Süni qiymət artımının qarşısını almaq niyə mümkün olmur?

Deputat: "Süni qiymət artımına qarşı mübarizənin səmərəlilik dərəcəsi çox aşağıdır"

Ölkədə həyata keçirilən anti-inhisar tədbirlərinə baxmayaraq süni qiymət artımının qarşısını almaq mümkün olmayıb. Müvafiq üuürmlar tərəfindən aparılan monitorinqlər deməyə əsas verir ki,  baş verən qiymət artımının heç bir iqtisadi əsası yoxdur. Nəticə ondan ibarətdir ki, ölkədə qiymət artımı süni şəkildə baş verir. Məhz bu səbəbdən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev vurğulayıb ki, süni qiymət artımına yol verilməməlidir.

İqtisadiyyat Nazirliyindın bildirilib ki, Atiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hökmran mövqedə olan təsərrüfat subyektləri tərəfindən qiymətlərlə manipulyasiya edilməsi, qiymətlərin gizli üsullarla qaldırılması, məqsədli mal qıtlığı yaradılması və s. yollarla istehlak bazarında qiymətlərin süni artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir: "Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sədrliyi ilə keçirilmış Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının verdiyi tapşırıqların icrası məqsədilə DövlətXidməti istehlak bazarında aparılan monitorinqlərin intensivliyini artırıb, istehlak bazarına nəzarəti daha da gücləndirib".Eyni zamanda, monitorinqlərin nəticələrinin müntəzəm olaraq təhlil olunduğu qeyd edilib:"Qiymətlərdə qeydə alınan dəyişikliklərin səbəbləri araşdırılır, süni qiymət artımına yol verilməsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Bu məqsədlə istehlak bazarında satışda olan malların əsas idxalçıları, istehsalçıları və satışı ilə məşğul olan sahibkarlarla, habelə aidiyyəti dövlət qurumları ilə birgə müzakirələr aparılır və müvafiq tədbirlər həyata keçirilir". Maraqlıdır, inzibati yolla qiymət artımının qarşısını almaq mümkündürmü?

Kəndə təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, bazara məmur müdaxiləsi, inzibati təsirlər yalnız qısa müddətdə, dar bir məkanda mümkündür. Lakin belə müdaxilələr sonda heç bir müsbət nəticə verə bilmir. Mütəxəssisin fikrincə,  belə müdaxilələr bazardakı iki oyunçudan birinin ya istehsalçının və yaxud da, istehlakçının ziyanına yönəlir ki, bu da sonrakı etaplarda belə süni yaradılmış vəziyyətdən müvəqqəti uduş əldə edənin hesabına həmin ziyan kompensasiya olunur: "Alıcıları, satıcıları aldatmaq mümkün olsa da, bazarı aldatmaq mümkün deyil. Elə buna görə də hökumət məmurlarının mütamadi olaraq bazara təsir cəhdləri boşa çıxır.
Uzun müddətdir ki, Azərbaycanda "süni qiymət artımı" ifadəsi hökumət və nazirlər tərəfindən tez-tez işlədilir. Baxmayaraq ki, suni qiymət artımının nə demək olduğu haqda heç bir anlayış yoxdur". V. Məhərrəmov qeyd edib ki, bu gün Azərbaycanda ərzaq mallarının qiyməti digər ölkələrlə müqayisədə 30-40 faiz yüksəkdir, bəzi malların qiymətində isə fərq 2 dəfə çoxdur. Bunun səbəbi isə inhisarçılıqdır, monopoliyadır. Monopoliya idxalda və topdansatış bazarındadır. Ölkədə işgüzar mühit yaransa, inhisarçılıq aradan götürülərsə, bazarlarda qiymətlər optimal həddə düşər: "Prezident İlham Əliyevin 20 oktyabr 2015-ci il sərəncamı ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Amma görünən odur ki, bəzi işbazlar dövlət başçısının humanist addımından öz mənfur məqsədləri üçün istifadə etməyə başlayıblar. Ölkə mətbuatında hər gün tirajlanan xəbərlərdə at-eşşək ətlərinin kolbasa-sosiska istehsalına, dönərxanalara, restoranlara verildiyinə dair məlumatlar yayılmaqdadır. Aidiyyatı qurumlar isə sərəncamdan irəli gələn tələblərdən dolayı yoxlama üçün icazələri olmadığını deyir.Yaranmış vəziyyətdən sui-istifadə hallarını aradan qaldırmaq üçün 2017-ci il martın 17-də Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə mühüm fərman imzalayıb.Fərmana əsasən, dövlət qurumları yalnız müvafiq reyestrdə qeyd aparmaqla, hətta KİV-də dərc olunmuş materiallar əsasında da yoxlamalar apara biləcəklər. Lakin reyestrdə qeyd olunmayan hər hansı bir yoxlamanın hüququ əsası olmayacaq".

Millət vəkili Əli Məsimli deyib ki, topdansatış qiymətləri hər həftə süni surətdə artırılanda, mağazada işlyənlər də əvvəlki qədər mal sata bilmədiyindən ağır duruma düşürlər. Qazananlar isə monopolist və onun möhtəkir qrupu olur. Onun sözlərinə görə, süni qiymət artımının qarşısnın alınması- aidiyyatı orqanların bilavasitə vəzifəsidir: "Bir sıra obyektiv və subyektiv səbəblərdən süni qiymət artımına qarşı mübarizənin səmərəlilik dərəcəsi çox aşağıdır. Qiymətləri süni surətdə qaldıranlar hər faiz qiymət artımına görə ölkə əhalisinin ailə büdcə 300 milyon manat, yekunda hər il 1,5 milyard manatdan çox ziyan vururlar". Millət vəkili hesab edir ki, süni qiymət artımının qarşısnın alınmasının etibarlı yolu idxal etdiyimiz məhsulların mümkün hissəssinin istehsalını, yüksək məhsudarlığa və keyfiyyətə nail olmaq şərtilə Azərbaycanda təşkil etmək lazımdır: "Ölkədə məhsul ishehsalı artımına yüksək səviyyədə nail olmaqdan ötrü sahibkarlıq qarşısında duran bütün maneələr sonacan aradan qaldırılmalıdır". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə deyib ki, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması məsələsi gündəmdədir: "Bu məsələyə yenidən baxılması gözlənilir. Çünki cənab Prezident tərəfindən verilən sərəncamda bütün yoxlamaların 2 illik dayandırılması göstərilib. Mənim aldığım məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qida məsələlərilə bağlı ölkə başçısına müraciət edəcək. Qida sahəsində çox diqqətli olmalıyıq. Yəqin ki, mətbuatda yazılan narahatlıq doğuran məqamlarla bağlı aidiyyatı qurumlar tərəfindən addımlar atılacaq".

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR