Bəhruz Quliyev: “Qeyri-neft sektorunda inqilabi dəyişikliklərə start verilib"

"Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində irəli sürdüyü fikirlərdən ilk olaraq belə bir nəticəyə gəlmək mümkündür ki, ölkə başçımız Azərbaycanın qeyri-neft sektorunun daha da şaxələndirilməsi istiqamətində inqilabi dəyişikliklər, yeniliklər etmək qətiyyətini ortaya qoyub". Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev sözügedən müşavirədə Prezident İlham Əliyevin irəli sürdüyü tezisləri şərh edərkən deyib.

Bəhruz Quliyevin sözlərinə görə, məhz ölkədə aparılan məqsədyönlü və uğurlu iqtisadi siyasət nəticəsində qeyri-neft sektoru sahəsində canlanma müşahidə olunmaqdadıdr. "Bu görüşdən əvvəl ölkə başçımız Xaçmazda keçirdiyi müşavirədə qeyri-neft sektorunun daha da genişləndirməsi ətrafında önəmli tapşırıq və tövsiyələrini vermişdi"-deyə qeyd edən siyasi ekspertə görə, buradan eyni zamanda belə qənaətə gəlmək lazımdır ki, cənab İlham Əliyev qeyri-neft sektorunda aparılan işləri diqqətində saxlamaqdadır: "Çünki burada yalnız iqtisadi faktorlar cəmləşmir və əsas məsələlərdən biri də ölkə rəhbərinin sahibkarlara göstərdiyi diqqət və qayğısıdır ki, bunun nəticəsində həm yüngül, həm ağır sənayelərdə, həm də kənd təsərrüfatında yeni-yeni iş yerləri açılır, insanlarımız bu amildən sosial rifahları naminə faydalanırlar. Ona görə də iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun şaxələndirilməsi kontekstindən yanaşarsaq, bu və bu kimi digər amilləri bir arada cəmləşdirə bilərik".

Bəhruz Quliyev qeyri-neft sektorunun inkişafında ölkənin ixrac potensialının artırıldığını da diqqətə çatdıraraq deyib ki, Prezident İlham Əliyev sahibkarlara şərait yaratmaqla yanaşı, onlar qarşısında Azərbaycan brendinin dünya bazarına layiqli şəkildə çıxarılması tələbini də qoyub. Ölkə başçımız bununla bağlı vurğulayıb ki, Azərbaycan yeni iqtisadi modelə keçmiş, bundan sonrakı dövrdə ölkə  iqtisadiyyatı islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdiriləcəkdir: "Ona görə də Azərbaycanda biznes mühitinin inkişafına və sahibkarların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək verilir. Bu böyük dəstək sahibkarların fəaliyyətlərində inam və stimul yaradır. Əlbəttə ki, sahibkarlarımız da onlara göstərilən qayğıdan və diqqətdən doğru şəkildə yararlanmalı, dövlətin ayırdığı güzəştli kreditləri səmərəli şəkildə istifadə etməlidirlər. Çünki inkişafa doğru atılan hər bir addım, eyni zamanda dövlətin güclənməsinə doğru atılan addım kimi qiymətləndirilir".                        

Siyasi ekspert hesab edir ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən düşünülmüş siyasət, nümayiş etdirilən güclü iradə və yorulmaz, ardıcıl fəaliyyət regionların sürətli inkişafını da şərtləndirən əsas amillərdən biri kimi qəbul olunmalıdır: "Əslində, sahibkarlığın inkişaf təməlinin hələ illər öncə məhz regionlarımızdan başlandığını da deyə bilərik. Bu inkişafın təməlində isə məhz qeyri-neft sektorunun dayandığını göstərə bilərik. Artıq şaxələnmiş qeyri-neft sektorunun iqtisadiyyatımızdakı dərəcəsi 65 faizi təşkil edir ki, bütün bunların arxasında ötən illərdə əldə edilmiş davamlı nailiyyətlərlə əlaqələndirmək olar və burada daha bir məqsəd Azərbaycanda tələbatın daxili istehsal hesabına ödənilməsi və ixrac potensialının yüksəldilməsidir. Çünki dünyada mövcud olan öncül təcrübələrə əsasən, ölkəmizdə investisiyanın və ixracın təşviqi sistemlərinin tətbiqinə başlanmışdır. Bu barədə də dövlət başçımız Yevlaxdakı müşavirəsində öz önəmli fikirlərini bildirib. Bəli, məhz münbit investisiya mühitinin mövcudluğu sonradan əldə edilən gəlirin ölkənin inkişafına yönəldilir. Ölkə başçımız da vurğulayıb ki, "Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Son illər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur".

Beləliklə, biz burada yekun olaraq deyə bilərik ki, aparılan əsaslı islahatlar, qeyri-neft sektoru və s. sahələrdə sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi Azərbaycanımızın inkişafına təkan verən əsas amil kimi yaxın gələcəkdə inqilabi iqtisadi uğurların əldə edilməsi ilə nəticəsini tapacaq. Azərbaycan öz uğurları ilə dünyanın siyasi-iqtisadi xəritəsinə yeni bir model təqdim edərək hansı gücə və potensiala malik olduğunu sübuta yetirmək əzmində olduğunu kifayət qədər göstərməkdədir". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR