Ərzaq təhlükəsizliyi daxili imkanlar hesabına təmin ediləcək

Azərbaycanda kənd təsərüfatının potensialı kifayət qədər böyükdür

Prezident İlham Əliyevin işritakı ilə Qax rayonunda keçirilən respublika müşavirəsi ölkədə ərzaq təhlükəsizliyini təminatı baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən müşavirədə qaldırılan məsələlərin icrası, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi heç şübhəsiz ki, aqrar sahənin inkişafında mühüm rol oynayacaq.  Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib ki, prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Nəticədə, ölkənin potensialından daha səmərəli istifadə olunur, regionlarda iqtisadi aktivlik artır və işsizlik problemi həllini tapır, insanların sosial təminatları getdikcə güclənir. C.Osmanov bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişib, regionlar da iqtisadi güc amilinə çevirib. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb: "Müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionlarda güclü sahibkarlar ordusu formalaşıb. Bu gün bölgələrdə aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir. Artıq bölgələrdə 32 iri fermer təsərrüfatı uğurla fəaliyyət göstərir. Yaxın perspektivdə respublikanın ayrı-ayrı bölgələrində 40-dək iri aqroparkın yaradılması nəzərdə tutulub.  Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. Dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizdə yeni reallıqlar yaradıb.  Prezident İlham Əliyev avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində qarşıda duran hədəflər barədə fikirlərini bildirib. Dövlət başçısının qeyd etdiyi kimi 2004-cü ildən bu günə qədər Azərbaycan regionlarının inkişafı tarixi nailiyyətdir. Düşünürəm ki, bu müşavirənin nəticəsi olaraq regionların sosial-iqtisadi inkişafında  daha yüksək nəticələr əldə olunacaq".

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə deyib ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə olunur. Hazırda aqrar sahəni innovasiyalar tətbiq etmədən inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. Bunu nəzərə alaraq ölkə başçısının tapşırığı əsasında aqrar sahədə innovasiyanın tətbiqi istiqamətində geniş işlərə başlanıb.  E.İbrahimov bildirib ki, hazırda qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan aqrar sahənin daha da inkişafı üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, Qax rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi bu faktı bir daha təsdiqləyir: "Kənd təsərrüfatında dərin islahatların əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı istehsalının zonalar üzrə ixtisaslaşmasıdır. Ulu öndərimiz Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə kənd təsərrüfatının ixtisaslaşması geniş tətbiq olunurdu və bu aqrar sahənin inkişafına böyük təkan verirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev kənd təsərrüfatının zonalar üzrə ixtisaslaşdırılmasına dair konkret tapşırıqlar verir. Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olmuş və müvafiq sənədlər imzalanıb. Qaxda keçirilən respublika müşavirəsi bir daha təsdiqlədi ki, dövlət başçısı bu sahədə görülən işləri xüsusi diqqət mərkəzində saxlayır. Müşavirədə qeyd olunduğu kimi son iki ildə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafında müəyyən irəliləyişlər əldə olunub. Amma hazırda görülən işlər nəticəsində bu sahələrdə daha böyük nəticələr qazanılacaq. Müşavirədə qeyd edildiyi kimi, iki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək. Eləcə də, digər sahələrdə də ciddi tədbirlər görülür ki, tütünçülük və baramaçılıq daha da inkişaf edəcək və xarici ölkələrə ixracı daha da artacaq. Bu ilin altı ayında  ixrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Hazırda ölkədə qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Beləliklə, dövlət başçısının vurğuladığı kimi  idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Azərbaycanda kənd təsərüfatının potensialı kifayət qədər böyükdür və görülən işlər bu sahənin iqtisadiyyatımızdakı yerini daha da artıracaq".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR