“Banklar haqqında” Qanuna edilmiş dəyişiklik ziddiyət yaradıb

Əkrəm Həsənov: "Dəyişiklik Mülki Məcəlləyə zidd olduğu üçün onun heç bir hüquqi qüvvəsi yoxdur və tətbiq edilə bilməyəcək"

Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyət göstərdiyi bir ildən atıq müddətdə demək olar ki, ona göstərilən etimadı doğrulda, maliyyə bazarı sahəsində hər hansı uğurlu addımlar ata bilmədi. Əksinə Palatanın atmış olduğu hər bir addım, qəbul etdiyi qərar əks effekt doğurdu, etirazla qarşılandı. Elə bir neçə gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi ilə Mülki Məcəlləyə edilmiş dəyişikliklər də bunlardan biri hesab edilə bilər. Palatanın təklifi ilə "Banklar haqqında" Qanuna edilmiş dəyişiklik də maliyyə sektorunda heç də müsbət qarşılanmayıb. Birmənalı olaraq vurğulanır ki, Palatanın təklifi ilə edilən dəyişikliklərin mahiyyəti başadüşülən deyil və bu birbaşa bankların ziyanına işləyən bir addımdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi ilə "Banklar haqqında" qanuna edilən dəyişikliklərin hüquqi tərəfinə gəlincə isə bu dəyişikliklərin hüquqi baxımdan da mənasız olduğu bildirilir. Elə iqtisadçı Əkrəm Həsənov da bu qənaətdədir: "Deməli, "Banklar haqqında" Qanunun 57-6.4-cü maddəsində yazıblar: "Ödəmə qabiliyyətini itirmiş bankın öhdəlikləri onların balans dəyərində alıcı bankla bağlanılan borcların ötürülməsi haqqında müqavilə əsasında köçürülür. Borcların ötürülməsi haqqında müqavilənin bağlanması üçün kreditorların razılığı, eləcə də ödəmə qabiliyyətini itirmiş bankın kreditorları ilə bağlanmış müqavilələrdə əlavə və dəyişikliklərin edilməsi tələb olunmur. Alıcı bank kreditorlara münasibətdə borclunun bütün hüquq və vəzifələrini əldə edir. Yəni, məsələn, əmanətçinin bankda olan əmanəti əmanətçinin razılığı olmadan başqa banka ötürülür". İqtisadçı deyir ki, əslində, Mülki Məcəllənin 522-ci maddəsinə əsasən öhədlik üçüncü şəxsə yalnız kreditorun icazəsi (razılığı) ilə verilə bilər. Yəni əmanətçi razı deyilsə, onun əmanəti digər banka ötürülə bilməz: " Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 2.5-ci maddəsində deyilir ki, Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Mülki Məcəllə tətbiq edilir. Beləliklə də, "Banklar haqqında" Qanuna daxil edilmiş 57-6.4-cü maddə Mülki Məcəlləyə zidd olduğu üçün onun heç bir hüquqi qüvvəsi yoxdur və tətbiq edilə bilməyəcək. Sual yaranır ki, bəs Palata niyə paralel olaraq Mülki Məcəllənin 522-ci maddəsini də özünə uyğunlaşdırmaq haqda təklif verməyib? Axı bu günlərdə də yazdığım kimi, qanunlar paket şəklində qəbul edilib və o cümlədən Mülki Məcəlləyə dəyişiklikləri də əhatə edib. Səbəb çox sadədir. Savadsızlıq. Ötən gün qeyd etmişdim ki, Mülki Məcəllənin "Öhdəliyin üçüncü şəxs tərəfindən icrası" adlı 431-ci maddəsinə dəyişiklik edilib. Mahiyyəti ondan ibarətdir ki, öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna kreditorun razılığı tələb edilmir. Palatanın təklifi ilə həmin maddəyə aşağıdakı cümlə əlavə edilib: "Bu halda "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur". Bu dəyişikliyi etdirməklə Palata yanlış olaraq düşünüb ki, bankın öhdəliyinin (məsələn, əmanətin) kreditorun razılığı olmadan ötürülməsi məsələsini həll edib. Lakin əslində 431-ci maddə tamam başqa institutdur.ÖAhdəliyin könüllü olaraq üçüncü şəxs tərəfindən icrası və buna kreditorun razılığı zatən tələb olunmur. Yəni Palata boşuna güllə atıb, hələ bir qaş düzəltmək istərkən göz çıxarıb". Əkrəm Həsənov deyib ki, beləliklə, Mülki Məcəllənin 522-ci maddəsinin əvəzinə 431-ci maddəsinə dəyişiklik edilib: "Göründüyü kimi, maliyyəçilərimiz bir dişin əvəzinə digərini çıxaran, bir ayağın əvəzinə digərini kəsən həkimlərimizdən geri qalmır. Səbəbi də təbii savadsızlıqdır. Hüquq fakültəsinin II kurs tələbəsinin bilməli olduqlarını bilmirlər. Mülki hüquq haqda anlayışları yoxdur. Hüquq, bəzilərinin düşündüyü kimi qanuna istədiyini yazmaq və yaxud uzun-uzadı insan haqlarından danışmaq deyil. Hüquq elmdir. Özü də ən azı iqtisadiyyatla müqayisədə daha dəqiq elmdir. Və hüquq riyaziyyatdırsa, mülki hüquq ali riyaziyyatdır. Onun əsaslarını belə bilməyənlər isə qanunlarımıza dəyişikliklər hazırlayır"

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR