Azərbaycan və Özbəkistan turizm assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb

Özbəkistanda keçirilən "İstirahət dünyası" V Daşkənd Beynəlxalq Turizm Sərgisi başa çatıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin (MTN) tapşırığı ilə sərgidə ölkəmizi Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib. Tədbir çərçivəsində Azərbaycan və Özbəkistanın turizm assosiasiyaları arasında əlaqələrin inkişafına dair əməkdaşlıq memorandumu imzalanıb. Ölkəmiz tərəfdən memorandumu Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Özbəkistan tərəfdən bu ölkənin Turizm Assosiasiyasının rəhbəri Nəbican Kasimov imzalayıblar.

Memorandumda tərəflər qarşılıqlı təcrübə, informasiya mübadiləsi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə turların, turizmin təbliği ilə bağlı birgə tədbirlərin keçirilməsi, bu istiqamətdə qarşılıqlı səfərlərin təşkili, hər iki ölkə arasında sağlamlıq turizminin təşviqi və bu istiqamətdə turist axınının gücləndirilməsinə dəstək göstərilməsi və s. məsələlər nəzərdə tutulub.

İmzalanma mərasimindən sonra AMM-nin hazırladığı bədii proqram təqdim olunub.

AMM-nin direktoru Samir Abbasov bildirib ki, mədəniyyət mərkəzinin son 3 il ərzində Özbəkistanda apardığı geniş təbliğat öz uğurlu nəticəsini verib. O, "Naftalan" sanatoriyalarının rəsmi təmsilçisinin verdiyi məlumata əsaslanaraq bildirib ki, son illərdə Özbəkistandan "Naftalan"a gələn turistlərin sayında əhəmiyyətli dərəcədə artım var.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR