Tütünçülüyün inkişafında inqilabi yenilik

Prezidentin təsdiq etdiyi Dövlət Proqramı bu inkişafı şərtləndirir

Qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi ölkəmizdə əsas prioritetlərdən biri sayılır. Artıq bir neçə ildir ki, bu istiqamətdə məqsədyönlü addımlar atılır, islahatlar həyata keçirilir. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, bu zaman ənənəvi, eləcə də ölkəyə xarici valyuta gətirə bilən sahələrin inkişaf etdirilməsi əsas diqqət mərkəzində olur. Bu baxımdan pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı xüsusi əhəmiyyət kəsb edir. Elə dövlət başçısının istər keçən il, istərsə də bu il regionlara səfərləri zamanı qeyd edilən sahələrin inkişaf etdirilməsinə həsr olunmuş müşavirələr keçirməsi deyilənlərin əyani sübutudur.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal-qərb regionuna səfəri zamanı Qax rayonunda tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirdi. Müşavirədə geniş və məzmunlu şəkildə çıxış edən dövlət başçısı tezliklə tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramının qəbul olunacağını bildirdi. Beləliklə, çox keçmədən Prezident İlham Əliyev "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nı təsdiq etdi. Proqramın məzmununa nəzər yetirsək aydın şəkildə görərik ki, sənəd çoxşaxəlidir və onun icrası Azərbaycanda tütünçülüyün inkişafında inqilabi bir yenilik olacaq. Çünki Azərbaycan bu sahədə müəyyən təcrübəyə malikdir. Eyni zamanda tütün istehsalı üçün ölkəmizdə münbit şərait, coğrafi mühit var. Məlumdur ki, Azərbaycanda tütün istehsalı vaxtıilə 57-60 min tona yaxın olub. Hazırda isə mövcud imkanlar onun istehsalını hətta 100 min tona çatdırmağa malikdir. Baxmayaraq ki, hazırda ölkədə cəmi 5-6 min ton tütün istehsal olunur. Ancaq təbii ki, bunun üçün yeni istehsal müəssisələri, zavodların tikilməsi, yaxud köhnə, Sovet dövründən qalan zavodların yenidənqurulması şərtdir. Elə Prezidentin təsdiq etdiyi Proqramda da bu məqam öz əksini tapır. Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ölkədə beynəlxalq standartlara uyğun tütün məmulatı istehsal edən müasir zavodun tikilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün müvafiq tədbirlər görsün. Öncəliklə onu qeyd edək ki, tütün istehsalı ilə məşğul olan yeni bir zavodun tikilməsi istehsal edilən məhsulun keyfiyyətinin artmasına, ona olan tələbatın çoxalmasına imkan yaradacaq. Etiraf etmək lazımdır ki, hazırda ölkəyə idxal edilən tütün məmulatlarının keyfiyyəti heç də istehlakçıları qane etmir. Buna baxmayaraq tütün və tütün məhsullarına olan tələbat onun Azərbaycana idxalını şərtləndirir. Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramının uğurla icrası isə artıq bu problemi aradan qaldırmış olacaq. Nəticə etibarilə Azərbaycandan tütünün idxalı məqsədilə xaricə çıxarılan valyuta elə ölkə daxilində dövr olunacaq. Bu arada bir məqamı qeyd etmək yerinə düşər. Belə ki, dövlət başçısının Qaxda keçirdiyi müşavirədə qeyd etdiyi kimi hazırda ölkəyə 10 milyarda yaxın siqaret ölkəyə idxal olunur. Azərbaycana idxal edilən tütün məhsullarının isə cəmi 1,6 milyardı daxili tələbat hesabına ödənilir. Yəni, daxili tələbatın 90 faizə qədərini biz idxal edirik ki, bu da 150 milyon dollara yaxın vəsait deməkdir. Deməli, tütünçülüyün inkişafı, bu məqsədlə qəbul edilmiş Dövlət Proqramının icrası 150 milyon dollara yaxın vəsaitin Azəbaycanda qalması deməkdir. Bura istehsal etdiyimiz keyfiyyətli tütün məhsullarına olan xarici maraq və onun ixrac imkanlarını əlavə etsək kifayət qədər böyük məbləğ edər.

Prezidentin təsdiq etdiyi Dövlət Proqramı ölkədə məşğulluğun da artırılmasına, işsizlik səviyyəsinin tamamilə minimuma enməsinə səbəb olan amillərdən sayıla bilər. Təkcə, proqrama əsasən inşa ediləcək yeni zavodda yüzlərlə işçi çalışacaq ki, bu da şimal-qərb regionunun əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərən amillərdən sayıla bilər. Eyni zamanda bu kənd əhalisinin məşğulluğunun artması demək olacaq.

Tütünçülüyün inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramı ölkədə sahibkarlar üçün də yeni imkanlar yaradacaq. İş adamları bu sahənin inkişafına sərmayə qoymaqda maraqlı görünəcəklər. Paralel olaraq xarici investorların da ölkəmizə marağının artacağı şübhəsizdir. Çünki ölkədə sahibkarlar üçün yaradılan şərait, onlara dövlət tərəfindən verilən güzəştli kreditlər Azərbaycanı xarici investorlar üçün də cəlbedici ölkəyə çevririr. Və bu imkanlardan istər yerli, istərsə də xarici iş adamlarının yararlanmaq istəkləri qıza zamanda özünü büruzə verəcək.

Göründüyü kimi, Azərbaycan qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatının inkişafında yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələ daxili istehsal hesabına yerli tələbatı ödəməklə yanaşı, ölkəmizin ixrac potensialının artırılmasına, daha çox Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasına hesablanıb. Bu istiqamətdə görülən işlər, qəbul edilən qərarlar qısa zamanda uğurlu nəticələrin əldə ediləcəyinə əsas verir.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR