Güzəşt hüququ olmayanlar da mənzil ala biləcək

"Son günlər "MİDA" MMC tərəfindən 3 yaşayış binasının tikintisinə inşaat şirkətinin cəlb edilməsi ilə bağlı suallar verilir. Qeyd edim ki, bununla sosial mənzil şəhərciyində yalnız güzəştli kateqoriya üçün deyil, həmçinin güzəşt hüququ olmayan vətəndaşlar üçün də mənzillərin satılması nəzərdə tutulacaq. Belə ki, "MİDA" MMC 3 yaşayış binasının (iki ədəd 12 mərtəbəli 1 bloklu və bir ədəd 9 mərtəbəli 2 bloklu) tikintisi ilə bağlı inşaat şirkəti ilə müqavilə bağlayıb. İnvestor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri "Güzəştli mənzil" elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq". "Olaylar" xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bununla belə, digər iki bina şirkət tərəfindən birbaşa şəhərcikdə mənzil almaq istəyi olanlara təklif ediləcək. Nəticədə, şəhərcikdə yerləşəcək həmin binalardakı mənzillərə güzəştli kateqoriyadan olmayan vətəndaşlar da sahib ola biləcək: "Gözlənilir ki, həmin binalardakı mənzillərin qiyməti sosial mənzillərə nisbətən daha yüksək olacaq. Təbii ki, "MİDA" həmin binalardakı mənzillərin qiymətinə müdaxilə etməyəcək, bu, birbaşa əmlak bazarındakı qiymətlərə uyğun olacaq. Bununla yanaşı, əgər vətəndaşın güzəştli statusu yoxdursa və sosial mənzil şəhərciyində evə sahib olmaq istəyirsə, o zaman sözügedən 2 binadakı mənzillərlə bağlı müraciət etmək hüququ olacaq". Ekspert qeyd edib ki, eyni zamanda 60 mənzillik 12 mərtəbəli binanın pulsuz olaraq MİDA-nın sərəncamına verilməsi sosial evlərin ümumi xərcinin və eləcə də sosial mənzillər üçün aylıq ödəniş məbləğinin azalmasına səbəb ola bilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR