Azərbaycanın kənd təsərrüfatında inqilabı inkişaf

Ölkədə kənd təsərrüfatını inkişaf etdirmək, idxalı azaltmaqla ixrac potensialını artırmaq dövlətin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Burada müsbət tendensiya ondan ibarətdir ki, əsas etibarilə regionlar üzrə ənənəvi sahələrin inkişaf etdirilməsi əsas diqqət mərkəzindədir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Qax rayonunda şimal-qərb regionunda tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafı etdirilməsinə həsr olunmuş respublika müşavirəsi də bunu təsdiqləyir. Müşavirədə prezident İlham Əliyevin geniş və məzmunlu çıxışından gəlinən qənaət ondan ibarət oldu ki, dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək. Dövlət başçısı çıxışında bildirdi ki, Azərbaycanda tütünçülük, baramaçılıq, fındıqçılıq sahələri ilə bağlı  çox böyük və zəngin ənənələr vardır. Bu sahələr uğurla inkişaf edəcək. Nəticə etibarilə həm fermerlər, həm də dövlət daha böyük fayda götürəcək.

Elə ekspertlər də hesab edirlər ki, sözügedən sahələrin inkişafı iqtisadi sahədə müsbət tendensiyalara səbəb olacaq. Ən əsası isə Azərbaycanın ixrac potensialı artacaq və Azərbaycan məhsulları xarici bazarlara yol tapacaq. Bu isə ölkəyə xarici valyutanın daxil olmasına gətirib çıxaracaq.

Millət vəkili Azər Badamov deyir ki, bu baxımdan avqustun 4-də Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsi xüsusi əhəmiyyətə malikdir və mühüm hadisədir. Millət vəkilinin sözlərinə görə, sözügedən müşavirədə dövlət başçısı ölkəmizdə texniki bitkilərin yüksək inkişafını təmin edəcək yeni vəzifələr və hədəflər müəyyənləşdirdi: "Əsas hədəflərdən birisi istehsal olunacaq texniki bitkiləri xammal şəkilində yox, son hazır məhsul şəkilində istehsal edib ixrac etməkdir. Bu da emal sənayemizin inkişafına və nəticədə ölkəmizə daha çox valyuta gəlməsinə, işsizlik məsələsini birdəfəlik aradan qalxmasına gətirib çıxaracaqdır". Azər Badamov qeyd edib ki, kənd təsərrüfatının inkişaf etdirilməsinə göstərdiyi yüksək dövlət dəstəyi sayəsində dövlət başçımızın müəyyənləşdirdiyi bütün hədəflər icra olunacaq və biz Azərbaycanın kənd təsərrüfatında inqilabı inkişafın şahidi olacağıq: "Müsbət qeyd edilməli məqamlardan biri ondan ibarətdir ki, artıq regionlar üçün spesifik olan sahələr müəyyənləşdirilib və həmin sahələrin inkişaf etdirilməsi istiqamətində sistemli iş aparılır. Aran zonası üzrə pambıqçılığın, şimal-qərb zonası üzrə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər, həyata keçirilən islahatlar bunun əyani sübutudur".

Millət vəkili Tahir Mirkişili də hesab edir ki, prezidentin iştirakı Qaxda keçirilən müşavirə ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində yeni bir mərhələ olacaq. Millət vəkili deyib ki, tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsi Azərbaycanın ixrac potensialını artıracaq, ölkədən valyuta axınının çıxmasının qarşısını alacaq. Tahir Mirkişili deyib ki, 2004-cü ildən həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları bu inkişafı şərtlədirir: "13 il ərzində fermerlərə milyardlarla manat həcmində kreditlərin verilməsi də əslində kənd təsərrüfatının inkişafı məqsədi daşıyırdı. Ötən illər ərzində həyata keçirilən tədbirlər ölkədə bu sahənin inkişaf etdirilməsinə gətirib çıxarıb. Artıq regionlar üzrə ənənəvi sahələr sürətlə inkişaf etdirilir, kənd təsərrüfatında istehsal nəzərə çarpacaq dərəcədə artır". Millət vəkili deyib ki, Preident İlham Əliyevin Qaxda keçirdiyi müşavirədə də bu zona üzrə ənənəvi sahələrin, tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafına zəmin yaradacaq: "Məlum olduğu kimi fındıqçılıq özünəməxsus xüsusiyyətləri olan bir sahədir. Onun müsbət cəhətlərindən biri ondan ibarətdir ki, onu uzun müddət saxlamaq imkanları daha genişdir. Giləmeyvələrlə müqayisədə bunu aydın görmək mümkündür. Əgər giləmeyvəni 1 həftə müddətində istehsal edib onun ixracını təşkil etmək məcburiyyətində qalırsansa, lakin fındıqçılıqda belə bir məhdudiyyət yoxdur. Yəni saxlama müddəti daha rahat və uzun müddətlidir. Lakin eyni zamanda fındığın ixracı ilə bağlı çox ciddi tələblər də var. Belə ki, Avropa Birliyinin bununla bağlı çox sərt tələbləri var. Fındığın tərkibindəki toksit maddələrlə əlaqədar Avropa Birliyinin verdiyi sertifikatlar, laboratoriyalarında aparılan araşdırmalarla bağlı xüsusi şərtlər var. Kifayət qədər həssas bir sahədir. Ona görə də fındığın istehsalı və ixracının daha effektli olması sahibkarlardan biliklər və yeni texnologiya tələb edir. Ona görə də bu sahənin Azərbaycanda inkişaf etdirilməsi kifayətqədər təqdirəlayiqdir və böyük bir potensialı var. Fındığın daha bir üstün cəhəti onu valyuta ilə ixrac etmə imkanlarının böyük olmasıdır. Dövlət başçısı da müşavirədə qeyd etdi ki, Azərbaycan artıq Avropa Birliyi ölkələrinin bəzilərinə, Rusiyaya, Asiyaya fındıq ixrac edir. Azərbaycanın artıq dünyada üçüncü olman potensialı, imkanı mövcuddur. Yeni fındıq tinklərinin əkilməsi, bununla bağlı dövlətin verdiyi dəstək, yeni əkin sahələrinin dövriyyəyə girməsi, əhalinin bundan böyük gəlir əldə etmək imkanlarının olması, yeni müəssisələrin açılması həm rayonların özünə, həm də əhalinin gəlirlərinin artmasına təkan verəcək. Eyni zamanda rayonların öz daxili imkanları hesabına inkişaf etməsinə şərait yaradacaq".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR