Azərbaycanın yeni iqtisadi modelində hədəf istiqamətlər

Artıq bu model ayrı-ayrı dövlətlər tərəfindən də maraqla qarşılanır

Artıq bir neçə ildir ki, Azərbaycan yeni iqtisadi modelə qədəm qoyub desək yanılmarıq. Dünyanın yeni iqtisadi mənzərəsinə, mövcud reallıqlar və günün tələblərinə uyğun qurulan bu iqtisadi model ilk növbədə ölkə iqtisadiyyatının daha da dirçəldilməsi, iqtisadi artımın əldə olunmasına hesablanıb. Yeni iqtisadi model əsasən qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində qurulub. Əgər 1993-cü ildən 2004-cü ilə qədər Azərbaycan iqtisadiyyatı neft sektorunun hesabına inkişaf edir, büdcə gəlirləri daha çox neftdən gələn gəlirlər hesabına formalaşırdısa, artıq 2004-cü ildən etibarən qeyri-neft sektorunun inkişafı əsas diqqət yetirilən məsələlərdən oldu. Bu sektorun inkişafını şərtləndirən başlıca amil isə heç şübhəsiz ki, elə həmin ildən etibarən mərhələli şəkildə həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram"ları oldu. Hazırda da davam edən həmin proqramlar Azərbaycana, ölkə iqtisadiyyatına yeni-yeni imkanlar yaratdı, bütün parametrlər üzrə iqtisadi artım tempi müşahidə edilməyə başladı.

Azərbaycanın yeni iqtisadi modeli də prinsip etibarilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi müstəvisində qurulub. Əgər 2004-cü ildən son bir neçə ilə qədər qeyri-neft sektorunun inkişaf etdirilməsi yalnız daxil üçün hesablanmışdısa, indi artıq bu sahənin inkişafı eyni zamanda xarici hədəflər, ixrac potensialı üçün müəyyənləşdirilib. Son aylarda həyata keçirilən tədbirlər, atılan addımlar bunu deməyə əsas verir.

Qeyd edildiyi kimi yeni iqtisadi modeldə əsas diqqət qeyri-neft sektoru və onun əsas gəlirli sahələrindən sayılan kənd təsərrüfatı və turizmdir. Hər iki istiqamət üzrə Azərbaycan dövləti ardıcıl, məqsədyönlü addımlar atır. Bir neçə ay əvvəl Prezident İlham Əliyevin turizm sahəsinin inkişaf etdirilməsi ilə bağlı imzalamış olduğu fərman və sərəncamlar, ölkədə Turizm Şurasının yaradılması, ilk dəfə Bakıda Ticarət Festivalının keçirilməsi bu sahənin inkişafına müsbət təsir göstərən amillərdəndir. Məhz həyata keçirilən bu kimi tədbirlər statistikadan da aydın görünür. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən açıqlanan cari ilin ilk 3 ayının göstəriciləri bu sahədə həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyini deməyə əsas verir.

Digər bir sahə kənd təsərrüfatıdır ki, burada da əsas diqqət pambıqçılıq və meyvə-tərəvəz istehsalının artırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçən il Sabirabad rayonunda, mart ayının sonlarında isə Saatlı rayonunda pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı keçirdiyi müşavirələr bunların göstəricisidir. Azərbaycanın pambıqçılığı inkişaf etdirməklə iqtisadi potensialını artıracağı şübhəsizdir. Çünki ölkədə həm bu sahənin inkişaf etdirilməsi üçün münbit şərait, əkin sahələri mövcuddur, həm də dövlətin dəstəyi var. Yerdə qalır sahibkarların bu prosesə qoşulması, artıq bu istiqamətdə də müsbət tendensiya müşahidə edilməkdədir. Hazırda ortata olan mənzərə ondan iobarətdir ki, prezident İlham Əliyevin 2016-cı ilin əvvəllində Nazirlər Kabinetində keçirdiyi iclas zamanı pambıqçılığın inkişaf etdirilməsinin zəruriliyini vurğulaması və dövlətin bu sahəyə hər cür dəstək verəcəyini söyləməsindən sonra yerlərdə fermerlərin pambıq əkini və istehsalına marağı artıb. Dövlət başçısının bunun ardınca Sabirabad və Saatlıda keçirdiyi müşavirələr isə pambıq istehsalçıları üçün əlavə bir stimul olub.

Kənd təsərrüfatı sahəsində mühüm istiqamətlərdən biri də meyvəçilik və tərəvizin istehsalının artırılmasıdır ki, dövlət başçısının bu günlərdə Yevlax rayonunda qeyri-neft ixracatçıları ilə keçirdiyi müşavirə də məhz bunu hədəfləyirdi. Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı sahibkarlara bununla bağlı müvafiq tövsiyyələrini verərək daxili tələbatın ödənilməsi üçün kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və onların xarici bazarlara çıxarılmasınin təmin edilməsini vacib saydı.

Azərbaycanın artıq bir neçə ildir ki, qədəm qoyduğu yeni iqtisadi modelində kənd təsərrüfatı ilə yanaşı bu günə qədər səmərəli istifadə edilməyən bəzi sahələrin də inkişaf etdirilməsi prioritet təşkil edir. Bu sırada mədən sənayesinin xüsusi yeri var. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də Yevlaxda qeyri-neft ixracatçıları ilə keçirdiyi müşavirədə bu məqama diqqət yetirərək bildirib ki, bizim böyük bir sərvətimiz də var, ancaq ondan səmərəli şəkildə istifadə edə bilmirik: "Bu da dəmir filizidir. Hələ Çar Rusiyası dövründə, həmçinin sovet vaxtında bizim dəmir filizimizə çox böyük maraq var idi. Hələ Çar Rusiyası zamanı Avropadan buraya gəlmiş insanlar, o vaxtın biznesmenləri buna çox böyük maraq göstərirdilər və işləri də təşkil etməyə çalışırdılar. Ancaq əfsuslar olsun ki, müstəqillik dövründə bu sahəyə kifayət qədər diqqət göstərilməmişdir. Əfsuslar olsun ki, biz bu günə qədər vahid bir istehsalat sahəsini yarada bilməmişik. Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti əlbəttə ki, bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülmüşdür. Hətta dövlət qurumu da yaradılmışdır, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı ciddi addımlar atılsın. Bütün istehsalat zənciri yaradılmalıdır, filizdən başlamış son ixrac məhsuluna qədər. Həm bizim ixracımız artacaq və idxaldan asılılıq kəskin aşağı düşəcək. Çünki hazır məhsulun idxalı üçün xaricə böyük vəsait gedir və getdikcə daha çox gedəcək. Çünki bizim inkişaf dinamikamız bundan sonra da elə sürətli olacaq ki, daxili tələbat artacaq. Ona görə, Daşkəsən dəmir filizi yatağının işlənməsi və vahid istehsalat zəncirinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir".

Göründüyü kimi dövlət iqtisadiyyatın daha da inkişaf etdirilməsi, bununla da Azərbaycanın iqtisadi potensialının artırılması istiqamətində sistemli və məqsədyönlü iş aparır. Günün tələblərinə uyğun atılan bu kimi müsbət addımlar artıq beynəlxalq səviyyədə də diqqət çəkir və Azərbaycanın yeni iqtisadi modeli böyük marağa səbəb olur. Bütün bu amillər isə Azərbaycanın yaxın bir neçə ildə sürətli inkişaf yolu keçəcəyindən xəbər verir.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR