Keyfiyyətsiz ərzaq məhsullarına görə heç kim məsuliyyət daşımaq istəmir

Sahibkarlar yoxlamaların dayandırılmasında sui-istifadə edirlər

Son vaxtlar əksər ticarət mərkəzlərində keyfiyyətsiz və yararlılıq müddəti ötmüş ərzaq məhsullarının satışına tez-tez rast gəlinir. Etiraf edilməlidir ki, belə məhsulların satışı hətta paytaxtın ən məhşur dükanlarında müşahidə olunur. Elə bu səbəbdən də ölkədə qidadan zəhərlənmə halları artıb. Vəziyyət o həddə çatıb ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən ehtiyatlı olmağı tövsiyyə edib. Xidmətin istehlakçılara  müraciətində bildirilir ki, yay mövsümünün başlaması və havaların qızması ilə əlaqədar istehlakçılara ərzaq məhsulları alarkən saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edilir. Belə ki, saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya açıq havada günəş altında saxlanılması ərzaq məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və кeyfiyyətinin aşağı düşməsinə səbəb olur: "Odur ki, ərzaq malları alarkən onların saxlanma şəraitinin məhsulun etiketində göstərilmiş məlumatlara uyğunluğuna, günəş şüalarının birbaşa təsirindən qorunmasına, ticarət obyektinin təmiz və yaхşı havalandırılan olmasına diqqət edin. Bu tələblərə əməl olunmayan ticarət obyektlərindən mal almaqdan çəkinin". Göründüyü kimi ölkənin ticarət şəbəkələrində ərzağın təhlükəsizliyi ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Ekspertlər hesab edirlər ki, yaranmış vəziyyəti təkcə ərzaq məhsullarının saxlanma şəraiti ilə əlaqələndirmək düzgün olmazdı. Bu məsələdə bir sıra obyektiv və subyektiv amillər var ki, onlara ictimai və inzibati nəzarətin gücləndirilməsinə ehtiyac var. Bu amillərdə biri də sahibkarlarla bağlı yoxlamaların dayandırılmasıdır ki, bir sıra "işbazlar" dövlət başçısının bu humanitar qərarından sui-istifadəyə yol verirlər.

Sahibkarların hüquq və maraqları layiqincə müdafiə olunur

Vegilər Nazirliyindən bildirilir ki,  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun heç də sui-istifadə hallarına yol açmır. Əksinə, bu qanun ölkəmizdə sahibkarlıq sahəsində yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələləri özündə ehtiva edir. Qanunun əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Bu məqsədlə qanunda nəzərdə tutulub ki, sözügedən tələblərə uyğun olmadan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur. Qanunda yoxlamaların məqsəd və prinsiplərini dəqiq müəyyən edilib. Belə ki, yoxlamaların əsas məqsədi kimi sahibkarların yol verdikləri hüquq pozuntularına görə cəzalandırılması yox, insanların həyat və sağlamlığının, əmlakının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi göstərilir. Eyni zamanda, yoxlayıcı orqanların siyahısının müəyyən olunması və təsdiq edilməsi nəzərdə tululur. Bunun məqsədi icra hakimiyyətləri orqanları tərəfindən özləri üçün yoxlama funksiyalarının təkbaşına müəyyən edilməsinin qarşısının alınmasıdır. Ən əsası, yoxlayıcı orqanlar tərəfindən bir-birilərinin səlahiyyətlərinin təkrarlanmasına və eyni predmet üzrə paralel yoxlamaların aparılmasına qadağa qoyulur. Qanunun böyük bir hissəsi yoxlamalar zamanı götürülən nümunələrin ekspertizasının tənzimlənməsinə həsr edilib. İndiki təcrübədən fərqli olaraq müəyyən edilir ki, bu cür ekspertizalar yalnız müstəqil laboratoriyalarda keçirilə bilər. Aparılan yoxlamaların kütləvi informasiya vasitələrində sahibkarın günahı təsdiq edilmədikdən əvvəl işıqlandırılmasına da qadağa qoyulur. Ona görə ki, bu cür təcrübə sahibkarların işgüzar nüfuzuna zərbə vurur.

Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması son zərurət tədbiri kimi

Qanunda yoxlamaların plan üzrə və plandankənar (növbədənkənar) formaları nəzərdə tutulur. Bu zaman plandankənar yoxlamaların əsasları detallaşdırılmışdır ki, bu da belə növ yoxlamaların sayının azaldılmasına xidmət edir. Belə ki, plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır. Bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimuma endirilməsinə yönəlib. Plandankənar yoxlamalar yeni qanuna görə yoxlayıcı orqanın istəyi ilə yox, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə bilir. Belə ki, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər. Yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ-hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilməsi tələbi qanunun əsas özəlliklərindən biridir. Qanunda sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir. Əsasən yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna iki ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid sahibkarlara isə üç ildə bir dəfədən çox olmayaraq aparılır. Qanunda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zərurət tədbiri kimi baxılır. Bundan başqa, yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üşün konkret mexanizmlər göstərilir və yoxlayıcı orqanların məsulliyyəti məsələləri də öz əksini tapır. Belə ki, qanunda göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.

Sahibkarlar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər

Respublikamız müstəqiliyini əldə etdikdən sonra dövlətimiz sahibkarlıq fəaliyyətinə xüsusi diqqət və qayğısını əsirgəməmişdir. Sahibkarlıq fəaliyyəti ilə bağlı bu qanunların qəbulu və mövcud qanunların təkmilləşdirilməsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamlar iş adamları tərəfindən böyük razılıqla qarşılanır. Dövlət başçısının "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qüvvəyə minməsi ilə bağlı imzaladığı fərman da sahibkarlara böyük qayğıdır. Sahibkarlar təbəqəsinin formalaşması Azərbaycanın inkişafına çox böyük töhfədir. Bu da sirr deyil ki, azad sahibkarlıq yalnız o ölkələrdə uğurla inkişaf edir ki, orada sahibkarlara, sahibkarlar sinfinə dövlət tərəfindən qayğı var, diqqət var. Bu gün bu qayğını bütün sahibkarlar hiss edirlər. Azad sahibkarlığın inkişafı, onların maneələrlə üzləşməmələri üçün dövlətimiz üzərinə düşən məsələləri həll edir. Eyni zamanda, sahibkarlar buna adekvat olaraq özəl sektorda üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Alim   

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR