Neftin ucuzlaşması davam edir

Bunun Azərbaycan iqtisadiyyatına mənfi təsiri qeyri-mümkündür

Neft istehsalçısı olan ölkələrin ciddi cəhdlərinə baxmayaraq dünya bazarında brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşıb. 70 dollarlıq psixoloji həddi keçən "qara qızıl" yenidən dəyər itirməkdədir. Qeyd edək ki, birjalarda son həftə ərzində neftin qiyməti 9-10 faiz azalıb. Məlumata görə, neft 2 dollar, yəni 3 faizdən artıq ucuzlaşıb. Beləcə, 2016-cı ildən bu yana ən ciddi ucuzlaşma qeydə alınıb.Bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar. Bəs, neftin qiymətinin yenidən ucuzlaşmasının səbələri nədən ibarətdir və bu prossesin Azərbaycan iqtisadiyyaına hansı təsiri ola bilər? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı həmçinin spekulyativ müdaxilələr ilə bağlı idi: "Bəzi hedg və valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar. Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən neft quyuların sayında artımlar müşahidə edilir və bu da Şimalı Amerikanın neft bazarında mərhələli şəkildə mövqeyinin güclənməsinə gətirib çıxarır. Bir sıra OPEK ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatçılıqlarını gizlətmirdilər. Çünki belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər. Doğrudur, Veneseula, Liviya və Nigeriya kimi ölkələrdə neft hasılatında dövrü olaraq azalmalar müşahidə edilir. Amma son qiymət endirmləri şist neft hasilatının xam neftin dünya bazar qiymətinə təsirinin qorunub saxlamasından xəbər verir. Neftin qiymətində ucuzlaşmalar davamlı olarsa investorların bir qisminin sərmayələrini digər, o cümlədən valyuta bazarına transfer edə bilərlər. Bunun baş verəcəyi halda neftin qiymətində ucuzlaşma dolların isə dönərli valyutalara nisbətən möhkəmlənməsi müşahidə edilə bilər".
Bəzi iqtisadçılar hesab edir ki, dünya birjalarında neftin qiymətlərinin aşağı enməsi ABŞ-ın xam neft hasilatının rekord səviyyəyə çıxarmasıyla bağlıdır. Belə ki, neft bazarında təklifin tələbi üstələməsi bu cür halların yaşanmasına səbəb ola bilər.Qeyd edək ki, neftin qiymətinin dəyişəcəyi ilə bağlı fikirlər müxtəlifdir. Bəzi ekspertlər bu ucuzlaşmanın müvəqqəti xarakter daşıyacağını bildirsələr də digərləri ilin axırına qədər neftin qiymətlərinin 50 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar. Fikirlərini onunla əsaslandırılar ki, ucuzlaşma ABŞ-ın yeni quyuları istismara verməsiylə bağlıdır. ABŞ-ın yeni quyuları isə şist neftidir. Şist nefti quyularındakı mənbələr isə tez tükənirlər. Üstəlik, hasilatı baha başa gəldiyindən neftin qiymətlərinin ucuzlaşması şist yataqlarının istismarını rentabelsiz hala gətirir.
Bu arada xatırladaq ki, dünya bazarında Azərbaycan neftinin qiyməti də ucuzlaşır. Belə ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,41 dollar ucuzlaşaraq 65,20 dollar olub. Ümumilikdə isə xam neftin qiyməti 2016-cı ilin yanvar ayından indiyədək ən yüksək həftəlik itki ilə üzləşib. Digərlərinə gəlincə, "Brent" markalı neftin bir bareli Londonun ICE birjasında 62,79 dollar, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 59,20 dollara satılır. Neftin kəskin dəyər itirməsinin əsas səbəbi isə, ABŞ-dakı aktiv neft quyularının sayının kəskin artmasıdır. Belə ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 29 ədəd artaraq ümumilikdə 975 ədəd təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 234 ədəd çoxalıb. Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı isə 26 ədəd artaraq 791 ədəd olub. Bu, son 1 ildə ən sürətli həftəlik artımdır. Mütəxəssislər dünya bazarında neftin qiymətinin ucuzlaşmasının neft ixracatçısı ölkəsi kimi Azərbaycana təsirindən danışarkən bunun mümkün omadığını bildirirlər. İqtisadçı Rəşad Həsənov qeyd edib ki, ümumilikdə 2018-ci il üçün neftin qiyməti ilə bağlı proqnozlar əvvəlki illərlə müqayisədə daha optimistdir: "Enerji sektorunda fəaliyyət göstərən qurumlar, o cümlədən maliyyə qurumlarının bu istiqamətdə proqnozları təxminən orta göstərici olaraq 60 dollardır. Düşünürəm ki, qiymətlərin indiki təzyiqlər altında 60 dollardan aşağı düşməsinə baxmayaraq, ilin ikinci rübünün əvvəllərindən etibarən, yəni aprel ayından sonra yay turizm sezonunun başlaması ilə əlaqədar tələbat artacaq. Bu da qiymətlərin yenidən müəyyən qədər korreksiyasına gətirib çıxaracaq, neft yenidən 60 dollardan baha satılacaq. İlin ikinci yarısında isə qiymətlərə təzyiq edən faktorlardan biri OPEK və OPEK-ə daxil olmayan ölkələrin hasilatı tənzimləməsi ilə bağlı razılaşma ilə əlaqədar müzakirələrdir. Bu müzakirələrdən çıxan nəticələr də öz təsirini göstərəcək. İlin ikinci yarısında qiymətlərin müəyyən qədər artması gözləniləndir". Mütəxəssis hesab edir ki, infrastruktur xərclərinin dəyişməsinə baxmayaraq sosial ayırmalarda hər hansı ixtisarlar olmayacaq: "Büdcədə nəzərdə tutulan sosial ayırmaların həcmini qoruyub saxlamaq mümkün olacaq. Digər tərəfdən, büdcə gəlirlərində qeyri-neft sektorunun payının artması və sosial ayırmaların da həcmdə paya malikliyi bu istiqamətə ayrılan vəsaiti neftin dünya bazar qiymətində sığortalayır".
Ekspertlərin qənaətinə görə, ABŞ-ın neftlə bağlı siyasəti Rusiyada keçirilən seçkilərə mənfi təsir göstərmək məqsədi güdür. Bu səbədən qiymətlərin yenidən artmasını istisna edilmir. Buna baxmayaraq, neftin ucuzlaşması daimi xarakter alsa belə, bunun Azərbaycan iqtisadiyyatına ciddi təsir edcəyi real görünmür. 2015-2016-cı illərdə yaşanan ucuzlaşmadan sonra Azərbaycan yeni iqtisadi doktrinasını işə saldı. Əslində bu doktrina böhrandan əvvəl də cənab prezident tərəfindən hazırlanaraq həyata keçirilirdi. Böhran sadəcə prosesi daha da sürətləndirdi. Söhbət qeyri-neft sektorunun inkişafı strategiyasından gedir ki, bu strategiya ciddi fundamentlər üzərində qurulub. Azərbaycan artıq gözünü neft qiymətlərinə dikən dövlətlərdən deyil. Xüsusilə qida təhlükəsizliyi problemini tamamilə həll edən ölkəmiz, demək olar ki, bütün ehtiyaclarını öz daxili bazarı hesabına ödəyəcək vəziyyətə gəlib. Bundan sonra neft qiymətlərindəki enib-qalxmalar ölkə əhalisinin yaşayış imkanlarına az təsir göstərəcək, ya da ümumiyyətlə heç bir təsir göstərməyəcək.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR