Rəqabət Məcəlləsinin qəbuluna kimlər maneə olur?

Vahid Əhmədov: "Azərbaycanda bazara nəzarət edən müəyyən qruplar var, onlar bazarı əldən vermək istəmirlər"

Milli Məclisin son iclasında bir sıra deputatlar ölkənin bank sistemində ciddi problemlərin olduğunu və yaranmış vəziyyətin iqtisadi inkişafa mənfi təsir etdiyini diqqətə çatdırdılar. Lakin məsələnin ciddiliyi hələ də bank sektorunu yerindən tərpədə bilməyib. Belə ki, ötən müddət ərzində qldırılan məsələlərin həlli istiqamətində hansısa addımın atılmasının şahidi olmamışıq. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bank sistemi ilə əlaqədar ölkə başçısının da müəyyən iradları var: "Yadınızdadırsa, keçən il Prezident İlham Əliyev hökumətin hesabatında çıxış edərkən dedi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyanı bank sistemi vurub. Bundan sonra bank sistemində müəyyən islahatlar həyata keçirməyə başladılar. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların diaqnostikasını apardı. Müəyyən banklar bağlandı. Mən heç vaxt bankların bağlanmasının tərəfdarı olmamışam. Hesab edirəm ki, Azərbaycanda bu qədər bankın olması çoxdur. Bu banklar birləşməlidir. Hazırda ölkədə 43 bankdan 32-si fəaliyyət göstərir. Bu da çoxdur. Azərbaycanda 15-16 bank bəsdir ki, normal fəaliyyət göstərsin. Bu gün bankların sağlamlaşdırılmasından söhbət gedə bilməz. Banklarda yenə də kredit faizləri yüksəkdir, müəyyən problemlər var. Vaxtı keçmiş kreditlərin məbləği keçən il 1,6 malyard manat idisə, hazırda 1,8 milyard manatdan çoxdur. Hələ bu məbləğ artmaqda davam edir. Ona görə də parlamentdə təklif etdim ki, bank rəhbərlərini Milli Məclisə çağıraq. Məsləhətləşmələr aparaq. Onların da müəyyən dərdləri var. Çünki Azərbaycanda 2016-cı ildə gedən iki devalivasiyadan sonra bank sistemində ciddi problemlər yaranıb. İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra Azərbaycanda vəsaitlər əsasən infrastruktur layihələrə yönəldilib. Yəni, su, qaz, elektrik enerjisi, yolların təmirinə və tikintisinə çoxlu vəsaitlər xərclənib. Bununla da dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirib. Amma indi ölkədə bank sistemi işləməlidir. Əhalinin, sahibkarın banklarla bağlı şikayəti olmamalıdır. Hər şeyi dövlətin üzərinə yıxa bilmərik".
Onun sözlərinə görə, problemli kreditlər Azərbaycanın maliyyə bazarına çox ciddi təsir edi: "Bu məsələ elə bir həddə çatıb ki, bunun üçün ayrıca bir qanun hazırlanmalıdır. Çünki elə kreditlər var ki, onlar qaytarılmayacaq. Qaytarılmayan kreditlər isə silinməlidir. Elə kreditlər var ki, banklar ona diqqətlə yanaşmalıdır. Hətta elə kreditlər də var ki, onlara Mərkəzi Bank baxmalıdır. Biz dollarla olan kreditlərlə bağlı təkliflər vermişdik. Çox təəssüflər olsun ki, həmin təkliflərə reaksiya verilmədi. Dollarla olan kreditləri təkcə əhalinin yox, bankların, dövlətin üzərinə bölüşdürməklə kreditlərin qaytarılmasına müəyyən qədər nail olmaq olar. Bank sistemi üzərində çox ciddi işlər aparılmalıdır. İslahatlara çox böyük ehtiyac var. Banklar əvvəlki kimi işləyə bilməz. Dövlət bu istiqamətdə öz işini görüb. Artıq banklar əhali ilə işləməlidir ki, problemli kredit problemi olmasın".
Ölkədə baş verən süni qiymət qrtımına toxunan millət vəkili qeyd edib ki, qiymət siyasəti çox ciddi bir problemdir: "Düzdür, bu siyasətin aparılmasında müəyyən addımlar atılır. Müəyyən mallar var ki, Tarif Şurası onların qiymətlərini tənzimləyir. Amma elə mallar da var ki, onun qiymətini bazar tənzimləyir. Bazarda da mal çox olanda qiymətlər normal vəziyyətdə olur. Əgər mal çox deyilsə, bəzi istehsalçılar öz aralarında danışıqlar aparıb qiymətləri qaldırırlar. Bu da bazara öz təsirini göstərir. 10 ildən artıqdır ki, mən və həmkarım Əli Məsimli bildiririk ki, Azərbaycanda Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Rəqabət Məcəlləsinin qəbul olunmasında əsas məqsəd istehsalçılarla istehlakçılar arasında qiymət stabilliyi yaratmaqdır. Mən demirəm ki, bu gün biz Rəqabət Məcəlləsini qəbul etsək, sabah hər şey düzələcək. Amma yeni yaradılacaq orqan bu məsələlərə baxacaq, araşdırmalar aparacaq". Millət vəkili onu da bildirib ki, hələ ki, Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu gecikir: "Azərbaycanda bazara nəzarət edən müəyyən qruplar var. Onlar bazarı əldən vermək istəmirlər. Ona görə də bu Məcəllənin qəbul edilməsində maraqlı deyillər. Çünki Rəqabət Məcəlləsi qəbul edildikdən sonra bazarda rəqabət olacaq. Hər bir sahibkar öz malını satanda problemlə üzləşməyəcək. Ona görə də Rəqabət Məcəlləsinin qəbul olunmasına mane olanlar var. Biz 10 ildir ki, bunu qəbul edə bilmirik. Hazırda cənab prezident bu məcəllənin qəbul edilməsini Strateji Yol xəritəsinə daxil edib. Mütləq bu Məcəllə qəbul olunmalıdır". Azərbaycanın xarici ticarət əlaqələrinə toxunan millət vəkili bildirib ki, elə bir dövlət yoxdur ki, idxaldan tam azad olunsun: "Elə məhsul var ki, onu istehsal etməkdənsə idxal etmək daha sərfəlidir. Strateji Yol Xəritəsində əsas məqsəd idxalı azaltmağa yönəlib. Son zamanlar cənab prezident sənaye zonalarının yaradılmasına daha çox önəm verir. Balaxanıda və Sumqayıtda Sənaye Zonası yaradıldı və bir hissəsi istifadəyə verildi. Sumqayıtda kimya və gübrə ilə əlaqədar digər müəsissələr istifadəyə veriləcək. Burada əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etsin və yeni iş yerləri yaradılsın".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR