ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyası Azərbaycana nə vəd edir?

Ekspert: "Mərkəzi Bank rublun valyuta bazarımıza təsirini minimumlaşdırmağa hazır olmalıdır"

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar, eləcə də dünya bazarında avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi bir sıra ölkələrin iqtisadi inkişafına təsirsiz ötüşməyib. Maraqlıdır, sözügedən proseslər Azərbaycana hansı təsirini göstərə bilər? İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki,  ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makro-iqtisadi gösticilər sindiromu ilə üz-üzə qoya bilər.

Qeyd etmək lazımdır, bu sanksiayaların tam reallaşacağı halda Rusiya əsas regional layihələrdə iştirakdan mərhum olmaqla yanaşı, hətta bu ölkənin maliyyə və qiymətli kağızlar bazarı da ciddi risk altına düşəcək: "Təbii ki, bu kontekstdən rublun kursu yenə də gündəmə gəlməkdədir. Aydındır ki, sanksiyalar Rusiyanın valyuta bazarında da təsirsiz ötüşməyəcək. Buna görə də, sanksiyaların necə tətbiq olunması və eləcə də Avropa Birliyinin mövqeyi rublun taleyi baxımdan əhəmiyyətli olacaq. Rəsmi statistikada neftin dünya bazar qiyməti aşağı düşdükdən sonra xarici valyuta ehtiyatlarını təxminən 88 milyard dollar itirərək 343 milyard dollara ehtiyata malik olan Rusiya Mərkəzi Bankının da intervensiya imkanları qısa müddətli dövrdə mümkün olsa da uzun müddətli zaman üçün yetərli deyil. Digər tərəfdən, 529 milyard dollarlıq xarici borc olan Rusiyada borc öhdəlikləri rezervlərdən 34 faiz çoxdur. Bu isə, Rusiyada "sığorta yastığının" çox həssas olduğundan xəbər verir. Unutmayaq ki, 2017-2019-cu illər üçün orta hesabla 1.3 faiz iqtisadi atım proqnozlaşdıran beynəlxalq maliyyə qurumları isə bu qənaətə yeni sanksiyalardan öncə gəlmişdilər". Onun sözlərinə görə, Şimal qonşumuzun makro-iqtisadi göstəricilərinin təhlili deməyə əsas verir ki, yeni sanksiyalar tam miqyası ilə tətbiq olunduğu halda rublun yenidən dəyərsizləşməsinin qarşısını almaq çətin olacaq. Təbii ki, hələlik sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcəyi gözlənilir və bu baxımdan da xarici valyutaya tələb artsa da Moskva rublu müəyyən müddət qorumağa çalışacaq. Amma sankiyaların tam gücü ilə tətbiq olunacağı və xüsusən də Avropa Birliyinin əsas dövlətlərinin bu qadağalara qoşulacağı halda ilin sonuna doğru rubla təzyiq kəskin artacaq. Bu halda rublun yenidən dəyərsizləşməsi qaçılmaz ola bilər: "Rusiya pulunun dəyərsizləşməsi iqtisadi baxımdan bizim üçün də arzuolunan deyil. Çünki, bu Rusiyaya ixracatımıza, orada yaşayan həmyerlilərimizin iqtisadi aktivliyinə təsir göstərir. İxrac olunan kənd təsərrüfatı məhsullarımızın 90 faizinin Rusiya bazarına göndərildiyini, remitensinin həcminin 1 milyard dollardan çox olduğunu nəzərə alsaq bu təsirləri qiymətləndirmək çətin olmaz. Ucuz rubl manatın məzənnəsi üçün də arzuolunan deyil. Bu baxımdan, Rusiyaya tətbiq edilən yeni sanksiyalardan sonra Azərbaycan Mərkəzi Bankı rubl ilə bağlı bədbin ssenarilərin valyuta bazarımıza təsirini minimumlaşdırmağa öncədən hazır olmalıdır".

Ekspert əlavə edib ki, son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib. Yalnız bu ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb. Avropa pulunun bahalaşması avrozona ölkələrinin iqtisadi göstəricilərinin yaxşılaşması və eləcə də ABŞ ixracatını artırmağa çalışan Ağ Evin dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlıdır. Belə ki, dollar yalnız avroya nisbətən deyil, digər əksər aparıcı valyutalara nisbətən də dəyər itirməkdədir. Bu ilin ikinci rübü İspaniya daxil olmaqla əksər avrozona dövlətləri üçün nikbin sonluqlarla yekunlaşıb. 0.9 faizlik artımla İspaniya böhrandan əvvəlki vəziyyətinə qayıtmaqdadır. Fransadakı son prezident seçkilərindən sonra Avropa Birliyi daha möhkəm təsir bağışlayır ki, bu da avronun xeyrinə işləyən faktorlardandır: "Əgər bu göstəricilər də birlik iqtisadiyyatına pozitv notlar əlavə edəcəkəsə o zaman avronun möhkəmlənməsi davam edə bilər. Bu arada manat da avroya nisbətən ucuzlaşmaqda davam edir. Əgər aprel ayında Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 1 avro almaq üçün 1.80 qəpik ödəmək lazım idisə indi 1 avro üçün 2 manatdan çox ödəmək lazımdır. Bu isə o deməkdir ki, son 4 ayda manat avroya nisbətən 10 faiz ucuzlaşıb. ABŞ puluna nisbətən stabillik nümayiş etdirən milli valyutamızın Avropa pulu qarşısında ucuzlaşması təbii ki, avronun dollara nisbətən möhkəmlənməsi ilə bağlıdır. Belə ki, manatın dollara nisbətən birbaşa, digər valyutalarla çarpaz məzənnəsi müəyyənləşdiyi üçün qlobal valyuta bazarında baş verənlər milli valyutamızn başqa dönərli pullar ilə kursuna birbaşa təsir göstərir. Bu isə o deməkdir ki, əvvəllər də qeyd etdiyimiz kimi, yığımın bir valyutada deyil, valyuta səbəti formasında ən azı 3 valyutada aparılmasına ehtiyac var".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR