Niyə özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik?

Prezident tapşırıq verdi, növbə aidiyyatı qurumlarındır

Hazırda bütün dünya ölkələri ərzaq təhlükəsizliyi məsələsini prioritet hesab edir. Məsələ orasındadır ki, dünyada baş verən iqtisadi böhran, yaşanan miqrasiya problemləri dövlətlərin iqtisadi potensialına ciddi zərbə vurub. Məhz bu səbədən vaxtilə iqtisadi baxımdan geridə qalmış ölkələrə humanitar yardım edən dövlətlərin özləri indi ərzaq təhlükəsizliyi ilə üzləşiblər. Odur ki, hətta inkişaf etmiş ölkələr bu problemdən birlikdə yan keçilməsini mümkün hesab edir. Azərbaycan dövləti də ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi tədbirlər həyata keçirməkdədir. Etiraf edək ki, həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı xeyli işlər görülüb. Lakin buna baxmayaraq hələ də bir sıra ərzaq və qeyri-ərzaq məhsulları xarici ölkələrdən idxal edilir. Hansı ki, həmin məhsulların istehsalı  üçün ölkəmizin cöğrafi mövqeyi və iqtisadi potensialı mövcuddur. Belə məhsullardan biri də ərzaq buğdasıdır ki, hələ də bu növ məhsul xaricdən gətirlilir. Təsadüfi deyil ki, president İlham Əliyev 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan Nazirlər Kabinetinin iclasında deyib ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Özümüzü ərzaq buğdası ilə təımin edə bilmirik.  Dövlət başçısı bildirib ki, məsələ ilə bağlı dəqiq təhlillər aparılmalıdır: "Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır".

Məlumat üçün qeyd edək ki, Azərbaycan ərzaq buğdasını əsasən Rusiya və Qazaxıstandan alır. Lakin məlumata görə, taxıl istehsalçısı olan ölkələr adətən ərzaq buğdası üçün nəzərdə tutulan birinci növ unu satmaqda xəsislik edirlər. Nəticədə 2-3-cü növ un idxalda üstünlük təşkil edir ki, bu da ərzaq buğdasının effektini vermir. Bu isə o deməkdir ki, hər bir ölkə ərzaq təhlükəsizliyinin təminatı baxımından ərzaq buğdasının istehsalına üstünlük verməlidir. Xatırladaq ki, Azərbaycanda kifayət qədər iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır. Düzdür, ölkəni bütövlükdə taxılla təmin etmək baxımından əkin sahələri azlıq təşkil edir, ancaq mütəxəssilərin qənaətinə görə, Azərbaycan torpaqlarında müşahidə olunan məhsuldarlıq Rusiya və Qazaxıstandan dəfələrlə çoxdur. Bu ölkələr yalnız əkin sahələrinin çoxluğuna görə taxıl istehsalında önə keçə biliblər. Odur ki, dövlət başçısının təbiri ilə desək "bir qarış torpaq da boş qalmamalıdır". Xatırladaq ki, dövlət başçısı hələ bir müddət öncə qeyd etmişdi ki, artıq ölkəmiz özünü taxılla təmin etmək hədəfinə yaxınlaşır: "Biz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bu gün hələ ki, biz buğda ilə özümüzü tam təmin edə bilmirik. Bunun obyektiv səbəbləri var. Ancaq bu hədəfə yaxınlaşırıq. Bununla bərabər, bizim taxılçılıqda böyük ixrac potensialımız yaranmalıdır. Necə ki, biz meyvə-tərəvəz məhsullarını, digər məhsulları ixrac edirik, gələcəkdə taxılçılıq məhsullarını da ixrac etməliyik. Ancaq, əlbəttə, ilk növbədə daxili tələbatımızı ödəməliyik. Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır. Digər tərəfdən, biz məhsuldarlığı artırmalıyıq. Qeyd etdiyim kimi, taxılçılıqda ərzaq buğdası hektardan 57 sentnerdir. Əgər ölkə üzrə məhsuldarlıq 40-45 sentnerə qalxsa, biz mövcud olan əkin sahələri ilə öz tələbatımızı ödəyəcəyik".

Qeyd edək ki, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı sisteminin yaradılması məqsədilə həyata keçirilən strategiya intensiv inkişaf amillərindən səmərəli istifadə üçün əlverişli şərait yaradıb. Ölkə əhalisinin keyfiyyətli  ərzaq məhsulları ilə təminatına və  emal sənayesinin xammal təchizatına zəmanət verən bu strategiya ümumilikdə aqrar potensialın reallaşmasını, Azərbaycanın dünya təsərrüfatı sistemində layiqli mövqe qazanmasına yönəlik sistemli fəaliyyəti şərtləndirir. Aqrar sahənin inkişaf strategiyası hər bir ölkə üçün, iqtisadi təhlükəsizlik və onun əsas istiqamətlərindən olan ərzaq təhlükəsizliyinin təminatı kimi həyati əhəmiyyətli məsələlərin təxirə salınmadan həllini nəzərdə tutur. Eyni zamanda, bu strategiyanı reallaşdırmaqda məqsəd ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, istehsalı, ixrac və idxal edilən ərzağın keyfiyyətini, əhalinin ərzaq istehlakı strukturunun quruluşunu yaxşılaşdırmaqdan, sosial xarakterli bir sıra digər məsələlərin həllindən   ibarətdir. Mütəxəssislər hesab edirlər ki, ərzaq təhlükəsizliyində aparıcı sahə olan kənd təsərrüfatının inkişafı iqtisadiyyatın durumundan, resursların artırılmasından və onlardan səmərəli istifadə mühitindən, dünya təsərrüfatı sisteminə inteqrasiyanın və ərzaq bazarında rəqabətin xarakterindən asılıdır. Ərzaq kompleksinin səmərəliliyini şərtləndirən amillər sırasında aqrar sahədə sahibkarlığın formalaşdırılması üçün islahatların maliyyə əsaslarının möhkəmləndirilməsi, dövlət tərəfindən kompleksin tarazlı inkişafının dəstəklənməsinin mükəmməl sisteminin yaradılması xüsusi qeyd olunmalıdır. Bu kompleksin ahəngdar inkişafını təmin edən mexanizmin formalaşdırılması üçün, ilk növbədə dayanıqlı maliyyə-kredit sistemi yaradılmalıdır. Bu zaman məhsul satışı və servis xidmətlərinin maliyyə-kredit mexanizmi təkmilləşdirilməli, istehsal   və resurs potensialının inkişafını təşviq edən ixrac strategiyası hazırlanmalı, maliyyə-kredit sistemində ixrac yönümlü ərzaq məhsulları istehsalı sahələri və istiqamətlərinin əsas tələbləri nəzərə alınmalıdır. Mütəxəssilər hesab edirlər ki, sadalanan faktorlar nəzərə alınmaqla Azərbaycan nəinki özünü taxılla təmin edə, hətta taxıl ixrac edən ölkəyə çevrilə bilər. Bunun üçün ölkəmizin kifayət qədər imkanları mövcuddur.

Nurlan 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR