Azərbaycanda qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində

Qısa müddətdə görülən işlər artıq öz müsbət nəticəsini göstərir

Son illər ölkədə ciddi diqqət yetirilən və bu istiqamətdə məqsədyönlü addımlar atılan sahələrdən biri də qeyri-neft sektorudur. Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət hələ 2004-cü ildən, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına başladığı vaxtdan etibarən start verilsə də, lakin son bir neçə ildə bu sahənin inkişafı daha da prioritet olub. Xüsusilə, biz bu müsbət tendensiyanı 2014-cü ildən, dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra daha ciddi şəkildə müşahidə etməyə başladıq. Elə zamanında bu sahənin inkişafı istiqamətində atılan addımlar, icra olunan regional proqramların müsbət nəticələri idi ki, neft böhranı ölkə iqtisadiyyatına o qədər də ciddi ziyan vurmadı və Azərbaycan qısa müddətdə qlobal miqyasda yaranmış iqtisadi və maliyyə böhranından özünü nisbətən sığortalaya bildi.

Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü, real nəticələrə hesablanmış addımlar atılır. Belə ki, Aran zonası üzrə pambıqçılığın inkişaf etdirilməsi, cənub zonası üzrə subtropik meyvələr, çayçılıq və çəltikçilik, şimal-qərb zonası üzrə isə baramaçılıq, tütünçülük və fındıqçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlər, atılan uğurlu addımlar ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinə öz müsbət təsirlərini göstərir. Məlumat üçün qeyd edək ki, hər bir region üzrə spesifik, ənənəvi sahələrin inkişaf etdirilməsi, bunun nəticəsində ölkənin ixrac potensialının artırılması, Azərbaycandan xarici valyutanın çıxarılmasının qarşısının alınması, son nəticədə isə ölkəyə valyuta gətirilməsinin təmin edilməsi kimi müsbət nəticələrə gəirib çıxarar ki, bu da ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına müsbət təsirini göstərər. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında müvafiq qurumlar tərəfindən sadalanan statistik rəqəmlər, eləcə də dövlət başçısının geniş və məzmunlu çıxışında əksini tapan real faktlar onu deməyə əsas verir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar, görülən işlər öz müsbət nəticəsini verir. Mraqlıdır ki, Prezident İlham Əliyev də çıxışında bu məqamı xüsusi qeyd edib . Dövlət başçısı bildirib ki, cari ilin doqquz ayında iqtisadi göstəricilərimiz çox müsbətdir. Prezidentin sözlərinə görə, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Dövlət başçısı hesab edir ki, bu, çox gözəl göstəricidir: "Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artıb.

Qeyd etdiyimiz kimi ölkədə ənənəvi sahələrin inkişaf etdirilməsi Azərbaycanın ixrac potensialının artması ilə yanaşı, ölkəmizin valyuta ehtiyatlarının çoxalmasına da öz müsbət təsirini göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin iclasında bu fikri xüsusi olaraq qeyd edib: "Baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir".

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi bir neçə istiqamətlərdə də müsbət tendensiyanın müşahidə edilməsinə səbəb olur. Belə ki, bu sahənin inkişafı ölkədə işsizlik probleminin tam şəkildə aradan qaldırılmasına da təsirsiz ötüşmür. Məsələn, cari ilin 9 ayında görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisində xeyli sayda yeni iş yerləri açılıb. Elə Prezident İlham Əliyev də bildirib ki, cari ilin doqquz ayındada həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib: "Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik".

Göründüyü kimi ölkə iqtisadiyyatı yeni bir mərhələyə qədəm qoyub. Əsasən postneft dövrü kimi səciyyələndirən bu mərhələnin ölkəmizdə uğurla keçdiyi qənaəti formalaşmaqdadır. Qısa müddətdə qeyd edilən istiqamətdə görülən işlər və əldə edilən nəticələr onu deməyə əsas verir ki, ölkədə qeyri-neft sektorunun inkişafı günümüzdə prioritet olaraq qalır. Ən əsası görülən işlər öz müsbət nəticəsini göstərir.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR