İxrac imkanlı məhsulların istehsalı genişlənib

Ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunub

Prezident İlham Əliyevin sədrliyi İlə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsində qeyd olundu ki, hökumətin fəaliyyətinin əsas istiqamətini daxili tələbatı yerli istehsal hesabına ödəmək və ixrac potensialını artırmaq təşkil edir. "Növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir. Əslində, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır",- deyə dövlət başçısı İlham Əliyev müşavirədə bildirdi.

İqtisadçı Pərviz Heydərov deyir ki, 2014-cü ilin yayından bəri neftin qiymətinin enməsindən Azərbaycan da əziyyət çəkir. Amma bir çox neft ölkəsindən fərqli olaraq, makroiqtisadi sabitlik qorunub saxlandı və valyuta ehtiyatları itkiyə məruz qalmadı: "Bəs, Azərbaycan belə vəziyyətə hazır idimi? Məsələ bundadır ki, enerji resurslarının dünya bazar qiymətləri enməsəydi belə, ölkəni qarşıda postneft dövrünün gözlədiyi məlum idi. Sadəcə olaraq, bu, bir neçə il sonra baş verəcəkdi. Qlobal miqyasda xammal məhsullarının ucuzlaşması isə vəziyyəti tez yetişdirdi. Lakin Azərbaycan dövlətinin və hökumətinin fəaliyyətində ölkə iqtisadiyyatını dayanıqlı, tarazlı və şaxələndirilmiş şəkildə inkişaf etdirmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, sosial-iqtisadi irəliləyişdə cari, orta və uzunmüddətli dövrlər arasında qarşılıqlı əlaqə yolu ilə cəmiyyətin bütün istiqamətlərində tərəqqiyə nail olmaq həmişə mərkəzi yer tutduğundan, neftin bu dəfəki qiymət enişindən nisbətən sığortalanmaq mümkün oldu. Prezident İlham Əliyev hələ 29 dekabr 2012-ci il tarixdə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqda Fərman imzalamışdı. Həmin Konsepsiyada ölkə həyatının bütün sahələrində tələb olunan əsas inkişaf siyasəti və strateji hədəflər dəqiq göstərilməklə, bütün bunlara konkret dövlət proqramları vasitəsi ilə nail olmaq qarşıya vəzifə qoyulmuşdu. Odur ki, son illərdə ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunub, istehsal olunan ümumi daxili məhsul (ÜDM) həcmində onun xüsusi çəkisi üstünlük təşkil etməyə başlayıb, rəqabətqabiliyyətli, ixrac imkanlı məhsulların istehsalı genişlənib. 2016-cı ilin nəticələrinə əsasən, ÜDM-in 65,7 %-i iqtisadiyyatın qeyri-neft, 34,3 %-i isə neft-qaz sektorunda istehsal olundu". İqtisadçı bildirib ki, son illər ərzində həyata keçirilən müvafiq dövlət proqramları və görülən işlər nəticəsində sözügedən sektorun davamlı inkişafı, sahibkarlıq mühitinin yaxşılaşması, investisiyaların artması, yeni müəssisələrin və iş yerlərinin açılması istiqamətində böyük nailiyyətlər əldə edilib: "Ancaq qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisinin artmasına baxmayaraq, ixracda onun ümumi payı yüksək deyil. Odur ki, neftin dünya bazar qiymətlərinin əlverişsiz səviyyəyə enməsi və ölkədə neft hasilatının getdikcə azalması ilə əlaqədar, yeni iqtisadi inkişaf modelinə keçid daha tez nail olunması vacib sayılan məsələyə çevrilib. Bu səbəbdən də, ölkədə istehsal olunan qeyri-neft məhsulları ixracını həm kəmiyyət, həm də çeşid baxımından genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər keçən ildən etibarən, daha da sürətləndirildi. Prezident tərəfindən bir sıra mühüm dövlət sənədlərinin imzalanması ilə hökumətə verilən müvafiq tapşırıqlar sayəsində stimullaşdırıcı tədbirlər dövlət siyasətinə çevrildi. Məsələn, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqda 2016-cı ilin yanvarın 18-də imzalanan Sərəncama toxunaq. Burada hökumətə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəniş dəstəyi vermək, xarici ölkələrə ixrac missiyaları təşkil etmək, xarici bazarları araşdırmaq və marketinq fəaliyyəti, "Made in Azerbaijan" brendini xarici bazarlarda təşviq etmək, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqramına və layihələrə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinə dair mexanizmlər hazırlamaq haqda göstərişlər verildi. 2016-cı il martın 1-də isə qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqda sənəd də imzalandı. Bu sənədlə isə 2016-2020-ci illər ərzində Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracı ilə məşğul şəxslərə dövlət büdcəsindən xüsusi ixrac təşviqi "rüsumunun" ödənilməsi qaydası müəyyən edildi. Lakin, ölkədə istehsal olunan mallara dair vahid məlumat bazasının yaradılması haqda Prezident İlham Əliyevin 2016-cı ilin sentyabrın 21-də imzaladığı Sərəncam daha böyük əhəmiyyət daşıdı. Belə ki, adı çəkilən sənəd ilə Azərbaycan mənşəli mallar haqda məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) 3 ay müddətində əlverişli platforma yaratmaq tapşırığı verildi ki, bu da "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi, realizəsi üçün olduqca vacib məsələ sayılırdı. Adı çəkilən qurum tərəfindən ölkədə istehsal olunan mallar və bunların istehsalçıları barədə məlumatları əks etdirən və üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən "azexport.az" adlı internet portalı 3 ay müddətinə yaradılaraq, keçən ilin dekabrın 20-də təqdim edildi. Və beləliklə də, Azərbaycan mallarını dünyaya sərgiləmək üçün dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunmuş bir portal işə düşdü. Portal dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri və ödəmə sistemləri ilə əlverişli şəkildə əlaqələndirilmişdir. Sözügedən sayt mütəmadi olaraq yenilənməklə bərabər, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli, hər yerdə və daimi xarakter daşımaqla, "Made in Azerbaijan" brendini alıcılara daha yaxın təşkil edir. Portalın yaradılmasında da məqsəd "Made in Azerbaijan" brendli məhsulları dünyanın hər bir ölkəsində əlçatan etmək idi. "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə dair Fərman ixracqabiliyyətli məhsul istehsalını genişləndirmək, məhsulların keyfiyyətini daima yaxşılaşdırmaq, yerli və xarici bazarlarda rəqabətədavamlı məhsullar üzrə çeşidləri artırmaq məqsədilə verildiyindən, sənəddə dəstək üzrə əks olunan mexanizmlər ilkin istehsal prosesindən başlamış məhsulun ixracına qədər bütün fazaları əhatə edirdi. Bu işdə "azexport.az" saytı bir növ tamamlayıcı xarakter daşıdı. Düzdür, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə bundan xeyli əvvəl başlanmışdı. Belə ki, xarici mağazalar şəbəkəsində, beynəlxalq hava limanlarında Azərbaycan rəflərinin, mağazalarının yaradılması işlərinə "azexport.az" saytı istifadəyə təqdim edilmədən öncə start verilmişdi. Azərbaycanın kənd təsərrüfatı, şərab, ərzaq, sənaye, inşaat məhsullarının xarici bazarlarda tanıdılması, yerləşdirilməsi və çıxışlarının əldə edilməsi üçün dövlət hesabına ixrac missiyalarının təşkili və müxtəlif beynəlxalq sərgilərdə nümayişi, reklam işlərinin təmini hələ 2016-cı ilin payızından həyata keçirilir. Lakin "azexport.az" fəaliyyətə başladıqdan cəmi 1 ay ərzində xeyli həcmdə müvafiq sifarişlər əldə olunması prosesin bir növ "relsə düşdüyünü" göstərdi. Belə ki, təkcə 2017-ci ilin yanvar ayı ərzində sözügedən portala yerli məhsulların ixracı üçün müxtəlif ölkələrdən 4 milyon 630 min ABŞ dolları dəyərində sifariş daxil oldu. Bu təkliflər Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova və digər ölkələrdən əldə edilmişdi. Məsələn, Bolqarıstan 4 min ton qırmızı mərci sifariş etmişdi ki, ümumi dəyəri 4 milyon ABŞ dolları idi. Türkiyə, İraq, Liviya və Qana, Nigeriyadan ümumi həcmi 180 ton, dəyəri 350 min ABŞ dolları olan toyuq əti sifariş olunmuşdu. Moldovadan 20 min dollarlıq 20 min ədəd limonad, Fransadan isə nar şirələrinin distrübutorluğu üçün sifariş daxil olmuşdu. Təkrar edirik: bütün bunlar, təkcə bu ilin ilk ayının nəticəsi idi". Pərviz Heydərov deyib ki, "azexport.az" saytı fəaliyyətə başladıqdan sonra Azərbaycan məhsullarının beynəlxalq platformalarda, o cümlədən "Alibaba.com"da təmsil olunma səviyyəsi fevral ayı da daxil olmaqla son 3 ay ərzində 50 dəfə artıb. Tezliklə sözügedən portalda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən "Azərbaycan Rəqəmsal Ticarət Qovşağı" ("Digital Trade Hub of Azerbaijan") bölməsi də yaradılacaq. Bu işlə də hazırda İİTKM məşğuldur". İqtisadçı qeyd edir ki, qeyri-neft sektorundan ixracı effektiv inkişaf etdirmək baxımından daha bir önəmli addım kimi isə Prezident İ. Əliyevin bu ilin yanvarın 26-da imzaladığı Fərmana əsasən xaricdəki səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərinin yaradılması ilə əlaqdədar müvafiq işlərə başlanmasını da göstərmək olar: "Bu tədbir xarici ölkələrdə yerli ixracatçıların iqtisadi-ticarət maraqlarını daha dolğun qorumaq və təmsil etmək, yerli məhsulların xarici ölkə bazarlarına çıxışını genişləndirmək, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyi və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyi artırmaq üçün vacib sayılırdı. Ticarət nümayəndəsinin işi təyin olduğu ölkədə Azərbaycanın iqtisadi-ticarət əlaqələrini genişləndirmək və iqtisadi maraqlarını qorumaq, Azərbaycan mallarının və xidmətlərinin ixracını artırmaq, ölkənin biznes mühitini və investisiya imkanlarını təbliğ etmək istiqamətində tədbirlər görməkdən ibarət olacaq. Hansı ki, bu özü də ölkədə müvafiq biznes strukturları və subyektlərinə məhsulları ilə xaricə çıxmaları işini asanlaşdıracaq. Son statistika bundan ibarətdir ki, 2017-ci ilin yanvar-fevral aylarında 176,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-fevral aylarına nisbətən real ifadədə 0,3 faiz çoxdur. Bir sözlə desək, ölkənin postneft dövrünə gözlənildiyindən daha tez daxil olması səbəbindən iqtisadiyyatın yeni ixrac imkanlarının araşdırılması və bu sahədə mövcud potensialdan tam istifadə edilməsi məqsədilə birincisi, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və ixrac missiyalarının təşkili olmaqla, ikincisi, "azexport.az" internet portalının yaradılması, üçüncüsü isə ölkənin xaricdəki səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərinin təsis və təyin edilməsi ilə çox böyük işlər görülmüş və mühüm addımlar atılmağa başlanıb. Azərbaycanın çox böyük ixrac potensialı var, sadəcə, bunu reallaşdırmaq lazımdır".

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR