Daxili tələbatı ödəmək, ixrac üçün əlavə imkanlar yaratmaq

Sahibkarlar buna nail ola biləcəklərmi?

Hazırda sahibkarlar  qarşısında duran əsas vəzifələrdən biri yerli istehslı artırmaqla daxili tələbatı ödəmək və ixrac üçün əlavə imkanların yaratmaqdan ibarətdir. İnsafən qeyd edilməlidir ki, bunun üçün ölkəmizin kifayət qədər potensialı və iqtisadi rıçaqları mövcuddur. Ancaq o da faktdır ki, bu işdə sahbkarlara ən azı dövlət dəstəyi göstərilməlidir ki, Azərbaycanda belə bir dəstək hər zaman mövcud olub. Prezident İlham Əliyev Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində qeyd edib ki, Azərbaycanda sahibkarla hər zaman lazımi dəstək göstərilib: "Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar. O ki qaldı, dövlət siyasətinə, bir daha demək istəyirəm, sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir.

Qeyd etdiyim kimi, sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir, belə gözəl regional inkişaf mərkəzləri yaradılır, bu, ikinci mərkəzdir. Mən Xaçmaz rayonunda birinci mərkəzin açılışında da şəxsən iştirak etmişdim. Sahibkarlar üçün Yevlax rayonundakı bu Aran Regional İnkişaf Mərkəzi də dövlət tərəfindən tikilib istifadəyə verilib. Bu da sahibkarlığın inkişafına növbəti dəstəyin əlamətidir".

Millət vəkili,  İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib ki, Azərbaycanda sahibkarlığı inkişaf etdirmək üçün onların qarşısında duran bütün maneələrin-inhisarçılıq, korrupsiya,  məmur özbaşınalıqları və sairin aradan qaldırılması sahəsində əlavə tədbirlər  görülməlidir. İxracat və sərmayə qoyuluşunu təşviqləndirən alətlərdən istifadənin dairəsi genişləndirilmli və onun səmərəli tətbiq mexanizmləri tapılmalıdır. Azərbaycanın sosial -iqtisadi tərəqqisinin buxovuna çevrilmiş  ənənəvi üsullardan əl çəkib, məmur sahibkarlığının dominantlığına son qoyulması lazımdır. Onun sözlərinə görə, qeyri-neft ixracatçılarının respublika müşavirəsinin keçiririlməsi və həm də ilk belə müşavirənin  Bakıda yox, ölkə başçısının iştirakı ilə regionda keçirilməsi gələcəkdə bunu ənənəyə çevirilib və bu təqdirolunası haldır: "Məqsəd qeyri-neft sahəsinin imkanlarını göstərmək və həmin imkanlardan geniş və səmərəli istifadə etməklə həm daxili tələbatı daxili istehsal hesabına ödəmək və həm də ixrac potensialımızı artırmaq üçün əlavə tədbirlər görməkdir. Məlumdur ki, Azərbaycanda neft sektoru daha üstün inkişaf səviyyəsində olduğundan, ixracımızın 90 faizdən çoxunu neft-qaz və neft məhsulları təşkil edir. Bu, iqtisadiyyatımızı və milli valyutamız olan manatı xarici amillərdın çox asılı edir". O, əlavə edib ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını minimuma endirilməsi və xarici təsirlərə müqavimət qabiliyyətinin artması xeyli dərəcədə qeyri-neft sektorunun hərtərəfli inkişafından, idxalı əvəz edə bilən məhsul istehsalının və ixracın artırılması hesabına istehsalın və ixracın effektiv şəkildə şaxələndirilməsindən asılıdır: "Prezidentin Yevlax müşavirəsindəki giriş və yekun nitqləri, eləcə də müşavirədəki digər çıxışlar göstərdi ki, qeyri- neft sektorunu inkişaf etdirmək, onun hesabına həm daxili tələbatı ödəmək,  həm də ixracı artırmaq üçün xeyli potensialımız var. Bu ilin statistikası göstərir ki, 2017-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 3287,7 milyon ABŞ dolları,  o cümlədən ixracın dəyəri 2315,7 milyon dollar,  idxalın dəyəri 972 milyon dollar təşkil etmiş,  nəticədə 1343,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ancaq bununla belə bir çox  məhsulların ixracatında azalma qeydə alınıb. Bununla belə, son vaxtlar qeyri neft sahəsinə aid olan bir sıra məhsulların ixracı və valyuta gətirmə göstəriciləri yaxşılaşıb. Amma bu ilin əvvəlindən qeyri-neft ixracımızın orta aylıq göstəricisi ayda 90 milyon dollar ərtafında gedir ki, bu da həmin sahənin potensialı fonunda çox aşağı göstəricidir". Ə.Məsimli qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun əsas prioritet sahələri hesab olunan kənd təsərrüfatı, emal sənayesi, ağır sənayenin bir sıra sahələri, turizm,  İKT və sair bu kimi sahələrin potensialından səmərəli istifadə etməklə həm öz istehsalımız hesabına yerli tələbatın ödənilməsində, həm də qeyri-neft ixracının artırılmasında nəzərəçarpan irəliləyişlərə nail olmaq olar: "Ona görə də prezident müşüvirədə çox vacib bir məsələ qaldırdı: növbəti 3-4 il ərzində əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin etmək və həm də ixrac üçün əlavə imkanlar yaratmaq. Müşavirədə göstərildiyi kimi, bunları reallaşdırmaq üçün kənd təsərrüfatı istehsalçılarının vergidən azad edilməlidir. Eləcə də son vaxtlar ixracı və sərmayələri təşviqləndirilməsi mexanizmlərinin yaradılması, ixrac üçün perspektivli sayılan ölkələrdə müvafiq sərgilərin, forumların təşkili, Azərbaycanın  ticarət evlərinin yaradılması, səfirliklərimizdə ticarət nümayəndələrinin yaradılması  kimi tədbirlər həyata keçirilməlidir.  Bununla yanaşı özəl təşəbbüsə geniş meydan verilməsi, sahibkarlıq qarşısındakı bütün maneələrin aradan qaldırılmasına, ona əlavə dəstək verilməsinə böyük ehtiyac var. Bununla bərabər iqtisadiyyatımızın, məhsullarımızın rəqabət qabiliyyətinin artırılmasına yönəlik kompleks tədbirləri həyata keçirilməlidir. Ona görə də ixrac məqsədli məhsulların istehsalının güzəştli şərtlrlə kreditləşdirilməsinin dairəsinin genişləndirilməlidir. Xüsusən də "Made in Azerbaijan" brendini dünyada tanıtdırmaq  qabliyyətində olan təşəbbüslərə yaşıl işıq yandırılması sahəsində səylərin artırılması çox zəruridir".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR