Bank sektorunda ciddi islahatların aparılmasına ehtiyac var

Mahir Abbaszadı: "Kreditləşmə məhdudlaşdırıldıqda ölkədə iqtisadi aktivlik zəifləyir"

Bazar iqtisadiyyatı şəraitində yaşayan əksər ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadiyyatın dinamik inkişafında əsas amillərdən biri bank sektoru hesab olunur. Xüsusən, qeyri-neft sektorunun dayanıqlı inkişafının təminatında bank sistemi xüsusi əhəmiyyətə malikdir. 1992-ci ildə "Azərbaycan Respublikasının Mərkəzi Bankı" və "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" qanunlarının qəbul olunması ilə ölkəmizdə bank sisteminin hüquqi-normativ bazasının əsası qoyulub. Məlum olduğu kimi Azərbaycan bank sistemi Mərkəzi Bank və banklardan və digər kredit təşkilatlarından ibarətdir. Kredit təşkilatları olan kommersiya bankları Qanunvericiliyə uyğun olaraq bütün bank əməliyyatlarını həyata keçirməklə bağlı müstəsna hüquqlara malikdir. Son illərdə ölkə rəsmilərinin müəyyən etdiyi strateji hədəflərə bank qanunvericiliyinin beynəlxalq qabaqcıl təcrübələrə və standartlara uyğunlaşdırılması, bank sisteminin təhlükəsizliyini və sağlamlığını təmin etmək, bank xidmətlərindən istifadəni genişləndirmək, bank sistemində şəffaflığı artırmaq, bazar intizamını təkmilləşdirmək və bank nəzarəti sahəsinin effektivliyini təkmilləşdirmək kimi amillər daxildir. Bütün sadalananlara baxmayaraq iqtisadi proseslərin tənzimlənməsində bank sisteminin rolu zəifləyib. Lakin hazırda iqtisadiyyatda bank sektorunun rolunun artırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə qeyd edib ki, Azərbaycanda bəzi bankların birləşdirilməsi, konsolidasiya edilməsi, eləcə də yeni maliyyə qurumlarının yaradılması və informasiya-kommunikasiya sahəsində innovativ xidmətlər vasitəsilə insanların bu sektora çıxışının asanlaşdırılması əsas istiqamətlərdəndir. Strateji yol xəritələri qəbul olunduqdan sonra Azərbaycanda kredit bürolarının yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin daha da gücləndirilməsi, inkişafı ilə bağlı elektron hökumətin tətbiqi öz müsbət təsirini göstərməkdədir. İpoteka Fondunun "Elektron hökumət" portalına inteqrasiyasının təmin olunması da əhalinin maliyyə mənbələrinə çıxışının asanlaşdırılmasına yönəldilmiş addımdır:  "Azərbaycan son 10 ildə dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılmışdır ki, bunun sayəsində ölkəmiz dünya iqtisadiyyatında özünəməxsus yerlərdən birində qərarlaşdırılıb. Azərbaycanda baş verən iqtisadi prosesləri nə dünyadan, nə də regiondan ayrı təsəvvür etmək mümkün deyil. Bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə enerji sahəsində fəaliyyətimiz Avropanın ümumi enerji təhlükəsizliyində mühüm rol oynayır, ölkəmiz hazırda dünyanın 11 böyük logistik mərkəzini özündə birləşdirir. Biz "Əsrin müqaviləsi"ni reallaşdıran, TAP və TANAP kimi çox əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak edən bir dövlətik. Bu nöqteyi-nəzərdən, dünya iqtisadiyyatında baş verən hadisələrin Azərbaycan iqtisadiyyatından yan keçməyəcəyi də aydın məsələdir. Digər valyutalarla bərabər, Azərbaycan manatının da dollardan asılılığını nəzərə alsaq, dünyada baş verən hadisələrin ölkənin həm ümumi iqtisadiyyatına, həm də bank-maliyyə sektoruna təsiri anlaşılandır. Azərbaycan iqtisadiyyatı açıq iqtisadiyyatdır. Bu iqtisadiyyatın daha da böyüməsi üçün uzaq-yaxın ölkələrlə iqtisadi əlaqələrin qurulması zəruridir. Buna görə də ABŞ-da FET tərəfindən dolların qiymətinin qaldırılması avtomatik olaraq Azərbaycanda da dollara tələbatın və eləcə də dolların bazar qiymətinin artmasına gətirib çıxardı. Bu isə öz növbəsində iqtisadi siyasətin manevr imkanlarına məhdudlaşdırıcı təsir etməklə yanaşı, bankların valyuta mövqeyinin zəifləməsinə səbəb oldu. 2014-cü ildən başlayaraq neftin qiymətlərinin kəskin azalması, ticarət tərəfdaşımız olan ölkələrdəki iqtisadi böhran nəticəsində Azərbaycanda iqtisadi artım sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyyə balansı və qeyri-neft büdcə kəsiri, maliyyə-bank sektorunda baş verən proseslər fonunda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yarandı". İqtisadiyyatın real sektorunun inkişafında bankların roluna gəldikdə millət vəkili bildirib ki, dünya iqtisadiyyatını bank sektorundan kənarda təsəvvür etmək mümkün deyil: "Çünki bank sektoru iqtisadiyyatda ən aparıcı, eləcə də stimullaşdırıcı sahədir. İstər beynəlxalq, istərsə də regional layihələrin həyata keçirilməsini planlaşdırarkən, ilk növbədə, onun iqtisadi əsaslarını hesablamaq lazım gəlir: layihəyə nə qədər vəsait qoyulacaq, bu vəsait hansı müddətə geri alınacaq, maddi qazanc nə olacaq və s. Son zamanlar Azərbaycanın bank sektorunda baş verən hadisələr ölkədə bütün iqtisadi sahələrə təsir etməkdədir. Yəni bank sektoru kreditləşməni məhdudlaşdırdıqda ölkədə iqtisadi aktivlik zəifləyir, insanların bazara çıxışı çətinləşir və nəticədə ticarət dövriyyəsi aşağı düşür. Bütün bu hadisələrin episentrində isə bank sektoru durur. Ona görə də bank sektorunu nəinki Azərbaycan iqtisadiyyatının, bütövlükdə dünya iqtisadiyyatının lokomotivi hesab etmək olar". Onun bildirdiyinə görə, bank sektoru Azərbaycan iqtisadiyyatının son 15 illik inkişafının ayrılmaz qolu olub: "Müstəqilliyimizin ilk illərindəki bank sektorunun fəaliyyətini indiki dövrlə müqayisə etsək, gözlərimiz qarşısında tam fərqli bir mənzərə canlanar. Ölkə iqtisadiyyatının digər sahələri inkişaf etdikcə yeni tələbatlara cavab verən bank-maliyyə sektoru da inkişaf edib. Amma təəssüf ki, son vaxtlar, xüsusilə 2015-ci ildən bəri Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində banklara olan etimad özünü tam doğrulda bilmədi. Xüsusilə banklarda kredit faizlərinin yüksək olması, bəzi insanların maliyyə savadsızlığından istifadə edən bankların xoşagəlməz hərəkətləri, qanunsuz əməliyyatları nəticədə vətəndaş-bank çəkişmələrinə yol açdı. Azərbaycan vətəndaşlarının böyük bir hissəsi məhz bankların belə yarıtmaz fəaliyyəti ucbatından ziyan gördü. Təsadüfi deyildir ki, ölkə prezidenti çıxışlarından birində qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatına ən çox zərbə vuran bank sektoru olub. Artıq ölkə iqtisadiyyatının müxtəlif sahələrində olduğu kimi, bank sektorunda da ciddi islahatlara başlanılmışdır. Bankların iqtisadi inkişafda rolunun artırılması və qeyri-neft sektorunun diversifikasiyası, real sektorun, xüsusilə də qeyri-neft sektorunun maliyyə resurslarına olan tələblərini düzgün qiymətləndirməklə sektora kredit qoyuluşlarının yüksəldilməsi, Azərbaycanın bütün bölgələrində biznes subyektlərinin, həmçinin əhalinin keyfiyyətli maliyyə xidmətlərinə çıxışının təmin edilməsi, nağdsız ödənişlərin və elektron bankçılığın miqyasının genişləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. 2015-2016-cı illərdə Azərbaycanda təxminən 11 bank bağlanmışdır ki, onların likvidliyi aşağı düşdüyündən çox təhlikəli vəziyyət yaranmış, bankların bağlanmaqdan başqa yolu qalmayıb. Bu zaman vətəndaşlarımızın zərər görməməsi üçün, məbləğindən və faizindən asılı olmayaraq, əmanətlər son üç il müddətində sığortalandı. Çünki əhalinin böyük hissəsinin təxminən 1 milyard manata yaxın  vəsaiti həmin banklarda yerləşirdi. Məhz bu qərardan sonra həm insanlar, həm də onların depozitləri böyük ziyandan qurtula bildi".

 Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR