Dövlət istehsal olunan məhsulların ixracını daha səmərəli təşkil ermək üçün konkret addımlar atır

"Bütün bunlar isə Azərbaycan iqtisadiyyatının daha sürətli və dayanıqlı inkişafından xəbər verir"

Azərbaycanın yeni iqtisadi tələblər və günümüzün reallıqlarına uyğun qeyri-neft sektorunu inkişaf etdirməkdə maraqlı olması və bu sahəni prioritet hesab etməsi dövlət başçısının bir neçə gün əvvəl Yevlax rayonunda qeyri-neft ixracatçıları ilə keçirdiyi müşavirədən də bir daha aydın oldu. Müşavirədə Prezident İlham Əliyevin geniş, proqram xarakterli çıxışı və sahibkarlara müvafiq tapşırıq, tövsiyyələr verməsi, eləcə də mövcud imkanlar tezliklə bu sahədə daha ciddi nailiyyətlərin əldə ediləcəyindən xəbər verir. Elə iqtisad elmləri doktoru, professor Fikrət Yusifov da belə düşünür. O, bildirib ki, dünya iqtisadi müstəvisində baş verən təlatümlər fonunda ötən il ölkəmizin iqtisadiyyatında yaranmış durğunluq bu gün artıq öz yerini sürətli inkişafa verib. İqtisadçının sözlərinə görə, belə pozitiv göstəricilərin əldə edilməsi yaranmış şəraitdə hökumətin apardığı düzgün iqtisadi islahatların nəticəsində mümkün olub: "Tədqirəlayiq haldır ki, bu gün hökumət aparılan islahatların uğurlu nəticələri ilə kifayətlənmir, o, eyni zamanda, qeyri-neft sektorunda istehsal həcmi günbəgün artan məhsulların xarici bazarlarda reallaşdırılmasını nəzərdə tutan konkret addımlar atır. Bu baxımdan dövlət başçısının sədrliyi ilə Yevlaxda keçirilən respublika müşavirəsinin müstəsna əhəmiyyəti var. Qeyri-neft sektorunun inkişafı dövlətimizin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Ölkə iqtisadiyyatının neftdən asılılığını optimal həddə endirilməsini hədəfləyən və təməli hələ 1994-cü ildə qoyulan bu siyasət 2004-cü ildən başlayaraq daha böyük uğurla həyata keçirilməyə başladı. Belə iqtisadi strategiya ümumi daxili məhsulda qeyri-neft sektorunun payının durmadan artmasına və iqtisadiyyatın əsaslı şəkildə şaxələndirilməsinə gətirib çıxardı. Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu məsələni xüsusi vurğulayaraq demişdir: " Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir". Bir neft hasilatçısı olan ölkə üçün 10 ildən bir qədər artıq vaxt ərzində ÜDM-in tərkibində real sektorun payının bu həddə qədər artırılması hökumətin apardığı iqtisadi siyasətin nə qədər doğru olduğunun əyani göstəricisidir". İqtisadçı bildirib ki, indi başlıca hədəf qeyri-neft sektorunda ixracın həcmini bu qaydada uğurla artırmaqdan ibarətdir: "Bu gün söhbət real sektorda istehsal olunan məhsulların təkcə idxalı əvəzləməsindən getmir. Çünki bu sahədə artıq ciddi nəticələr əldə olunub. İndi söhbət real sektorda istehsal olunan məhsulların daha səmərəli ixracını həyata keçirməyin optimal yollarının araşdırılıb tapılmasından və bu işin müasir tələblər səviyyəsində qurulmasından gedir. Real sektorun məhsullarının dünya bazarlarına çıxışının daha səmərəli yollarını müəyyən etməyi hədəfləyən bu siyasət, şübhə yoxdur ki, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Bu yöndə uğurlu addımlardan biri

ixracın genişləndirilməsi məqsədilə "Made in Azerbaijan" brendi ilə qeyri-neft məhsullarının xarici bazarlarda satılmasının təşviqidir. Yeri gəlmişkən onu da deyək ki, ötən ilin əvvəllərindən başlayaraq hökumət rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda "Made in Azerbaijan" brendi ilə təşviqi istiqamətində kifayət qədər böyük işlər görüb. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilən və xarici bazarlarda "Made in Azerbaijan" brendinin təşviqini, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına kömək göstərilməsini, ixracla əlaqəli proqram və layihələrə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsini nəzərdə tutan mühüm qərarlar bu sahədə işlərin yeni bir müstəviyə keçməsi deməkdir. Xarici bazarlarda Azərbaycan məhsullarının reallaşdırılması işində sahibkarlara daha yaxından kömək göstərilməsi məqsədilə atılan uğurlu addımlardan biri də xarici ölkələrdə ticarət evlərinin yaradılmasından ibarətdir. Qeyri-neft ixracatçılarının respublika müşavirəsində ölkə Prezidenti cənab İlham Əliyev bu istiqamətdə Azərbaycan hökumətinin hədəflərinin nədən ibarət olduğuna diqqət çəkərək demişdir: "Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. Birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaqdır. Digər postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir. Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaqdır. Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir". Fikrət Yusifov deyib ki, bu gün Azərbaycan hökuməti ölkədə sahibkarlığın inkişafı üçün mümkün ola biləcək bütün addımları atır: "Bu, dövlətin sahibkarlara və iş adamlarına qayğısının ifadəsi deməkdir. Əslində istehsalçı öz məhsullarını xarici bazarlara çıxarmaqla bağlı bütün işlərli özü görməli, bu sahədəki problemləri bilavasitə özü həll etməlidir. Lakin gənc dövlətimizin iqtisadi uğurlarını daha dayanıqlı etmək məqsədilə hökumət azad sahibkarlığın inkişafını nəzərdə tutan islahatları aparmaqla işini bitmiş hesab etmir. O, eyni zamanda, istehsalçının əlindən tutaraq, ona öz məhsulunu xarici bazarlarda daha uğurla reallaşdıra bilməsi üçün yardımçı olur. Bir sözlə, bu gün Azərbaycanda real sektorun inkişafı elə bir mərhələyə qədəm qoyub ki, artıq dövlət bu sahədə istehsal olunan məhsulların ixracını daha səmərəli təşkil etməyin yollarını müəyyənləşdirmək üçün konkret addımlar atır və hər sahədə sahibkara dəstək göstərir. Bütün bunlar isə Azərbaycan iqtisadiyyatının daha sürətli və dayanıqlı inkişafından xəbər verir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR