Azərbaycanın meyvə-tərəvəz istehsalçıları üçün əlverişli bazarlar yaranır

Tahir Mirkişili: "Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi münasibətlər xeyli inkişaf etməkdədir"

"Bu münasibətləri iqtisadi müstəviyə də transfer etməklə Azərbaycan üçün tamamilə yeni və perspektivli ixrac bazarları açıla bilər"

Ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır, sistemli tədbirlər görülür. Bu sahənin dövlətin xüsusi diqqət mərkəzində olması Prezident İlham Əliyevin son vaxtlar regionlarda keçirdiyi bir neçə regional müşavirələrlə də təsdiqini tapır. Məlum olduğu kimi dövlət başçısı belə regional müşavirələrdən birini bu günlərdə Yevılax rayonunda keçirdi. Qeyri-neft ixracatçılarının iştirakı ilə keçirilən müşavirədə dövlət başçısı bir sıra vascib məqamlara toxundu. Müşavirənin əsas diqqət çəkən məqamlarından biri də Prezident İlham Əliyevin ixrac məhsullarının istehsalı və onların xarici bazarlara çıxarılması ilə bağlı iş adamlarına, sahibkarlara verdiyi tövsiyyələr idi. Prezident İlham Əliyev bu məqsədə nail olunmaq üçün dövlətin sahibkarlar üçün müvafiq şərait yaratdığını da vurğulayıb. İlham Əliyev deyib ki, bu il 150 min hektara ilk dəfə olaraq su veriləcək: "Bütün bunlar iqtisadi potensialımızı artırır və imkan yaradır ki, sahibkarlar vəsait qoysunlar, məhsul yetişdirsinlər və xarici bazarlara çıxarsınlar, daxili bazarı təmin etsinlər. Yəni, bu iki təşviq təşəbbüsümüz çox böyük qiymətə layiqdir".

Dövlət başçısının müşavirədəki çıxışından o da məlum oldu ki, sahibkarların istehsal etdiyi məhsulların xarici bazarlarda satışı üçün də əlverişli mühit və imkanlar yaradılır: "Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. Birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaqdır. Digər postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir. Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaqdır. Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir. Çünki son vaxtlar biz Körfəz ölkələri ilə, o cümlədən bu istiqamətdə çox işgüzar əməkdaşlıq qura bilmişik və oraya Azərbaycan məhsullarının çıxarılmasına nail olmuşuq. Bizim xüsusilə kənd təsərrüfatı məhsullarımıza o ölkələrdə böyük maraq var və Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə, biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır. Biz əlbəttə ki, bizim üçün prioritet olan ixrac bazarlarında böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurmalıyıq. Onların

adları bəllidir. Onları Azərbaycana dəvət etmək, imkanlarımızı göstərmək, bizim əsas, qabaqcıl müəssisələrə səfərlərini təşkil etmək lazımdır. Gəlib öz gözləri ilə görsünlər ki, burada həm böyük potensial var, həm də bizim məhsullarımız rəqabətqabiliyyətlidir".

Elə millət vəkili Tahir Mirkişili də hesab edir ki, Körfəz ölkələri, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün əlverişli bazar rolunu oynaya bilər. Deputat deyib ki, 2017-ci ilin 1-ci rübündə Azərbaycanın meyvə və tərəvəz ixracı ortalama 36 faiz artaraq 118 mln dollar həcmində olub. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı həcmi artmaqdadır: "Azərbaycan Prezidenti Yevlaxda keçirdiyi müşavirədə yeni bazarların əldə edilməsinin vacibliyini qeyd etdi".

Bəs ənənəvi Rusiya bazarından savayı Azərbaycan meyvə və tərəvəzlərini hansı yeni bazarlara ixrac etmək olar?

Millət vəkili deyib ki, son illər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında siyasi münasibətlər xeyli inkişaf etməkdədir: "Bu münasibətləri iqtisadi müstəviyə də transfer etməklə Azərbaycan üçün tamamilə yeni və perspektivli ixrac bazarları açıla bilər.

BƏƏ 2017-ci ildən başlayaraq Dubay şəhərini təzə meyvə və tərəvəz məhsullarının regional mərkəzinə çevirmək planlarını açıqlayıb. Artıq bu məqsədlə BƏƏ müxtəlif ölkələrlə danışıqlar prossesini sürətləndirməyə başlayıb. BƏƏ-nin kənd təsərrüfatı məhsulları bazarı meyvə və tərəvəz növlərinə görə alt seqmentlərə bölünür. Bu alt seqmentlər: pomidor, kartof, soğan, sarımsaq, xiyar, badımcan, limon, alma, banan, portağal, üzüm, çiyələk, yemiş, zeytun və s. Göründüyü kimi, alt qrupların əksəriyyəti Azərbaycanda istehsal edilir". Millət vəkili bildirib ki, Dubay şəhəri hazırda hər gün 11 000 ton meyvə və tərəvəz idxal edir ki, bunu da 40 faizə qədəri müxtəlif qonşu ölkələrə re-eksport olunur: "Qeyd edək ki, 2017-ci iln 1-ci rübünün rəqəmlərini təhlil etsək, Azərbaycanın gündəlik meyvə və tərəvəz ixracı 1 293 ton dur. Ümumiyyətlə, Körfəz ölkələrinin illik meyvə və tərəvəz idxalının həcmi 10 milyon ton və ya 6 milyard dollardır. İdxalın 40 faizi, yəni 4 milyon ton və ya 2.4 milyard dolları BƏƏ-nin payına düşür. İdxal əsasən Hindistandan (14%), Misirdən (13%), İordaniyadan (12%), Cənubi Afrikadan (10%), Çindən (7%), ABŞ-dan (7%), Türkiyədən (3%), Hollandiyadan (2%) həyata keçirilir. 2016-cı ilin oktyabr ayında BƏƏ hökumətini qərarı ilə Hindistandan idxal olunan meyvə və tərəvəzlərin tərkibində pestisidlərin miqdarının normadan çox olması müəyyən edilmiş və Hindistan məhsullarının idxalı məhdudlaşdırılışmışdır. Bütün bunlar Azərbaycan meyvə və tərəvəz istehsalçıları üçün coğrafi cəhətdən çox da uzaqda olmayan yeni bir bazara işarədir. Azərbaycan Prezidenti də müşavirədə məhz belə yeni bazarların əldə edilməsinin vacibliyini qeyd etdi".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR