, son illərdə Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib. Qeyd edək ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası martın 14-də də davam edəcək və komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR