FED-in qərarı manatın məzənnəsinə təsir etməyəcək

Pərviz Heydərov: "Yalnız psixoloji təsirlər ola bilıər"

Ötən gün Birləşmiş Ştatların almış olduğu qərar yenidən beynəlxalq maliyyə bazarlarında hərəkətlilik yaradıb. Bu hərəkətlilik Azərbaycanda da müşahidə edilməkdədir. Söhbət ABŞ-ın Federal Ehtiyyat Sisteminin (FED) yenidən baza faiz dərəcəsini artırmasından gedir. Xəbərlərdən də aydın olduğu kimi Birləşmiş Ştatların Federal Ehtiyyat Sistemi baza faiz dərəcəsini artıraraq 1 faizə çatdırıb. Okeanın o tayında atılmış addımın Azərbaycanın maliyyə bazarlarına ciddi şəkildə təsir gstərəcəyi barədə müxtəlif proqnozlar səsləndirilir. Hətta, milli valyutanın yenidən Birləşmiş Ştatlar dollarına nisbətən kəskin şəkildə ucuzlaşacağı təhlükəsindən də danışılır. Ancaq bunun əksini söyləyənlər də var.

İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, Birləşmiş Ştatların Federal Ehtiyyat Sisteminin baza faiz dərəcəsini artıraraq 1 faizə çatdırması manatın məzənnəsinə heç bir halda təsir etməyəcək. Onun sözlərinə görə, ölkəmizin valyuta bazarında yaranmış vəziyyətin real məğzi bundan ibarətdir ki, manatın məzənnəsi xeyli müddətdən sonra sabitləşmişdir: "Bunda isə bir neçə faktor mühüm rol oynayıb və oynayır. Birincisi, xarici təsirlər, yəni neftin qiymətiylə əlaqədar, o cümlədən qonşu ölkələrdə, ümumiyyətlə əsas ticarət tərəfdaşlarımızda devalvasiya proseslərinin səngiməsiylə bağlı təzyiqlər azalmış, ikincisi hökumət bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişmiş, üçüncüsü ölkədə pul-kredit siyasəti olduqca sərtləşdirilmiş, dördüncüsü valyuta alqı-satqısı mexanizminin özü də tamamilə yeni formaya transformasiya edilməklə təkmilləşdirilmiş, beşincisi isə ölkədə dollarizasiya prosesinin özü də ən zirvə nöqtəsinə çatdığından xarici valyutaya tələb minimum səviyyəyə enmişdir". Pərviz Heydərov bildirib ki, indiki halda Federal Ehtiyyat Sisteminin baza faiz dərəcəsini 1 faizə çatdırmasının yalnız psixoloji təsiri ola bilər ki, bu da bu dəfə əvvəlkilərə nisbətən olduqca cüzi xarakter daşıyacaq: "Çünki banklarda dollar çoxdur, manat isə əksinə, "yoxdur". İdxal da əvvəlki həcmdə deyil. Çünki əvvəla, alıcılıq qabiliyyəti əvvəlki həddə deyil, ikincisi də işgüzar fəallıq səmərəlilik endiyindən və risk amilləri çoxaldığından "ölü vəziyyətdədir". Odur ki, manat ucuzlaşmayacaq". İqtisadçı onu da qeyd edib ki, amma bunun yeganə bir mənfi cəhəti də olacaq: "O da bundan ibarətdir ki, neft ucuzlaşa bilər. Neftin 40 dollarədək enməsi isə dövlət gəlirləri onun ixracından asılı olan ölkələrin hamısı üçün təhlükəlidir. Buna isə heç Birləşmiş Ştatların özü də hazır deyil. Ona görə də Canet Yellen xanımın bu qərarı sırf Amerika iqtisadiyyatı üçün hesablanmış bir addımdır. Təkrar edirəm ki, qorxmağa dəyməz".

Pərviz Heydərov onu da diqqətgə çatdırıb ki, əslində FES-in qərarına o qədər fikir vermək də lazım deyil: "Lakin bu, dolların çox da möhkəmlənməsi ilə nəticələnməyəcək. Çünki C.Yellen xanım özü də qeyd etmişdi ki, baza faiz dərəcəsinin sürətli artımı qlobal maliyyyə resesiyasına şərait və zəmin yarada bilər. Adi bir məntiq var. Prezident Donald Tramp Amerikada iş yerlərinin sayını daha

da artırmaq siyasəti yürüdür. Və onun bütün fəaliyyəti məhz bunun üzərində köklənib. Bu isə o deməkdir ki, Birləşmiş Ştatlarda getdikcə daha çox məhsul istehsal olunmalıdır. Çünki iş yerlərinin sayı artmalıdırsa demək, istehsal genişlənməlidir. İstehsal genişlənməlidirsə deməli, ixrac artmalıdır. İxracın artması üçün isə dollar ucuz olmalıdır. İndi soruşuram: FES və onun rəhbəri C.Yellen məşğulluq göstəricisinin yaxşılaşmasına, inflyasiyanın nəzərdə tutulduğu səviyyədə olmasına və mövcud iqtisadi artıma əsasən, baza faiz dərəcəsini görəsən, hansı templə artırmağı düşünür ki, mövud templərə əlavə dəstək olsun?! Çox maraqlı və birmənalı cavab tələb olunan sualdır!..

Yeri gəlmişkən, alman analitiklərindən biri - "Baader Bank"ın nümayəndəsi Robert Halver bu haqda çox gözəl fikir söyləyib: "İqtisadiyyatın getdikcə yüksəlməsi şəraitində dərəcəni artırmaq mümkündür. Ancaq əsas odur, sonra nə baş verəcək? C.Yellenin öz faiz siyasətini davam etdirəcəyinə əmin olmaq olar. Amma bunun yalnız, heç kimə ziyan vurmayacağı şərtilə həyata keçiriləcəyi təqdirdə, uğur gətirəcəyi mümkün olacaq, o baxımdan ki, dolların baş tənzimləyiciləri özləri də dünya borclarının hazırki məbləği müqabilində bu sahədə olduqca ehtiyatlı hərəkət etmək lazım gəldiyini çox yaxşı bilirlər".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR