Ölkədə işsizliyin səviyyəsi aşağı düşüb

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində işsizlik səviyyəsi azalıb, yeni müəssisə və zavodlar hesabına çoxlu sayda iş yerləri açılıb. Hazırda da davam edən bu proqramlar nəticəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub. Millət vəkili Məlahət İbrahimqızı ölkədə işsizliyin aradan qaldırılması istiqamətində görülən tədbirləri şərh edərkən deyib ki, bu, özlüyündə dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Millət vəkili qeyd edib ki, son illərdə qeyri-neft sənayesinin inkişafı da bu baxımdan böyük əhəmiyyətə malikdir: "Son illərdə respublikanın butun resurslarindan ve potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin reallıqlarını xarakterizə edir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Qeyd etmek lazimdir ki, 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsi də işsizliyin aradan qaldırılmasına mühüm töhfələr verib. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,6 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 190 minə yaxın yeni iş yeri açılıb ki, onun da 148 mini daimidir. Onu da qeyd edim ki, 2017-ci ilin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla davam etdirilir. Sadalananlarla yanaşı, ölkəmizdə iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələrin uğurla yerinə yetirilməsi də əhalinin məşğulluğunun artırılması və işsizliyin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir".

Məlahət İbrahimqızı qeyd edib ki, əldə edilən nailiyyətlər Azərbaycanda uğurlu sosial-iqtisadi siyasətin həyata keçirildiyini söyləməyə əsas verir: "Təsadüfi deyil ki,  iqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət  siyasətinin bütün istiqamətlərində və sahələrində mərkəzdə məhz Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bir daha bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır".

Məhz həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin, sosialyönümlü layihələrin qanunauyğun nəticəsi kimi, Azərbaycanda insanların rifah halı daha da yaxşılaşdırılıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Son 13 ildə əhalinin yüksək sosial təminatının əsas göstəricilərindən biri kimi qəbul edilən yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində əldə olunan uğurlar da xüsusi qeyd edilməlidir. Dövlət siyasətinin əsas hədəfi respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılmasıdır.  Və bu, özünü çox qısa müddətdə yoxsulluq səviyyesinin  50 faizdən 5 faizədək düşməsində göstərib". Millət vəkili bildirib ki, əvvəlki illərdə olduğu kimi ölkəmizin cari il üçün dövlət büdcəsi də sosialyönümlü olması ilə fərqlənir: "Belə ki, Milli Məclisin bir müddət öncə keçirilən növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinin qəbul edilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin davamlı xarakter daşıdığını göstərir. Milli Məclisdə təsdiqlənən yeni qanun layihəsinə əsasən büdcəyə cəlb ediləcək vəsaitlərin böyük qisminin sırf sosial istiqamətlərə xərclənməsi nəzərdə tutulub.

Ümumiyyətlə, Azərbaycanın davamlı olaraq həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Bu baxımdan, Azərbaycan dövlətinin məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər görməsini də xüsusi vurğulamaq lazımdır. Ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir. Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər görülür. Son olaraq iyunun 27-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib. Mərasimdə çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusən də böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır, öz qayğısını göstərir.

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR