Dolların bahalaşması manata necə təsir göstərəcək?

Ekspert: "İlin sonuna doğru manatın məzənnəsi ucuzlaşacaq"

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası baza faiz dərəcəsini 0,25 faiz bəndi, 0,75-1 faizdən 1-1,25 faizə qədər artırmaq qərarına gəlib. Bu qərar "Reuters" və "Bloomberg"in sorğuladığı analitiklərin konsensus-proqnozları ilə üst-üstə düşüb. Bu arada ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cannet Yellenin uçot dərəcəsinin "2020-ci ilə qədər 3,5%, 10 illik dövlət istiqrazları üzrə gəlirliyin 4% həddinə yüksəlməsini gözləyirik" açıqlamasından sonra "Fitch" beynəlxalq reytinq agentliyi  FED-in uçot dərəcəsini gözləniləndən daha sürətlə artıracağını bəyan edib. Bunun əksinə olaraq Rusiya Bankı uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 9% səviyyəsində təsdiq edib. Analitiklər faiz dərəcəsinin 0,5 faiz bəndi azalacağını ehtimal etsələr də, dünya maliyyə bazarında son zamanlar yaranan qeyri-müəyyən vəziyyət və neft qiymətlərinin düşməsi bankın faizləri 0,25% azaltmasına səbəb olub. Analitiklərin fikrincə, inflyasiya gözləntilərinin dayanıqlı şəkildə azalması Rusiya Bankının bu il uçot dərəcəsini mərhələli olaraq 8,25%-ə qədər azaltmasına səbəb olacaq. Maraqlıdır, belə halda manatın məzənnəsi hansı istiqamətdə dəyişə bilər? taleyini nə gözləyir? İqtisadçı Natiq Cəfəli bildirib ki, "Fitch"in bu açıqlaması dekabr toplantısında da faiz artımına gediləcəyini deməyə əsas verir: "Bir neçə gün öncə Federal Ehtiyatlar Sistemi növbəti faiz artımına getdi. Rəsmi məlumatdan görünür ki, ilin sonunadək ən azı daha bir dəfə faiz artımına gediləcəyi proqnozlaşdırılıb. Çox güman ki, bu, sentyabr-oktyabr toplantısında baş tutacaq. FED-in sürətlə faiz artımına getməsi Amerika iqtisadiyyatında dirçəlmə və toparlama prosesinin də sürətlə getməsinə işarə verir. Eyni zamanda, faiz artımının dünya iqtisadiyyatına çox ciddi təsirləri gözlənilir. Hələlik son faiz artımından sonra dünya birjalarında böyük çalxantı olmadı. Çünki artıq mart ayından bəri, iyunda faiz artıma gediləcəyilə bağlı rəy yaranmışdı. Obrazlı desək, dünya birjaları və bazarları bu xəbəri artıq həzm etmişdi. Bu baxımdan "Fitch"in daha sürətli faiz artımı ilə bağlı proqnozu sonuncu - dekabr toplantısında da artım olacağına işarə edir ki, bu da daha ciddi nəticələrə gətirib çıxaracaq. Çünki FED-in faiz artımı və uçot dərəcəsinin artırılması dünyada dollar indeksinin bahalaşmasına, yatırımları Amerikaya geri çəkməyə xidmət edəcək. Obrazlı desək, dollar "ev"inə geri dönür. Yəni Amerika yatırımlar üçün çox cəlbedici bir ölkəyə çevrilir. Ona görə də dollar indeksinin bahalaşması dünya birjalarında iki yöndən təsirlərini göstərir: dollar bahalaşdıqca digər ölkələrdə də banklar uçot dərəcələrilə bağlı qərar verməyə məcbur olurlar. İkinci, ən böyük təsir isə əmtəə qiymətlərində özünü biruzə verir. Bunlar qızıl, neft, daş kömür və bu tipli enerji daşıyıcıları, əlvan metalların qiymətlərinə təsir göstərir. Dollar bahalaşdıqca onların qiyməti aşağı düşür". N.Cəfərli bildirib ki, uçot dərəcəsinin artımı ilə bağlı qərarlar manatdan da yan keçməyəcək: "Mərkəzi Bank inzibati yolla olsa da manatın məzənnəsini sabitləşdirib. Artıq 3 aydır ki, milli valyuta dollarla nisbətdə 1.70 AZN civarındadır. Manatı dövriyyədən yığırlar və bununla da milli valyutanın dollara qaçmasının qarşısını alırlar. Bu da iqtisadi aktivliyi zəiflədir. Rəsmi rəqəmlərə görə, bu ilin ilk 4 ayı ərzində ÜDM 1,4 faiz azalıb. Təbii ki, Mərkəzi Bank uzun müddət belə sıx siyasət apara bilməyəcək. Ölkənin əsas hədəfi iqtisadi canlanma olmalıdır. İqtisadi canlanma üçün pul, kreditləşmə vacibdir. Gec-tez Mərkəzi Bank bu addımları atmaq məcburiyyətində qalacaq. Manatın dövriyyəsi qalxdıqca, məzənnəsində ciddi dəyişikliklərin olması ehtimalı yüksələcək. Mən kəskin addımların, bir gecəlik devalvasiyaların olacağını düşünmürəm. Bu kimi proseslər artıq arxada qalıb. Çünki hökumət və Mərkəzi Bank anladı ki, şok devalvasiyalar iqtisadiyyata çox böyük ziyan vurur. Amma yumşaq şəkildə, addım-addım məzənnənin ucuzlaşmasının şahidi olacağıq. Xüsusilə də payız aylarından başlayaraq dekabrın sonunadək bunu izləyə biləcəyik. Bu addımların atılması ehtimalları çox yüksəkdir". İqtisadçı ekspert Rəşad Həsənov qeyd edib ki, manatın məzənnəsi üçün təhlükə yaradan əsas amillər məhz psixoloji amillərdir: "İndiki halda valyuta bazarlarındakı durumu və Beynəlxalq bankın dövriyyədən kənarda saxlanılmasını nəzərə alsaq, manatın məzənnəsi üçün psixoloji faktorları əsas amil kimi götürmək olar. Bunlardan biri neftin qısamüddətli dövrdə ucuzlaşmasından qaynaqlana bilər. Mayın 25-də OPEK-in neft hasilatının tənzimlənməsi ilə bağlı qərar qəbul etməsinə baxmayaraq, bundan sonrakı dövrdə qiymətlər davamlı olaraq ucuzlaşır. Son 20 gündə neftin qiyməti 46-47 dollara qədər, təxminən 12 faizə qədər ucuzlaşıb. Belə bir şəraitdə proses bu istiqamətdə davam edərsə, ABŞ-ın neft hasilatındakı artım trendi bundan sonrakı dövrdə də baş verərsə, neftin qiymətinin 40 dollara qədər ucuzlaşması, bəzi hallarda 40 dollardan da aşağı düşməsi ehtimalları var. Bu, baş verərsə qısamüddətli dövrdə valyuta bazarlarında kəskin bahalaşma müşahidə oluna bilər. Çünki bu il bazar iştirakçıları daha çox neftin qiymətin fokuslanıblar. Ola bilər ki, müəyyən alışlar baş versin. Nəticədə manat öz dəyərini itirsin. Lakin bu faktor qısamüddətli olacaq. Qeyd etdiyimiz proses 2018- ci ilə adlayarsa, o zaman hökumətin fiskal və monetar siyasətinin daha da sərtləşməsi xətti ortaya çıxır. Neft Fondundan transferlərin daha da azalaması riskləri yarana bilər. Belə olduğu təqdirdə təbii ki, valyuta bazarları, əsas valyuta qaynağı sayılan Neft Fondunun konvertasiyalarından müəyyən qədər daha az faydalana biləcək. Bu da 2018-ci ildə manatın orta və uzunmüddətli dövr üçün ucuzlaşması risklərini artırır".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR