Ənənəvi ixracyönümlü sahələrin inkişafı diqqət mərkəzindədir  

Azərbaycanda tütünçülüyün inkişafı üçün bütün imkanlar mövcuddur

Prezident İlham Əliyev tərəfindən  kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, bu növ məhsulların ixracatının artırılması istiqamətində müvafiq qurumlara bir sıra tapşırıqlar verilmişdir. Sözügedən tapşırıqlar əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi ilə məhsuldarlığın artırılması, konkret olaraq pambıqçılığın, çayçılığın, üzümçülüyün, baramaçılıq və tütünçülüyün inkişafı ilə bağlıdır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, sadalanan sahələr üzrə əkin yerləri genişləndirilmiş, məhsuldarlığın artmasına nail olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişaf etdirilməsi də qarşıya qoyulan məqsədlərdəndir. Bu sahənin inkişafında Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında" Sərəncamı böyük əhəmiyyət kəsb edir. Sərəncam ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Bu da, Azərbaycanda aqrar sektorun ən perspektivli sahələrindən olan tütünçülüyün inkişafı üçün atılan addımların təqdirəlayiq olduğunu göstərir. Xatırladaq ki, dövlət başçısının tapşırıqlarının icrası məqsədilə tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçirilmiş, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılmışdır. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, tütünçülük sahəsində çalışanların sayının əvvəlki illərlə müqayisədə  dəfələrlə artmasına səbəb olmuşdur. Bu isə o deməkdir ki, regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarında kənd təsərrüfatının digər ənənəvi sahələri kimi, tütünçülüyün inkişafı da prioritet vəzifə olaraq qarşıya qoyulmuşdur.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda ənənəvi tütünçülük sahəsini inkişaf etdirmək üçün hər cür imkan var. Bu sektorda həm böyük ənənə və təcrübə, həm keçmiş strukturdan qalma mütəxəssis bazası, emal fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət, daxili və xarici bazara çıxış imkanları var. Tütünçülüyün inkişafına göstərilən diqqət, onu deməyə əsas verir ki, yaxın perspektivdə istehsalı dəfələrlə artırmaq mümkün olacaq. Bu baxımdan, satış bazarını tapmaq, daxili bazarı tam təmin etmək, sonrakı mərhələdə ixrac imkanlarını genişləndirmək qarşıda duran əsas vəzifədir. Bu məqsədlərə nail olmaq üçün dövlətimizin başçısı hökumət qarşısında ciddi vəzifələr qoyub. Çünki tütünçülük post-neft dövründə ölkə iqtisadiyyatının inkişafını təmin edə biləcək əsas sahələrdən sayılır.

Ancaq etiraf edilməlidir ki, tütünçülüyün inkişafına elmi naliyyətlərin tətbiqi ilə mümkündür. Yalnız bu halda ən yaxşı tütün sortlarının yetişrirlməsinə nail olmaq mümkündür. Yeri gəlmişkən xatırladaq ki, vaxtı ilə dünyada olan 5 tütün tipindən 4-ü Azərbaycanda becərilirdi. Lakin bu sortların yetişdirilməsi zamanı torpaq-iqlim şəraiti, bioloji və təsərrüfat xüsusiyyətləri, becərmə, qurutma üsulları nəzərə alınmırdı. Ətirsiz iriyarpaqlı sortlar üçün   becərmə üsulları ətirli sortlara da tətbiq olunurdu ki, nəticədə aşağı keyfiyyətli məhsul alınırdı.Tütün sortlarının torpaq-iqlim şəraitinə, becərmə və qurudulma texnologiyasına tələbi müxtəlifdir. Hətta eyni botaniki sort müxtəlif torpaq-iqlim şəraitində fərqli səpin norması, hektara əkilən bitki sıxlığı, səpin sxemi, becərmə və qurutma texnologiyası tələb edir. Bu sortlardan alınan xam məhsulun və toxumun qiymətləri də müxtəlif olur. Mütəxəssislərin qənaətinə görə, tütünün keyfiyyətində onun sortu, torpağın münbitliyi, su rejimi, aqrotexnika və s. mühüm rol oynayır. Məhsulun keyfiyyəti sahədə formalaşır. Lakin hidroskopik olduğundan texnoloji proseslərdən keçdikcə dəyişir. Odur ki, tütünçülüyün inkişafına sırf elmi yanaşma tələb olunur.

Məhsulun keyfiyyəti dedikdə isə burada ilk növbədə xammalın əmtəə keyfiyyəti və kimyəvi tərkibi nəzərdə tutulur. Tütün istifadə edilərkən ağızda, selikli qişada, burunda və ciyərdə qana keçir, əsəb sisteminə fizioloji təsir göstərir. Keyfiyyətli tütün xammalı istehsal etmək üçün becərilən botaniki sort əsas meyardır. Lakin müxtəlif aqrotexnika gübrələmə, qurutma texnologiyası tətbiq olunmaqla sortun keyfiyyətini idarə etmək mümkündür. Azərbaycanda yetişdirilən ətirli tütünlər qurupuna "Samsun-155", "Samsun-Apsna", "Dübek-2898", "Amerikan-273" növləri aiddir. Mütəxəssilər hesab edirlər ki, tütünün keyfiyyətini artırmaq üçün müxtəlif sort toxumlar seçilməli, ən yaxşılarının toxumçuluğu təşkil edilməli, əkinçilik, habelə qurutma mədəniyyəti tətbiq olunmalı, xammalın beynəlxalq standartlara uyğun emalı və saxlanması düzgün həyata keçirilməlidir.

Bundan başqa,  Azərbaycanda tütünçülüyü tam bərpası üçün ilk növbədə onun bazarı müəyyənləşdirilməli, sonra isə keyfiyyətli toxum istehsal edilməlidir. Fermer təsərrüfatlarında və tütün emalı müəssisələrində çalışanlar maarifləndirilməli, onlara kömək göstərilməlidir. Bu sahəyə köhnə təfəkkürlə yanaşmaqdan, məhsulun keyfiyyətinə deyil, kəmiyyətinə maraq göstərməkdən daşınılmalıdır. Etiraf etməliyik ki, bu gün əldə edilən nailiyyətlərə baxmayaraq, hazırda istehsal olunan tütünün   keyfiyyəti sənayenin tələblərinə cavab vermir. Halbuki tütün sənayesinin keyfiyyətli tütünə, xüsusi ilə ətirli tütünə çox ciddi ehtiyacı var. Hazırda siqaret çəkən 50 il bundan əvvəl siqaret çəkən deyil. İndi siqaretin keyfiyyətinə, ətrinə xüsusi diqqət yetirilir. Siqaret çəkən çalışır ki, ondan xoş iy gəlsin, sağlamlığına ciddi təsir göstərməsin. Məhz bu baxımdan tütünçülüyün inkişafı yeni texnologiyalar, keyfiyyətli sortlar və müasir becərmə, qurutmada mexanikləşdirmə tətbiq olunmasını tələb edir.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR