Ölkəyə ən çox valyuta gətirən sahələrin inkişafına diqqət artırılır

Baramaçılığın genişlənməsi məqsədilə yeni toxumlar gətirilib

Azərbaycanda bir sıra məhsul istehsalı ənənəsi var ki, həmin məhsulların idxalının ölkəyə valyuta gətirmə inkanı kifayət qədər genişdir. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən iqtisadi nizamsızlıq həmin ənənələrin arxa plana keçirilməsinı səbəb olub. Hazırda ölkədə həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət isə mövcud ənənnələrin yenidən dirçəldilməsi zərurəti yaradır. Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində ölkəyə ən çox valyuta gətirən məhsulları açıqladı. Məlum oldu ki, birinci yerdə fındıq durur ki, bu məhsul ölkəmizə 105 milyon valyuta gətirib. Məlumat üçün qeyd edək ki, hazırda ölkəmizdə fındıqçılığın inkişafı çox sürətlə gedir. Bu sahədən gələn gəliri daha da artırmaq məqsədilə 15 min hektar yeni fındıq bağları salınıb. Sırada növbəti yeri baramaçılıq tutur ki, artıq ölkədə bu sahənin inkişafı məqsədilə xeyli iş görülüb. Dövlət başçısı deyib ki, ölkədə barama istehsalı da artırılır: "Biz 2015-ci ildə 200 kiloqram barama tədarük etmişdiksə, keçən il bu, 70 ton olub. Bu il 100 ton olacaq. Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik. Eyni zamanda, bu il badam bağlarının salınmasına başlanılıb. Bizdə onların sahəsi çox kiçikdir, cəmi min hektar badam bağımız var. Onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Amma Bakı, Abşeron yarımadası badam üçün çox münbit məkandır. Ona görə, indi yeni bağlar salınır, min hektarlarla badam bağları salınmalıdır. Mən sahibkarlara da bunu məsləhət görürəm. Həmçinin zeytunçuluq və şəkər çuğundurunun yetişdirilməsi. Biz zeytun yağı ilə özümüzü tam təmin etməliyik. Hələ ki, buna nail ola bilməmişik. İxrac edirik, ancaq daxili tələbat hələ ki, ödənilmir. Şəkər çuğunduru isə bu il çox geniş vüsət alıb. Biz şəkəri şəkər çuğundurundan emal etməliyik. Burada da çox böyük potensial var. Deməli, birinci yerdə fındıqdır, ikinci yerdə pomidordur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır - 68 milyon dollar, dördüncü yerdə şəkərdir -62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni, şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni, idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər". Prezident bildirib ki, beşinci yerdə pambıq qərarlaşıb: "Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni, qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla görün, rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik. Məndə siyahı böyükdür. Burada sənaye, ərzaq, kənd təsərrüfatı malları var. Bu gün müşavirənin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri sahibkarların suallarına cavab verəcəklər və bu məsələləri daha da geniş işıqlandıracaq".

Onu da qeyd edək ki, artıq müvafiq qurumlar dövlət başçısının verdiyi tapşırıqların icrası ilə bağlı konkret işlərin görülməsinə başlayıblar. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir. Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2016-cı ildə 2007-ci ildən bəri ilk dəfə olaraq ölkədə 70,7 ton yaş barama məhsulu istehsal edilmiş, 1250-yə yaxın kümçü ailəsi bir ay ərzində çəkdikləri zəhmət müqabilində 600 min manata yaxın pul gəlirləri əldə etmişlər. Azərbaycan Respublikası Prezidentinin "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 16 noyabr tarixli 2442 nömrəli Sərəncamına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə tender müqaviləsi əsasında Çin Xalq Pespublikasından 1,5 milyon ədəd tut tingləri tədarük edilmiş, bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılmış və bu rayonların ərazilərində 150 hektara yaxın sahədə yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilmişdir. Ölkə Prezidentinin respublikada barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfədən çox artırılması barədə tapşırıqlarına uyğun olaraq, cari ildə ölkədə 200 tondan çox yaş barama istehsalı nəzərdə tutulmuşdur. Həyata keçirilmiş tədbirlərin davamı olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında  Çin Xalq Respublikasının "Shandong Guangtong Silkworm Eggs Co" şirkətindən respublikada istehsal olunacaq barama məhsulunun həcmi nəzərə alınmaqla 6000 (altı min) qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq 2017-ci il 18 aprel tarixində respublikaya gətirilimiş və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınmışdır. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 30 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.Qeyd edilənlərlə yanaşı, ölkəmizdə ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, yaxın gələcəkdə toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin ediıməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyasının müasir standartlara uyğun şəkildə yenidən qurulması və modernləşməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR