"İstehsal sektorlarının inkişafı dövlətin əsas prioritetlərindəndir" 

Bu gün Azərbaycanda kənd təsərrüfatı sahələrinin, istehsal sektorlarının inkişaf etdirilməsi dövlətin əsas prioritetlərindəndir. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, qeyri-neft sektoruna yatırılan sərmayələr Azərbaycanın perspektiv inkişafı üçün karbohidrogen gəlirlərindən asılı olmayan tərəqqi platforması formalaşdırır. "Eyni zamanda, qeyri-neft sektorunda canlanmanın yaradılması, istehsal sahələrinin işə düşməsi zəncirvari reaksiya verərək, həm yerli istehsalı genişləndirəcək, həm çoxsaylı yeni iş yerləri yaradılacaq, həm insanların maddi rifah halı, gəlirləri artacaq, həm də geniş ixracat sistemi əsasında ölkəmizə əlavə valyuta daxil olacaq". 

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində bu ilin birinci rübündə qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb: "Birinci rübdə valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb və bu gün 38,5 milyard dollar təşkil edir. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracı isə təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb.  Ticarət dövriyyəsinin müsbət saldosu da 1 milyard dollar səviyyəsindədir. Birinci rübdə həmçinin, 85 min yeni iş yeri yaradılıb. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb ki, bu da iqtisadi inkişafın təzahürüdür. Bütün bunlar əlbəttə ki, Azərbaycan iqtisadiyyatının artması, nailiyyətlərin əldə olunması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin uğurlu şəkildə və şaxələndirərək davam etdirməsi nəticəsində mümkün olub". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR