İri dövriyyəli pərakəndə satış obyektləri daha çox vergidən yayınırlar

Məsələ ilə bağlı istintaq orqanları işə cəlb edilib

Azərbaycanda vergidən yayınma hallarının qarşısının alınması məqsədilə ciddi islahatlar həyata keçirilir. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsilə paralel, müasir informasiya kommunikasiya texnologiyaların tətbiqinə də üstünlük verilir. Lakin bütün görülən işlərə baxmayaraq hələ də vergidən yayınma hallarını tam şəkildə aradan qaldırmaq mümkün olmayıb. Vergilər Nazirliyindən bildirilib ki, 2017-cı ilin 9 ayında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 405 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 13 milyon 433,2 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. 64 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib. Departamentin İstintaq idarəsində 334 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 80 iş üzrə 90 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib. Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 14 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 232 şəxsin məcburi qaydada gətirilməsi, 396 şəxsin tapılaraq istintaqa gəlmələri, 449 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 60 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentindən bildirilib ki, vergidən yayınma hallarının ən çox təsadüf edildiyi sahələrdən biri də iri dövriyyəli pərakəndə satış obyektləridir. Belə ki, bir çox ticarət mərkəzlərində, supermarketlərdə məsafədənötürmə qurğularının qoyulmasına baxmayaraq, həmin qurğulardan əldə edilən informasiya mübadiləsi günün tələbləri səviyyəsində deyil. Vergi orqanı əməkdaşlarının xronometraj aparmaq imkanları vaxt və fiziki baxımdan çətinlik yaratdığından, çıxış yolu iri dövriyyəli pərakəndə satış obyektlərində elektron məsafədənötürmə qurğularının tətbiqi ilə bağlı zəruri texniki işlərin görülməsinin sürətləndirilməsidir. Vurğulanıb ki, vergi proqnozlarının icrasına mühüm təsir edən faktorlardan biri vergi borclarının alınmasının təşkilidir. Bu məsələ ilə bağlı yeni istiqamətlər müəyyənləşdirilib, istintaq orqanları da cəlb olunmaqla, vergi borclarının alınması işinin təşkilinin təkmilləşdirilməsinə dair zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Səyyar vergi yoxlamaları üzrə bir sıra mühüm tədbirlərin görülməsi, elektron qaimə-fakturanın tətbiqi ilə əlaqədar mövcud vəziyyətin dəyərləndirilməsi və yeni risk meyarları müəyyənləşdirilərək proqram təminatında elektron nəzarətin qurulması başlıca tələblərdən biridir.
Qeyd olunub ki, idxalçıların məsuliyyətinin artırılması üçün əlavə tədbirlərin görülməsi, istehsal olunan məhsul növləri üzrə istehsal obyektlərinin qruplaşdırılması və analoji vergiödəyicilərinin göstəricilərinin müqayisəsinin aparılması, qızıl mağazaları üzrə vergi nəzarətinin gücləndirilməsi, otellər üzrə vergi öhdəliklərinə əməl edilməsi vəziyyətinin təhlili və bu sahələrdə vergidən yayınma hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi də başlıca tələblərdəndir. Həmçinin, nağd hesablaşmalar aparan vergiödəyicilərində vergi nəzarətinin təmin edilməsi məqsədilə risk meyarlarının hazırlanması və buna uyğun tədbirlərin həyata keçirilməsi, real dövriyyəni yayındırmaq məqsədilə sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata düşən, amma ƏDV ödəyicisi olmalı vergiödəyicilərinin təhlili və aşkarlanması da əsas vəzifələrdən olacaq. Tədbirlər Planında yer alan məsələlərdən biri də mebel istehsalı və satışı ilə məşğul olan vergiödəyiciləri və iri iaşə obyektləri üzrə vergi öhdəliklərinə əməl edilməsinin təhlili, Bakı şəhərinin mərkəzində real icarə haqqının müəyyənləşdirilməsi və bu sahədə vergidən yayınma hallarının qarşısının alınması üçün qanuna müvafiq tədbirlərin görülməsidir.
Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR