Azərbaycan-İran əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Səhiyyə, müalicə və tibbi təhsil nazirinin 1-ci müavini İrəc Hərirçi ilə görüşüb. "Olaylar" xəbər verir ki, Azərbaycan-İran iqtisadi əlaqələrinə, əməkdaşlıq perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə, eləcə də səhiyyə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, son 4 ildə yüksək səviyyəli 10 görüş keçirilib, müxtəlif tərkibli nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfəri həyata keçirilib, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11 iclası təşkil olunub. Yaxın zamanlarda Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. Şahin Mustafayev qeyd edib ki, ticarət dövriyyəsi 2017-ci ildə 16% artıb. Azərbaycan və İran investisiya qoyuluşu sahəsində də əməkdaşlıq edir, Azərbaycanda İran şirkətləri uğurla fəaliyyət göstərir. Ölkələrimiz Şimal-Cənub nəqliyyat dəhlizi, Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodu, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu və s. kimi layihələr çərçivəsində də əməkdaşlıq edir. İranın tibb sahəsində ixtisaslaşmış bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycanda səfərdə olub, Azərbaycanın Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında Memorandum imzalanıb. Nazir Şahin Mustafayev qeyd edib ki, İran tərəfindən Azərbaycanda xəstəxananın yaradılması, İran həkimlərinin ölkəmizdəki xəstəxanalarda fəaliyyəti də mümkündür. Eyni zamanda əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər. İran İslam Respublikasının Səhiyyə, müalicə və tibbi təhsil nazirinin 1-ci müavini İrəc Hərirçi son illərdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. İranın tibb və dərman istehsalı sahələrində təcrübəsini qeyd edən İrəc Hərirçi ölkəmizlə birgə əczaçılıq məhsulları istehsalı müəssisəsinin yaradılmasının İran tərəfindən dəstəkləndiyini vurğulayıb. Bundan başqa, tibbi təhsil, təcrübə mübadiləsi sahəsində birgə əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur. Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində birgə elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR