Deputat: “Aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir”

"Son illər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Ölkə başçısının tapşırığı ilə 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icrası Azərbaycanda müasir infrastruktur formalaşdırıb, özəl sektorun inkişafı üçün optimal şərait yaradıb". Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, aparılan uğurlu işlərin nəticəsi olaraq Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf etməyə başlayıb: "Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçımız qeyd etdi ki, qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini verib. Artıq Azərbaycanda qeyri-neft sektorunun  iqtisadiyyatımızda önəmli payı var. Keçən üç ay ərzində ticarət dövrüyyəmizin 15% , ixracın 50% artması,  idxalın 17% azalması və xüsusilə qeyri-neft məhsulların ixracının 10%-dən çox artması Azərbaycan iqtisadiyyatının uğurla inkişafından xəbər verir. Kənd təsərrüfatı məhsullarının ixracının 44 faiz artması, üç ayda 1 milyard dollar vəsait qazanmağımız hamızı çox sevindirir. Artıq Azerbaycan brendi dünyada tanınmaq üzrədir. Azərbaycanda istehsal olunan məhsullar dünya bazarlarında rəqabət qabiliyyətliliyi ilə seçilirlər. İnvestisiyaların və ixracın təşviqi qeyri-neft ixracını stimullaşdırıb və sahibkarlığın inkişafında dövlət dəstəyi ölkədə qeyri-neft sektorunun inkişafına təkan verib".

Millət vəkili bildirib ki, müşavirədə dövlət başçımızın toxunduğu önəmli mövzulardan biri də fəaliyyətimizin əsas istiqamətlərinin daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarət olmasıdır: "Sevindirici haldır ki, aparılan düşünülmüş iqtisadi islahatların nəticəsində daxili tələbatımızın 65%-dən çoxu yerli istehsalla ödənilir. Cənab Prezident qeyd etdi ki, ölkəmizdə əhalinin demoqrafik artımının yüksək olduğunu da nəzərə alsaq, daxili təlabatımızın 100% ödənilməsi üçün daha çox işlər görməliyik. Azərbaycan dövlətinin ölkə iqtisadiyyatının uğurlu inkişafı istiqamətində vaxtında atdığı addımlar artıq reallaşmaq üzrədir. Qanunvericilikdə edilən dəyişikliklər və təsdiq olunmuş Strateji Yol Xəritələrinin uğurlu icrası Azərbaycanı dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsinə çevirəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR