Azərbaycan-Ukrayna iqtisadi əlaqələri müzakirə edilib

Azərbaycan nümayəndə heyəti Ukraynada səfərdədir. İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmilərlə yanaşı, 40-a yaxın iş adamı daxildir. Bu barədə İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, 
səfərin ilk günü - martın 13-də İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın Baş naziri Vladimir Qroysman ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin tarixi dostluq və qarşılıqlı əməkdaşlığa əsaslandığını, əlaqələrin inkişafında Azərbaycan və Ukrayna dövlət başçılarının siyasi iradəsinin önəmini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan və Ukrayna BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir. Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanmış strateji əməkdaşlıq haqqında bəyannamə bütün sahələrdə, eləcə də iqtisadi sahədə əlaqələrin inkişafına geniş imkanlar açır. Hazırda Azərbaycan və Ukrayna sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, tranzit sahələrində əməkdaşlıq edir. Bununla belə, ölkələrimiz ticarət, maşınqayırma, kimya, metallurgiya, kənd təsərrüfatı məhsullarının emalı və qida sənayesi, əczaçılıq, tikinti materiallarının istehsalı sahələrində əlaqələri genişləndirə, Ukrayna iş adamları Azərbaycanda yaradılan sənaye parkları və aqroparklarla əməkdaşlıq edə bilər. Görüşdə həmçinin, Azərbaycanın böyük tranzit potensialı qeyd edilərək, bu sahədə əlaqələrin genişləndirilməsi imkanları diqqətə çatdırılıb. Şahin Mustafayev bildirib ki, ölkəmiz Ukraynada Azərbaycan Ticarət Evinin yaradılmasında maraqlıdır və səfər çərçivəsində Ukraynanın aidiyyəti qurumları ilə bu sahədə də danışıqlar aparılacaq.
Ukraynanın Azərbaycanla əlaqələrə önəm verdiyini və ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirən Ukraynanın Baş naziri Vladimir Qroysman ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Görüşdə Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR